Tehranda “Qarabağ bizimdir, bizim olacaq” hayqırtıları

Mayın 8-də Təbrizin “Traktor” futbol komandası əzəli rəqibi olan Tehranın “İstiqlal” komandası ilə qarşılaşıb.
Tehranın Azadi stadionunda baş tutan qarşıdurma Azərbaycan komandasının qələbəsi ilə başa çatıb. İran futbol klublarının superliqası çərçivəsində keçirilən oyun “Traktor”un 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Traktor” tərəfindən Aqusto Sezar 22, Sruş Rəfii 42 və Alviz Nanq 79-cu dəqiqədə, “İstiqlal” tərəfindən isə Əmin Hacı Məhəmmədi 13 və Səccad Şəhbazzadə 48-ci dəqiqədə qol vurublar. Bundan sonra Təbriz komandası ən prinsipial rəqibini məğlub edərək onun superliqa yarışlarında çempionluq şansını minimuma endirib. “Traxtur” isə hazırda 48 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alır.
Oyundan sonra isə Təbriz komandasının coşqulu azərkeşləri Tehran stadionunu tərk edərkən “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Qarabağ bizimdir, bizim olacaq!” hayqırtıları ilə Türk-Azərbaycan düşmənlərinə meydan oxuyublar. Güneylilər bununla Şuşanı işğalda saxlayan ermənilərə və onların havadarlarına Qarabağ məsələsində Quzey Azərbaycanın yanında olduqları mesajını veriblər.