“TARİF ŞURASININ VERDİYİ QƏRAR DƏRHAL DAYANDIRILMALIDIR” – SƏRDAR CƏLALOĞLU

“Nazirlər Kabineti tam tərkibdə istefa verməli, ölkəni bu vəziyyətə gətirib çıxardan adamlar məhkəmə məsuliyyətinə cəlb olunmalıdır”
Tarif Şurasının təbii qazın və elektirk enerjisinin qiymətlərinin qaldırılması ilə bağlı qərarına ictimaiyyət birmənalı olaraq etiraz edir. Çünki, ekspertlər də təsdiq edir ki, bu qərardan sonra ölkədə bahalaşma dalğası daha da sürətlənəcək. Yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilən Azərbaycanda hansı arqumentlərlə təbii qazın və elektrik enerjisinin qiyməti qaldırılır, anlamaq olmur. Görünür, dövlət büdcəsinin boşalması məmurları narahat edir və büdcəni sadə vətəndaşın hesabına doldurmaq istəyirlər.
Gömrük idxal rüsumlarının qaldırılması, sahibkarlar üçün 101 milyon manat cərimə proqnozu, hökumətin vətəndaşları narahat edən qərarları olsa da, mövcud rejim vətəndaşlara təzyiq göstərməkdə davam edir.
Tarif Şurasının bu qərarından sonra metronun qiymətinin qalacağı da istisna deyil. Həmçinin, bu qərar demək olar ki, bütün sahələrdə məhsul və xidmətlərin bahalaşmasına xidmət edir. Bu da əhalinin onsuz da pis olan durumunu daha da gərginləşdirəcək. Ölkədə intiharların sayı daha da artacaq. İndiyədək Azərbaycan kimi kiçik bir ölkədə elə gün olur ki, 3 nəfər intihar edir. Bunu psixoloqlar da qeyd edir ki, Azərbaycanda intiharların əsas səbəbi sosial ədalətsizlikdir.
Artıq ölkə sosial bir burulğana düşüb. Manatın hər gün dəyər itirməsi fonunda, işləyən əhali üçün verilən əməkhaqqının müqabilində, bu qərarların qəbulu ölkə vətəndaşlarını səfalətə sürükləyir desək, yanılmarıq. Hələ işsiz insanların necə yaşamasından danışmağa dəyməz. Təsadüfi deyil ki, məhz bu səbəblərdən dolayı ölkədə dilənçilər də artıb.
Hökumət vətəndaşa zülm etməklə, qarşısına qoyduğu məqsədi dayandırsa, daha məqbul olar. Çünki, bu, iqtidara da heç də yaxşı nəsə vəd etmir.
Mövzu ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) rəhbəri Sərdar Cəlaloğlu Hurriyyet.org-a bildirib ki,1993-cü ildən bu tərəfə ölkədə yanlış iqtisadi siyasət aparılıb: “Birinci, özəlləşdirmə yanlış həyata keçirilib. Ikinci, neft müqavilələri imzalandıqdan sonra ölkədə “Holland sindromu”na uğun bir siyasət həyata keçirilib. Yəni ölkənin iqtisadiyyatı neft xammalı üzərində qurulub. Ölkədə sovet hökumətinn vaxtından mövcud olan minlərlə zavod, fabrik özəlləşdirilib. Bir çox adam tərəfindən o zavod, fabriklər dağıdılıb, satılıb, yerində villalar, otellər tikilib. Ekspertlərin hesabladığına görə, 60 milyard dollar dəyərində olan zavod və fabriklər bu iqtidarın dövründə demək olar ki, 1 manat dəyərində belə qalmayıb.
Ermənistan bizdən fərqli olaraq Sovet dövründəki iqtisadiyyatı saxladığına görə, adambaşına düşən gəlirə görə, Azərbaycandan irəlidədir. Azərbaycanda isə demək olar ki, məhsul istehsalı sıfra yaxındır. Həm ölkədə neftə dayanıqlı siyasətin aparılması, həm yanlış özəlləşmə, həm də aşkar şəkildə korrupsiyanın dövlət siyasəti səviyyəsinə qaldırılması, neftdən gələn gəlirlərin oğurlanması ona gətirib çıxardı ki, Azərbaycanda total iqtisadi böhran vəziyyəti yarandı. Bu gün neftdən gələn gəlirlər azalıb. Bunun bir çox səbəbi var. Birincisi, nefin qiyməti aşağı düşüb. İkincisi, hasilat aşağı düşüb. Üçüncüsü, Azərbaycan neftinin alıcısı azalıb. Dünyada baş verən proseslər vəziyyəti getdikcə ağırılaşdıracaq. Böhran getdikcə dərinləşir. Bu, Azərbaycan kimi yanlış iqtisadi-siyasət aparan ölkələri daha da sürətlə uçuruma doğru aparır”.
S.Cəlaloğlu hesab edir ki, belə bir vəziyyətdə Azərbaycan iqtidarı ölkədə yaranmış iqtisadi böhrandan çıxmaq əvəzinə, böhranın bütün ağırlıqlarını sadə vətəndaşın ciyninə qoymaq istiqaməti alıb: “Bir tərəfdən Azərbaycan manatı “üzən məzənnə”yə keçirilib. Digər tərəfdən Azərbaycanda indeksasiya siyasəti aparılmır. Dövlət əməkhaqqının qaldırılmasını istəmir. Cərimələr artırılır. Enerji resurslarının qiyməti artırılır. Bazarda monopolistlərin hesabına süni qiymət artımı var. Hökumət vətəndaşlara qarşı fiskal təzyiqi artımaqda davam edir. Bu da ölkədə onsuz da ağır vəziyyətdə yaşayan əhalinin böyük çoxluğunu dilənçi səviyyəsinə gətirir. Orta yaşayan əhalinin isə böyük sürətlə yoxsullaşmasına gətirib çıxarır. Hansı ki, bu Azərbycanda çox təhlükəli sosial siyasi böhrana gətirb çıxara bilər. İqtidarın siyasəti səhvdir, bu addımlar yanlışdır. Bu addımlar Azərbaycanı uçuruma aprır.
Çox təəssüf ki, bizim bəyanatlarımız, hökumətə müraciətlərimiz heç bir fayda vermir. Hökumət bu böhranın qarşısısnı almaq üçün heç bir təsəvvürə, siyasi iradəyə malik deyil. Bu adamlar ki, ölkəni bu vəziyyətə gətirib çxardıb, bunlarla ölkəni bu vəziyyədən çıxartmaq mümkün deyil. Birinci dərəcəli Nazirlər Kabineti tam tərkibdə istefa verməlidir. Ölkəni bu vəziyyətə gətirib çıxardan adamlar məhkəmə məsuliyyətinə cəlb olunmalıdr”.
S. Cəlaloğlunin fikrincə, hazırda dövlət büdcəsindən oğurluq edən 20-30 adam var ki, onların hər biri Azərbaycan xaqını indiki vəziyyətdə 1 il saxlaya bilər: “Prezident istəyirsə ölkədə sabitlik olsun, bu məmurların hər birinə deməldir ki, oğurladığınız 20-30 milyardın 10 milyardını dövlət büdcəsinə verin. Onsuz da bu qiymətləri qaldırsalar da vətəndaşlar bu ödənişləri ödəyə bilməyəcəklər. Çünki minimum əməkhaqqı aillərin çörəyini belə təmin etmir. Qazın, işığın qiymətinin qaldırılması o deməkdir ki, qışın bu soyuq vaxtında ölkə əhalisinin əksəriyyətini ölümə təhrik edirlər. Bu, xalqa qarşı genosid siysətidir. Bunun başqa adı yoxdur. Bu, milli səviyyədə həyata keçirilən iqtisadi terrordur. Çünki hökumət bir tərəfdən vətəndaşlara iş yeri vermir, digər təfəfdən işləyənlərin əməkhaqqı istehlak zənbilindən 10 dəfə aşağıdır, üşüncüsü isə əlində olan bütün fiskal təzyiqləri artırır. Belə bir vəziyyətdə ya vətəndaşlar məhv olmalıdır, ya da ki, ölkədə qırğın gedəcək, sabitlik pozulacaq. Ona görə də düşünürəm ki, bu tam yanlış qərardır. Bu qərar dərhal dayandırılmalıdr. Ölkədə yaranmış iqtisadi böhranın ağırlığı oğurluq edən oliqarxların üzərinə salınamalıdır. Bir neçə adam var ki, 20 il Azərbaycanı bu vəziyyətdə saxlaya bilər. İlham Əliyev dövlət büdcəsindən oğulanmış pulları düşünməlidir. Məsələn, Beynəlxalq Bankdan 10 milyrad pul oğulanıb. O pulu qaytarmırlar. Guya ki, kimsə 5 il iş kəsməklə nəyi həll edəcəksən? Bu günə qədər iqtisadi cinayətkarlıq sahəsində məhkəmə işləri ilə bağlı bir dəfə də olsun dövlət büdcəsinə pul qaytarılmayıb. Vaxtilə Milli Bankdan 4 kamaz pul çıxardıblar. Bir nəfər qadına həmin işə görə 9 il iş veriblər. 4 kamaz pul bilirsiniz neçə milyard deməkdir? Yaxud bir neçə il bundan əvvəl dövlət büdcəsindən 500 milyon dolların yox olması ilə bağlı Milli Məclisdə məsələ ortılığa çıxdı, nə baş nazir, nə maliyyə naziri hesabat verə bilmədi ki, 500 milyon dollar hara gedib. Yəni faktiki olarq bu məbləğ büdcədən oğurlanıb. Amma nə prokurorluq cinayət işi qaldırıb, nə də o pulun geri qayıtması ilə bağlı tədbirlər görüldü”. ADP rəhbəri diqqətə çatdırdı ki, son günlər MTN və Rabitə Nazirliyinin korrupsiya cinayətləri ilə bağlı faktlar gündəmdən düşmür: “Burada milyardlarla korrupsiyadan söhbət gedir. İstintaq gedir. Hələ bu günə kimi qərar çıxarılmayıb ki, dövlət büdcəsindən oğulanan pullar dövlətə qaytarılsın. Bu adamların nə villaları əllərindən alınıb, nə də biznesləri dayandırılıb. 4-5 milyard pulu oğurlayıb, 5-3 il türmədə yatırlar, sonra da gedib xaricdə şah kimi yaşaryırlar. Bu nə deməkdir? Hətta dövlət büdcəsinin dağıdılması ilə bağlı apırılan istintaq işlərində düzgün mövqe nümayiş etdirilmir. Elə buna görə də hamı düşünür ki, gedərəm hökumətdə qısa müddətdə vəzifə tutaram, 10-15 milyon oğurlayıb, 5-3 il türmədə yataram, sonra da pul verib çıxaram. Bu, Azərbaycanda praktikadan keçirilmiş çox ciddi bir məsələdir. Bu pulların oğurlanması üçün minlərlə saxta müəssisələr yaradılır, sonra da o müəssisələr ləğv edilir.
Beynəlxalq Bankdan 10 miyard pul oğurlanıbsa, maliyyə naziri necə vəzifəsində qala bilər? Milli Bankın sədri vəzifəsində qalıb. Buna görə, ölkənin maliyyə kredit  sisteminə nəzarət edən insanların heç biri məsuliyyət daşımır. Bu nə deməkdir? Bu, 1, 5 manat deyil ki?! Baş nazir hara baxırdı? Ümumiyyətlə, Azərbaycanda baş nazirin bu işlərdə məsuliyyəti necədir? Məlum olur ki, baş nazir də paket alırmış. Bu nə deməkdir? Baş nazr necə paket ala bilər? Deməli, kölgə iqtisadiyyatı deyilən iqtisadiyyatın başında elə baş nazir durur”.
S.Cəlaloğlu hesab edir ki, həm ölkənin anti-böhran proqramı yoxdur, həm də öklədə iqtidasiyyatını dağıdanlara qaşı mübarizə aparılmır: “Necə ki, ələkdə su daşınmır, ancaq indi Azərbaycan iqtidarı öz aləmində böhrana qarşı ələkdə su daşımaqla məşğuldur. Azərbaycanda iqtisadiyyatda fövqalədə vəziyyət elan olunmaldır. Talanan əmlak geri qaytarılmır. Özəlləşdirilən müəssisələrə ziyan vuranlar, dağıdanlar məsuliyyətə cəlb olunmalıdır. Həmin müəssisələrin dəyəri dövlətə qayarılmalıdır. Təsəvvür edin ki, 60 milyard dollar dəyərində əmlak özələşdirilib, ancaq dövlət büdcəsinə özələşdirilmədən bu gün 5 manat pul gəlməyib. Bəs, pullar hara gedib? Kimin nə ixtiyarı var ki, Nazirlər Kabinetinin qərarı olmadan özəlləşdirilən müəssisənin profilini dəyişin? Özəlləşdirmə nə deməkdir? Özəlləşdirmə dövlət müsəssisənin bir vətəndaşın sərəncamına verilməsdir. Hansı ki,vətəndaş özəlləşdirdiyi müəssisədə yenidənqurma işləri apara bilər. Həmin sahəni daha gəlirli edə bilər. Sahənin profilini dəyişidirməyə sahibkarın ixtiyarı yoxdur. Amma Azərbaycanda özəlləşdirilən müəssisələri kökündən yox ediblər. Məsələn, Pyotr Montin adına zavod var idi. Bu zavod Sovet hökumətinin vaxtında 90 ölkəyə məhsul ixrac edirdi. Həmin zavodun yerində park salıblar. Səttarxan adına zavodun yerində Heydər Əlyev adına Mədəniyyət Sarayını tikiblər. Heydər Əliyev prospektində Saxsı Qablar zavodu, ayaqqabı fabriki var idi. Onların heç biri yoxdur. N.Nəimanov adına Trikotaj fabriki var idi. Onun yerində bina tikiblər. Minlərlə zavod-fabriki tamamilə söküb dağıdıblar. Bunu edən insanlar Azərbaycan dövlətinə iqtisadi sobataj ediblər. Özəlləşmədə gözlənilən nəticələr alınmırsa, dərhal həmin müəssisələr milliləşdirilməlidir. Indi dağıdılan zavodları necə milliləşdirmək olar? Bu düşünülmüş şəkildə, Azərbaycanı bu vəziyyətə gətirmək üçün illərdir Azərbaycan iqtidarında Azərbaycan dövlətinə və xalqına qarşı xəyanət edən insanların siyasətdir. Bu adamlar məsuliyyət daşımalıdır. Hökumət indiyə kimi yanlış siyasət aparıb. Azərbaycanın dağ kəndində çörəyə möhtac bir adamın qazını, işığını kəsəndən sonra nə olacaq? Elə buna görə də kəndlərdə adamlar qaz işlətməyəcəklər, gedib meşələri qıracaqlar. Bu da ağır cinayətlərə gətirib çıxaracaq. Bu nə siyasətdir, hökumət aparır? Xalq öz narazılğını ifadə etməlidor. Biz xalqı dövlətə qarşı olmağa çağırmırıq. Ancaq xalq hökumətə öz narazılığını bildirməlidir. Amma xalq susur. Görün, Tarif Şurası vətəndaşları nə qədər təhqir edir. Deyir ki, vətəndaşlardan gələn təkliflər əsasında biz qiymətləri qaldırmışıq. Həm vətəndaşa zülm edirlər, həm də deyirlər ki, vətəndaş özü istəyir ki, mənə zülm et. Guya, Azərbaycan xalqı  sadomazoxistdir, istəyir ki, özü özünə zülm etsin”.
Xatırladaq ki, Tarif şurası Noyabrın 28-də 1500 kubmetrdən çox olan istehlakçılar üçün 1 kuba görə 20 qəpik, elektirk enerjisi üçün aylıq 250 kilovat saatdan çox olduqda 1 kilovat saata görə 11 qəpik ödəmələri haqqında qərar verib.
Şamo Emin