Təcili yardım xidməti pullu olacaq? - NAZİRLİKDƏN AÇIQLAMA - YENİLƏNİB

Təcili yardıma aid olmayan çağırışların araşdırılması və bu çağırışları verən şəxslər barəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutularsa, bu, təcili tibbi yardıma aid olmayan çağırışların qarşısının alınmasına yardım edilmiş olar
 
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Nazirlikdən bildirilib ki, əhaliyə göstərilən Təcili və Təxirəsalınmaz Tibbi Yardım dövlət tərəfindən maliyyələşdiyindən vətəndaşlar bu xidmətdən ödənişsiz istifadə edirlər və edəcəklər. 2015-ci il ərzində təcili yardıma daxil olan çağırışlar araşdırılarkən hər bir çağırışa 100 manatdan artıq maliyyə vəsaitinin sərf olunduğu təsbit olunub:
 
"Lakin bəzən təcili yardıma ehtiyacın olunmadığı hallarda 103 xidmətinə müraciət edən vətəndaşlar da olur. Onlar daha ağır vəziyyətdə və həqiqətən təcili tibbi yardıma ehtiyacı olan xəstələrə ilkin tibbi yardımın gecikməsinə səbəb olurlar. Sakinlər tərəfindən zəng edilərək Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə aid olmayan suallar verilir (ünvanlar, müəssisələrin telefon nömrələri, saat soruşulur), yalançı çağırışlar, bir gün ərzində eyni şəxsin adına bir neçə dəfə əsassız çağırışlar verilir. Bu da təcili yardımın işinə ciddi maneələr törədir. Ünvanlarda həkim və orta tibb işçilərinə təzyiqlər edərək öz diktələrinin icra etmələrini tələb edirlər. Bəzən elə vəziyyət yaranır ki, polis orqanlarından kömək istəməyə məcbur oluruq".
 
-------------
 
13:22
 
Təcili yardımların ödənişli olması bu gün Səhiyyə Nazirliyinin gündəmində dayanan məsələ deyil, lakin hərdən təcili yardıma aid olmayan çağırışlar edilir.
 
Turaninfo.az Milli.Az istinadən bildirir ki, bunu Trend-ə səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
 
Nazir müavini bildirib ki, bu cür çağırışlar dövlətə maliyyə vəsaitinə başa gəlir: "Kimisi təzyiqini və yaxud da temperaturunu ölçdürmək üçün təcili yardım çağırır. Bu, doğru deyil. Ancaq təcili yardımın ödənişli olması Səhiyyə Nazirliyi qarşısında dayanan məsələ deyil, dövlət səhiyyə xidməti pulsuzdur".
 
Nazir müavini bildirib ki, tibbi sığortaya keçiddən sonra tibb müəssisələrinin, təcili yardımın da haradasa müəyyən hissəsinin gələcəkdə pullu olması mümkün ola bilər, ancaq bu, bu günün mövzusu deyil.