Tarif Şurasında təxribatçı əl: xalq səfalətə sürüklənir - ÖZƏL

 
 
Tarif Şurası xalqa qarşı fəaliyyətini davam etdirir...
 
Politika.Az xəbər verir ki, su və çörəyin qiymətində artımdan sonra növbə dərman vasitələrinə çatıb.
 
Ölkənin iqtisadi böhran yaşadığı zamanda Tarif Şurası əhalinin sürətlə yoxsullaşması üçün sürətlə addımlar atır. Əhalinin böyük əksəriyyətinin səhhətində narahatlıq var və ölkədəki apteklərin sayı da buna bariz nümunədir.
 
Tarif Şurasnın qərarı ilə 2503 dərman vasitəsinin (25%-nin) təsdiq edilmiş qiymətləri 1 sentyabr tarixindən qüvvəyə minəcək.
 
Dərman bazarındakı inhisarçılarına mövqelərini möhkəmləndirən Tarif Şurası əhalini imtahana çəkir. Xalq üçün su, çörək və dərmanın nə dərədəcə əhəmiyyətli olduğunu bilən məmurlar neft ölkəsini səfalətə sürükləyir.
 
Tarif Şurası Azərbaycanda sosial gərginliyi günbəgün artıran məmurların monopolist maraqlarını xalqın mənafeyindən üstün tutur. İndiki halda dərman bazarında bahalaşmaya hər hansı zərurət yaranmayıb.
 
Eləcə də çörək və suyun qiymətini də artırmağa ehtiyac yox idi. Amma böhranlı dövrdə daha az itki ilə çıxmaq və xalqı müflisləşdirmək siyasətini yürüdən bəzi odioz nazirlər Azərbaycanı Somaliyə çevirmək xəttini tutub.
 
Bir zamanlar varlı neft ölkəsi olan Somalidə illərdir xalq ac-susuz, xəstə, başqa dövlətlərin humanitar yardımı hesabına yaşayır.
 
İmarətlərini, saraylarını tikməyə davam edən, xalqı soyan nazirlər isə dərman bazarında da eyni özbaşınalığa gedir. Tarif Şurası isə Nazirlər Kabinetində klana çevrilmiş bəzi nazirlərin dirijor çubuğu ilə idarə olunur.
 
Politika.Az xəbər verir ki, referendum ərəfəsində ölkədə iqtisadi vəziyyəti ağırlaşdıran hakimiyyət daxilindəki bəzi qüvvələr ölkə rəhbərliyinə qarşı təxribatçı mövqedə dayandığını sübut edirlər.
 
Vitse-prezidentlik institutunun yaradılması ilə bəzilərinin vəzifəsindən gedəcəyi təhlükəsi yaranıb deyə təzyiq rıçaqlarını işə salır, ölkədə sosial narazılıq yaradır, xalqı üsyana təhik edirlər.
 
Tarif Şurasındakı təxribatçı əllər verilən rəsmi qərarları iqtisadi şərhlərlə izah edə bilər. Ancaq reallıq ondan ibarətdir ki, qərarların heç biri xalqın xeyrinə olmayıb. Şura bircə dəfə belə xalqa sərf edən addım atmayıb.
 
Məsələn, hansısa məhsulun qiymətində ucuzlaşma haqda qərar verməyib. Sanki bu qurum Tarif yox, Bahalaşma Şurasıdır. İctimai nəqliyyatda, kommunal ödənişlərdə və s. sahələrdə artım etmək lazım gələndə Şura hərəkətə keçir. Bu qurum xalqa qarşı fəaliyyətdədir.