​Teatrşünas etiraz etdi: “Ana teatrımız qalmaqal meydanına çevrilib” – MÜSAHİBƏ

 
Fuad Poladovun Akademik Milli Dram Teatrını tərk etməsi neçə gündür manşetlərdən düşmür. Xalqın sevimli aktyorunun öz doğma teatrından ayrılması həm teatr cameəsi, həm də tamaşaçılar üçün böyük zərbə hesab olunur.
 
Akademik Milli Dram Teatrında baş verənlərlə bağlı Teleqraf.com-un suallarını əməkdar incəsənət xadimi, teatrşünas Məryəm Əlizadə cavablandırıb.
 
-Məryəm xanım, bildiyim qədər siz Fuad müəllimlə bir kursda oxumusunuz, dostsunuz. Bir dost və bir teatrşünas kimi Fuad Poladovun gənc aktyor Hikmət Rəhimovun müdafiəsinə qalxaraq, teatrı tərk etməsinə reaksiyanız necə oldu?
 
-O uşaqlıqda özünü bu peşəyə həsr etmiş məktəbli idi, bizsə onu televiziya ekranlarından görürdük. Sonra mən instituta daxil oldum və Fuadla bir kursda oxudum. Əvvəl bu tələbəlik dostluğu oldu, sonra isə ömürlük dostluğa çevrildi. Böyük səslənməsin, mən elə birinci kursdan Fuadı vətəndaş mövqeyi olan bir insan kimi tanıyıram. Fuad həmişə ədalətli olub. Hər hansı konfliktli situasiya yarananda Fuad hər zaman ədalətli mövqe tutardı və azərbaycanlı kişisinin mərdliyini ortaya qoyardı. O zaman da Fuad tək qalmaqdan qorxmazdı. O özünün inandığı həqiqəti həmişə müdafiə edib.
 
Fuad səhnədə yaratdığı hər obraza öz şəxsiyyətindən çox şeylər əlavə edir. Mən elə hesab edirəm ki, dil baryeri olmasa, Fuad dünyanın istənilən teatrında işləyə bilər və gözəl işlər ortalığa qoyar. Çünki o, yüksək səviyyəli, professional aktyordur. Fuad aktyor sənətini öz şəxsiyyəti, ləyaqəti ilə çox böyük ehtirama, hörmətə qaldırdı. Onun sənətinə olan münasibəti budur. Birinci kursdan tanıdığım Fuad bu günə qədər də o adamdır və nə yaxşı ki, Fuad indi də o adamdır.
 
Hesab edirəm ki, hər insanda aydın vətəndaş mövqeyi olmalıdır. Sex həmrəyliyi deyilən bir anlayış var. Bir neçə gün öncə Moskvada Rusiyanın Teatr Xadimləri İttifaqının qurultayı keçirildi. Qurultayda aktyor Konstantin Raykin tənqidi çıxış elədi və dedi ki, Rusiya teatr prosesindən xəbərdaram, amma dərindən yox. O qurultayda sex həmrəyliyindən danışırdı. Sex həmrəyliyi nə deməkdir? Bu gün mənim başıma bir iş gələrsə, mənim sənət yoldaşlarım öz vətəndaş mövqeyini ortalığa qoymalıdır. Bilirsiniz, susmaqla biz problemi daha da dərinləşdirmiş oluruq. Fuad müəllim də öz sexində yəni teatr icmasında baş verən hadisələrə anındaca münasibətini bildirir və vətəndaş mövqeyini açıqlayır.
 
Mən Fuadın gənclərə, gənc istedadlara olan bu münasibətini alqışlayıram. Çünki özüm də müəlliməyəm, əsas məqsədim gənc istedadları qorumaq, bacardığım qədər onlara kömək etməkdir. Fuad da gənclərin arxasında durmağı bacaran adamdır. Mən bütün teatr icmasını, xadimlərini gənclərə yol açmağa səsləyirəm. Çünki nəsil dəyişikliyi gedir. Gəlin gəncləri qoruyaq. Gənclər səhv edə bilərlər. Amma biz yaşlıyıq və onları bağışlamağı bacarmalıyıq.
 
Fuad Azərbaycan xalqının milli səvəti olan sənətkardır. Onun səviyyəsində aktyorun yetişməsi üçün yarım əsr lazımdır. Hesab edirəm ki, belə adamın Akademik Milli Dram Teatrını tərk etməsi Azərbaycan teatrı üçün böyük itkidir. Fuad kimi sənətkar milli teatrın səhnəsinə çıxmalıdır. O, mənim gözəl Azərbaycan dilimi səhnədən bir də təbliğ etməlidir. Buna çox böyük ehtiyac var. Həyatı elə gətirdi ki, Fuad iki dəfə teatrı tərk etdi. İlk dəfə 1989-cu ildə olmuşdu bu. İllər keçəndən sonra yenə öz etirazını bildirdi və özündə o gücü taparaq, öz mövqeyini ortalığa qoymaqdan çəkinmədi. Cəmiyyətə belə insanlar çox lazımdır, belə insanlar barmaqla sayılacaq qədərdir. Onlar bulanıq suları durultmaq üçün yaranıb.
 
-Məryəm xanım, hadisənin təfərrüatları barədə məlumatınız varmı?
 
-Xeyr, hadisənin necə baş verdiyini bilmirəm. Amma bildiyim odur ki, Fuad yanlış iş tutan adam deyil. Əgər bu qərarı veribsə, deməli, güclü motivləri var. Arzu edirəm ki, motivlər aradan götürülsün və Fuad öz doğma teatrına qayıtsın. Biz teatr cameəsi, bütünlüklə Azərbaycan tamaşaçısı onun gedişinə etiraz edək. Onu gedişi adi hal kimi qəbul edilməməlidir.
 
-Belə başa düşdüm ki, siz teatr cəmiyyətinin Fuad Poladovu teatra qaytarmaq üçün addım atmalı olduğu düşüncəsindəsiniz.
 
-Əlbəttə. Bu, Azərbaycan xalqının fikridir. Həm də mənim şəxsi fikrimdir. Bu adam elə-belə aktyor deyil axı. O, xalqının milli sərvəti olan aktyordur. Biz buna biganə yanaşmamalıyıq. Mən öz adımdan deyirəm ki, bizim teatr xadimləri - başda Azər Paşa Nemət olmaqla - çalışmalıyıq ki, böyük aktyorumuz öz doğma, ana teatrına qayıtsın.
 
-Fuad müəllim çox prinsipial adamdır. Sizcə, onu fikrindən nə döndərə bilər?
 
-Fuad müəllimin adından danışa bilmərəm. Bu, mənim arzumdur ki, teatr xadimlərimiz onu teatra çağırsınlar. O, öz doğma evinə qayıtmalıdır, narahatlıq yaradan hansı məsələ olubsa, o da öz həllini tapmalıdır. Mən belə bir çağırış mətni istəyirəm.
 
-Uzun müddətdir Akademik Milli Dram Teatrı çox xoşagəlməz hadisələrlə mətbuatda yer alır. Bu, bir teatr adamı kimi sizi narahat edirmi? Əslində, orda nələr baş verir?
 
-Bu məsələ məni çox narahat edir. Axı Akademik Milli Dram teatrı bizim bir nömrəli, ana teatrımızdır. Onu bu vəziyyətdə görmək mənim üçün ağırdır.
 
İsrafil İsrafilov altı ilə yaxın ora rəhbərlik edib. Bu altı ili analiz etsək, onun atdığı yaxşı addımlarını sadalasaq, müəyyən nəticələr çıxarmaq olar. Gördüyü işlər hər il Mədəniyyət və Turizm Nazirliyinə verilən illik hesabatda öz əksini tapıb. Bilirsiniz ki, ölkə başçısı Azərbaycan teatrlarının Avropa məkanına inteqrasiyası ilə bağlı sərəncam imzalamışdı. Bu, çox gərəkli idi. Çünki bu gün dünyada sərhədlər aradan götürülür. Azərbaycan teatrı da dünya teatrının bir parçasına çevrilmək üçün inteqrasiya etməlidir. İsrafil müəllim bu işə girişdi. O qapıları açdı və gənclərə dedi ki, gəlin, meydanda qalmaq artıq sizin öz öhdənizdədir. Kim o tarixi sınaqdan üzüağ çıxacaq, o da meydanda qalacaq.
 
Amma çox təəssüf ki, bizim bir nömrəli ana teatrımız qalmaqal meydançasına çevrilib. Bu gün ora qan çanağıdır. Bu teatrdan nə istəyirlər, bilmirəm. Bu qalmaqalların yaranmasını istəyən kimdi, bilmirəm. Biz bu suallara aydınlıq gətirməliyik. Teatr yaradıcı proseslə məşğul olmalıdır. Doğrudur, teatrda mübahisələr, aktyorlar arasında fikir ayrılığı, lap incikliklər də ola bilər, amma bütün bunlar yaradıcılıq rəqabəti müstəvisində getməlidir. Axı nə qədər Akademik Milli Dram Teatrına çirkab atmaq olar? Mən buna etirazımı bildirirəm və hesab edirəm ki, bunlara son qoyulmalıdır.
 
-Məryəm xanım, İsrafil İsrafilovdan sonra teatra Azərpaşa Nemət rəhbərlik etməyə başladı. Amma qalmaqallar yenə də bitmədi.
 
-Azərpaşa müəllim bizim görkəmli rejissorumuzdur, işinin ustasıdır. O, hələ bir ildir ki, orda işləyir. Amma mən inanıram ki, bu naqisliklərə qarşı çox obyektiv, qərarlı mövqe tutacaq, lazımi işlər görəcək.