TƏCİLİ: Hakimiyyətdən müxalifətlə bağlı yeni gediş - ÖZƏL

Hakimiyyətdən müxalifətlə bağlı yeni gediş Razi Nurullayev, Qubad İbadoğlu və Ruslan İzzətli vəzifə ala bilərlər, Hafiz Hacıyevi isə növbəti parlamentdə mandatla təmin edəcəklər.
Azərbaycan hakimiyyəti Qərblə münasibətlərdə bir sıra dəyişiklik etmək məcburiyyətində qalıb. Politika.Az xəbər verir ki, rəsmi Bakının ABŞ və Avropa Birliyi ilə münasibətlərini tənzimləməsindən sonra bəzi tələblərin yerinə yetirilməsi vacib sayılıb. Bu tələblər sırasında bəzi məmurların işdən çıxarılması nəzərdə tutulmaqla yanaşı, müxalifət düşərgəsinə də proporsiya ayrılması qərarlaşdırılıb.

Məlumatlı mənbələrin sözlərinə görə, hakimiyyət AXCP və Müsavata yer verməmək üçün özünə yaxın olan müxalifətçiləri önə çəkməyi planlaşdırır. Onlardan biri tanınmış iqtisadçı, ADR-in sədri Qubad İbadoğludur. Politika.Az-a verilən məlumata görə, hakimiyyət İbadoğluna vəzifə verməyi qərarlaşdırıb. Onun İqtisadiyyat və Sənaye nazirinin müavini olacağı gözlənilir. İddia edilir ki, bu təklif hələ xeyli əvvəl də ona edilibmiş. Lakin naməlum səbəblərdən ADR sədri həmin təklifləri qəbul etməyib.

Politika.Az bildirir ki, vəzifə sahibi olacaq «müxalifət»çilərdən biri də Ruslan İzzətlidir. «D-18» adlı təşkilatın sədrinin siyasət arenasında çoxdan olmasına rəğmən, hələ də piyada qaldığı sirr deyil. Onun təcrübəsiz və emosional biri olması, habelə bağlantılarının sağlam olmaması səbəbindən çıxdaş edildiyinə dair bilgilər var. Lakin hakimiyyət indiki məqamda onun da xidmətinə zərurət duyub və İzzətliyə yaxın vaxtlar üçün kiçik də olsa, vəzifə veriləcəyi gözlənilir.

AXCP adına iddia edən Razi Nurullayev isə parlamentə salınacaq. Bunun üçün onun 2020-ci ilə qədər gözləməsi nəzərdə tutulub. Paralel olaraq həmin müddətdə Milli Məclisdə mandat sahibi olacaqlardan biri də Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev olacaq.

Mənbə bildirir ki, hakimiyyət müxalifət düşərgəsində olan adamlarını da dolayı yollarla vəzifə başına çəkməyi planlaşdırır. Bu da Qərb qarşısında müxalifətlə hakimiyyəti paylaşmaq görüntüsü yaratmaq üçün nəzərdə tutulub.