​Tarixin ən qorxunc elmi təcrübələri – Video

 
Tarixin müxtəlif dövrlərində bir çox dövlətlər, universitetlər, həbsxanalar və fərdlər insanlar üzərində sosial təcrübələr aparıb.
 
Axar.az xəbər verir ki, bu təcrübələrin çoxu insan ölümünə və xəstəliklərinə səbəb olub.
 
Məsələn, Stenford həbsxanası adlandırılan sosial təcrübə uzun illər cəmiyyətdən gizli saxlanılıb. Bu təcrübə insan azadlığının məhdudlaşdırıldığı şəraitdə insan psixologiyasının reaksiyaları üzərinə qurulmuşdu.
 
Sözügedən təcrübə 1971-ci ildə aparılıb. Stenford tələbələri bir araya yığılıb və onlar arasında məhkum və polis rolları bölüşdürülüb.
 
Bir müddət sonra məhkum rolunda olan tələbələrlə nəzarətçi polis məzunlar arasında ciddi qarşıdurmalar və davalar başlayıb.
 
Təcrübə o qədər ağır davam edib ki, yarımçıq saxlanılıb və tələbələrin çoxu istər fiziki, istərsə də mənəvi travma alıb.
 
4.1 saylı layihə
 
Bu ad altında aparılmış tibbi təcrübə Marşall adalarının sakinləri ilə sınaqdan keçirilib. 1954-cü ilin martın 1-də atom partlayışı nəticəsində alınmış radiasiyanın nəticələrini insanlar üzərində müşahidə etmək üçün amerikalılar belə dəhşətli təcrübəyə əl atıblar.
 
Təcrübədən sonrakı ilk 5 ildə uşaqsalma və ölü doğulma halları həmişəkindən 2 dəfə artmışdı. Sağ qalanların əksəriyyəti xərçəng xəstəliyinə tutuldu.
 
731-ci dəstə
 
Ötən əsrin 30-40-cı illərində Yaponiya ordusu Çin ərazisində “731-ci dəstə” adı altında bioloji silah sahəsində və bakterioloji müharibə zamanına hazırlıq üzrə tədqiqatlar aparırdı.
 
Eksperiment 200 min qaçırılmış, əsir düşmüş insan üzərində aparılırdı. Bununla bərabər, insan bədəninin davamlılıq həddi – qaynar suya, quraqlığa, qidasız, susuz qalmaya, donmaya və elektrikə qarşı davamlığı sonradan onun viviseksiya, yəni bədəninin yarılması ilə öyrənilirdi.
 
Təcrübə altında olanları barokameralarda gözləri pırtlayıb çıxanacan saxlayırmışlar. Qurbanlar dəstəyə düşürdüsə, bütün ailəsi ilə bərabər təcrübənin bütün ağırlığını yaşamalı olurdu. Eksprimentçilər Çin şəhərlərində yatalaq, taun kimi xəstəliklərlə yoluxmuş gənələri artırıb sonra buraxırmış. Su mənbələrini isə vəba vibrionları ilə «zənginləşdirirmiş».
 
Dəstənin əməkdaşları 3 mindən artıq, bəziləri isə hətta 10 min adamın iştirakını etiraf edib. ABŞ uzun illər Yaponiyaya bu faktları gizləməkdə köməklik edib.
 
MK Ultra layihəsi
 
“MK Ultra” ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin gizli proqramının məxfi layihəsinin kod adıdır. Layihənin məqsədi şüurun idarə edilmə vasitələrini, agentlərin ələ alınması və dindirmələr zamanı informasiya çıxarmaqda psixotron kimyəvi vasitələrin insana təsirinin nəticələrini öyrənmək idi.
 
Proqram 1950-ci illərin əvvəlindən 60-ı illərin sonuna kimi açıq, sonra isə gizli həyata keçirilib.
 
Mərkəzi Kəşfiyyat İdarəsi bilərəkdən 1973-cü ildə MK-Ultra layihəsinin əsas fayllarını məhv etdi. Bu da 1975-ci ildə Amerika Konqresinə təcrübənin fəaliyyətini öyrənmək işində əngəl yaratdı.
 
Təcrübə altında olanlara kimyəvi maddə yeridilir və elektrik cərəyanı vasitəsilə komatoz vəziyyətə çatdırılandan sonra maqnit lentini dinləməyə məcbur edilirdi. Səs yazısında sadə komandalar dəfələrlə təkrar edilirdi. Məqsəd yaddaşın tam pozulması üsullarını kəşf etmək və şəxsiyyətin tam dəyişdirilməsi məsələsində irəliləyiş əldə etmək idi.
 
Təcrübə Allan Memorial İnstitutunda nevroz, doğuşdan sonrakı depressiya kimi şikayəti olan şəxslər üzərində aparılırdı.
 
Daha ətraflı videoda: