Tarixi açıqca: “Nemes işğalçılarına ölüm!” – Foto

Baxış sayı: 
163
0  
0  

 
Bu yaxınlarda ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun təsviri olan bir poçt açıqcasına rast gəldim. 1942-ci ildə hələ müharibənin ikinci ilində hazırlanmış bu açıqcada İsrafil Məmmədov azərbaycanlı əsgərlərə örnək göstərilib. Çünki həmin vaxt o göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
 
Hazırlanmış təbliğat açıqcasında İsrafil Məmmədov əlində avtomat, qış hərbi geyimində təsvir edilib. Arxa fonda isə Azərbaycan xalq qəhrəmanı Koroğlunun təsviri verilib. Bunun əsas səbəbi təbliğatçıların II Dünya müharibəsinin xalqın müharibəsi olduğunu insanlara aşılamaqdırsa, ikinci səbəbi, bəlkə də, həmin dövrlərdə məşhur “Koroğlu” operasına görə bu mövzuya olan maraqdır.
 
Açıqcanın mətni həm Azərbaycan, həm də rus dilindədir. Yuxarı qismdə “Nemes işğalçılarına ölüm” şüarı yazılıb. Aşağıda isə belə cümlə qeyd olunub:
 
“Əzizlərim! Mən Azərbaycan xalqının oğlu İsrafil Məmmədov kimi vuruşacağam!”
 
İ.Məmmədov 1919-cu ildə Şəmkirdə doğulub. Uşaqlığı Gəncə şəhərində keçib. 1939-cu ildə Sovet Ordusu sıralarına göndərilib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1941-ci il 11 dekabr tarixli Fərmanı ilə ona Sovet İttifaqı Qəhrəmanı adı verilib. Buna səbəb onun Novqorodun Pustınka kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə 70-dən artıq alman faşistini öldürərək kəndi qoruması olub.
 
Qəhrəman adı alması şərəfinə Gəncə şəhərində mitinq keçirilib, xalq şairi Səməd Vurğun gəncəlilərin qarşısında çıxış edib.
 
1946-cı il mayın 1-də Yalta hospitalında vəfat edib. Cənazəsi xüsusi təyyarə ilə Gəncəyə gətirilib, indiki Xan bağında torpağa tapşırılıb.

Загрузка...
Загрузка...