​Tarixçi alim Dilavər Əzimli Dövlət Məmmədova ETİRAZ etdi: “Ağılına gələni yazıb”

 
“Yəqin ki, Dövlət Məmmədov Gədəbəylə bağlı həmin materialı ermənilər tərəfindən dəyişdirilən Gürcüstanın arxivlərindən tapıb yazıb”.
Bunu Publika.az-a açıqlamasında tarixçi alim Dilavər Əzimli bildirib.
D.Əzimli Dövlət Məmmədovun iddialarını rədd etdiyini deyib:
“O, ağılına gələni yazıb. Yəqin ki, hansısa rus-gürcü kitabını köçürüb. Mənə də zəng edib, mənbə istəyir. Dövlət Məmmədov deyir ki, guya Axundov adına Milli Kitabxanada mənbəsi var və sairə. Ancaq bununla bağlı Axundov adına Milli Kitabxanada mənbə ola bilməz. Gürcüstanın arxivlərində müəyyən sənədlər var ki, onlara ermənilər müdaxilə edərək, dəyişdiriblər. Yəqin ki, Dövlət Məmmədov da həmin materialları haradasa görüb, yazıb”.
Tarix İnstitutunun rəsmisi qeyd edib ki, Dövlət Məmmədovun Gədəbəylə bağlı işlətdiyi “İran” və “erməni” ifadələri tamamilə yanlışdır:
“Bu adam artıq anlamalıdır ki, Azərbaycanın müstəqil tarixşünaslığı mövcuddur. Azərbaycan tarixşünaslığı AMEA-nın Tarix İnstitutudur. Bu institut Azərbaycanın dövlət xəttini tutaraq, mənbələrdə necə varsa, elə də materialları özündə saxlayır.
O dövrdə İran sözü işlənməyib. Bunu tarixi faktlar da sübut edir. Dövlət Məmmədov isə “İran şahı” sözünü işlədir.
Onun ikinci böyük səhvi isə “erməni” sözünü işlətməsidir. Adama başa salan lazımdır ki, erməni ayrı, alban ayrıdır. Dövlət Məmmədov bu cür fikirlərlə erməni dəyirmanına su tökür. Adamın nə ixtisası tarixçi deyil, nə də bu sahədə təcrübəsi yoxdur. Ağılına gələni danışır. İnanın, bəzən AMEA-nın Tarix İnstitutuna elə adamlar gəlir ki, adam görüb təəccüblənir. Gəlib tarixdən kitab yazmaq istəyirlər. Soruşursan ki, siz kimsiniz, ixtisasınız nədir? Deyir ki, həkim-psixoloq. Deyirəm ki, gedin həkimliyinizlə məşğul olun. Bu şəxs də onlardandı”.

Загрузка...
Загрузка...