"Tanrının qoruduğu" Osmanlı, Şah İsmayılın şiə dövləti və Fazil Mustafanın düşmən mövqeyi

 
Fazil Mustafa Səfəvilərə qarşı niyə düşmən mövqeyində dayanır?
 
Səfəvilər şərafət tariximizdir
 
Missiya.Az Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Şahin Fazilin tarixi-müdafiə məqaləsini təqdim edir:
 
Azərbaycanın bütün orta əsrlər boyu enişlər və yüksəlişlər, qan-qadalar, kütləvi köçürülmələr, ardıcıl hərb və savaşlarla dolu olan keşməkeşli tarixi, həm də tariximizi şərəfləndirən, müstəqillik uğrunda qılınc işlədən, bütöv dövlət yaratmağa cidd-cəhd edən və onu yaradan tarixi şəxsiyyətlərdən xali deyildir. Bunlara misal olaraq, tarix səhnəsində 236 il yaşamış böyük bir türk dövlətinin əsasını qoyan və onu möhkəmləndirən, I Şah İsmayıl Səfəvinin adını iftixarla çəkmək olar.
 
Mən hüquqşünas və millət vəkili olan Fazil Mustafa ilə aparılmış bir müsahibəni oxudum... və düşündüm: F.Mustafa nə üçün Səfəvilərə qarşı (!) düşmən mövqeyində dayanmışdır və bu qarşıdurmaya səbəb nədir? F.Mustafa və Şah İsmayıl. F.Mustafa və Şah Təhmasib… eləcə də, sonuncusu Şah Sultan Hüseyn olan Səfəvi xanədanının sonuncu hökmdarı. Əlbəttə, onların hamısında (Şah Təhmasib və Şah Abbas istisna olunmaqla) Səfəvilərin birinci şahına xas əzəmət və müvəffəqiyyət olmamışdır. Azərbaycan torpağının Ərdəbil nahiyəsindən çıxan, 14 yaşında ikən Təbrizdə taxtda əyləşən və Azərbaycanın dağınıq torpaqlarını vahid bir dövlət çərçivəsində birləşdirən Şah İsmayılın böyüklüyünü inkar etmək, onun və davamçılarının dövlət quruculuğundakı fəaliyyətini «fəlakət kimi» qiymətləndirmək nə dərəcədə düzgündür?
 

 
Bəli, Şah İsmayıl özünün yaşadığı dövrdə artıq nüfuzdan düşmüş sünniliyi olduqca zəiflətmiş və Ağqoyunlu dövlətinin varlığına son qoymuşdur. Çünki, yaxın qohumu olan Uzun Həsən hakimiyyətinin son nümayəndələri XV əsrin sonlarında sürətlə siyasi süquta uğramaq gerçəkliyi qarşısında aciz qalmışdılar. İsmayıl Səfəvi isə belə vəziyyətdən məharətlə istifadə edərək dövlətin ideoloji axarını şiəliyə yönəltməklə hakimiyyət başına gəlməyi bacardı.
 
Bir də ki, bugünün təfəkkür tərzi ilə keçmiş dövrlərə xas siyasəti tənqidə məruz qoymaq nə dərəcədə doğrudur? Bəli, Şah İsmayıl da Əmir Teymur, Qara Yusif, Uzun Həsən, Sultan Məhəmməd Fateh, Sultan Səlim Yavuz kimi dövlət yaratmaq missiyasını əldə rəhbər tutaraq öz məqsədinə nail olmuşdur. Və nəticədə Vahid Azərbaycan dövləti yaranmış oldu. Lakin siyasət olduqca həssas məsələdir və feodal qayda-qanunların hökmfərma olduğu bir şəraitdə qətiyyət tələb edir. Şah İsmayıl da qətiyyət və cəsarət sahibi olduğundan öz ideoloji mövqeyinə arxalanaraq, Osmanlı imperiyasına qarşı çıxmaq zorunda qaldı və 1514-cü ildə Səfəvi-Osmanlı qarşıdurması zəruriyyət kəsb etdi.
 

 
Tarixdə «Çaldıran cəngi» adlanan savaş başlamazdan əvvəl Sultan Səlim Şah İsmayıla dörd məktub yollamış və ondan bir cavab məktubu almışdı. Həmin məktublarda rəqib hökmdarların hər biri özünü «Əsil müsəlman» sayır və müqabil tərəfi dinsizlikdə təqsirləndirirdi, nəhayət etibarilə 1514-cü ildən başlayaraq, 1639-cu ilədək müxtəlif mərhələlərlə Səfəvi-Osmanlı müharibələri başlandı və bu sülalə nümayəndələrinin hər biri özlərinin ideoloji məfkurəyə sədaqətindən asılı olaraq ölüm-dirim müharibəsinə başladı. Bir cəhəti də unutmaq lazım deyildi. Osmanlı-Qızılbaş münasibətlərinin kəskinləşməsində siyasi maraqları olan, onların bir-birinin əli ilə zəiflədilməsini istəyən Almaniya, Venesiya, İsveçrə, Macarıstan və başqa Avropa dövlət başçıları çox da böyük olmayan müddət kəsimində böyük fəthlər əldə edən hər iki hökmdarı bir-birinə qarşı qızışdırır, nəyin bahasına olursa-olsun savaşa sürükləyirdilər. Dünya cahangirlik dünyası idi, dövran fəthlər dövranı idi. Sultan Səlim üçüncü məktubunda Şah İsmayıla açıq-aşkar belə bir təklif də edirdi: "Əgər sən «Uca və pak sünni məzhəbinə qoşulsan, öz məmləkətini, bütün adamları və əyalətləri Tanrının qoruduğu Osmanlı dövlətinin bir hissəsi etsən bizim şahlıq inayətimizə və şahənşahlıq iltifatımıza özünü layiq görərsən». Bəli, nəhəng bir padşah ikinci nəhəng bir padşaha meydan oxuyurdu. Meydan oxuyur və inanmaq istəmirdi ki, ikinci padşah da meydan oxuyanlardan və öz hakimiyyətini qorumağa qadir olan şəxslərdəndir. Doğrudur, Şah İsmayıl Çaldıranda məğlub oldu, amma Sultan Səlim də bir günlük savaşda qələbə çalmasına baxmayaraq heç nə udmadı. Əksinə, hər iki tərəfdən insan qırğını baş verdi.
 
 
Yazıçı Anar yazır: «Şaһ İsmayılın Çaldıran döyüşü ərəfəsində və özündә һərəkətləriylә, dediyi sözləriylə tarixi araşdırmalar vasitəsiylə tanış olarkən onun şahlıq vüqarıyla şair tәbiəti, cәngavәr nəcibliyi də aydın görünür. Çaldıran sanki Şaһ İsmayıl xasiyyətinin, Xətai xislətinin bütün mürəkkəb, təzadlı, dolaşıq cəhətlərinin əks etdirir. Әgər әvvәlki döyüşlər intiqam almaq һәvәsiylə, Azәrbaycan torpaqlarını birləşdirmәk, vaһid dövlət yaratmaq vә bu dövlәti yağılardan qorumaq niyyətiylə aparılırdısa, Sultan Səlimlə vuruşmaq Şaһ İsmayılın nə arzusuydu, nə mәqsədi. Bu müһaribəyə mәcburiyyәt qarşısında girişmişdi. Sultan Səlimin təһqiramiz məktubları, lovğa әdaları, yekəxana һərəkətlәri cavabsız qalmamalıydı».
 
Yaxud, Oqtay Əfəndiyevin məlum monoqrafik əsərində oxuyuruq: «Çaldıran vuruşması Səfəvilər dövlətinin hərbi-siyasi tarixinin mühüm mərhələsi oldu… Osmanlı ordusunun döyüş qüvvələri Avropa nümunəsi üzrə qurulmuşdu… Şah İsmayıl yalnız canlı qüvvə baxımından deyil, onun texniki təchizatı cəhətindən də Sultan Səlimdən geri qalırdı… Deməli, onun məğlubiyyətini şəxsi səbəblərlə deyil, sultan ordusunun o dövr üçün qabaqcıl olan təşkili və silahlanması, onun odlu silahı – artilleriyanı geniş tətbiq etməsi ilə əlaqələndirmək lazımdır».
 
Yaqub Mahmudov isə belə nəticəyə gəlir: «Çaldıran döyüşü tarixdə ən qanlı qardaş qırğını törədən bir savaş olmuşdur».
 
Taleh Şahsuvarlı öz müsahibəsində haqlı olaraq belə bir fikri səsləndirir: «Səlcuqluların xanədən boyu Qınıqlar, Osmanlınınkı Qayı, Ağqoyunlularınkı Bayandur olduğu kimi Səfəvilərin də sülalə əşirəti, doğma el-obası Şeyxavəndlər idi… İskəndər bəy Münşi isə Şeyxavəndləri ayrıca el kimi qeyd edir və o zaman “tacik” deyilən farslardan və kürd qəbilələrindən qəti şəkildə ayırır». T.Şahsuvarlının fikrincə, Səfəvilərin kökü səlcuqlulara gedib çıxır. Buna görə də səfəvilər özlərinin sağ qalmaları üçün, səlcuqlu soyundan olduqlarını gizlədirdilər.
 
Bir məsələni də qeyd etmək istərdim. Şah İsmayıl Xətai özünün vətənə məhəbbətini, etnik mənsubiyyətini qəzəllərinin birində belə açıqlayır:
 
Bardaş qurub otursa nigarım fəğan qopar,
Dursa, otursa fitneyi-axırzaman qopar.
 
Şirvan xəlayiqi hamu Təbrizə daşına
Mülki-əcəm sorar ki, qiyamət xaçan qopar?
 
Yetdikcə tükənir ərəbin kuyi-məskəni
Bağdad içində hər necə kim, türkman qopar.
 
Bir daha qeyd etmək istəyirəm ki, türk Səfəvilər Azərbaycanı vahid halda birləşdirmək istəmiş və buna nail olmuşlar. Şəcərə etibarı ilə, bəzi müəlliflərə görə, özləri seyid olan Səfəvilər, Şah Xətainin şeirindən göründüyü kimi, özlərini türkman (türk) kimi dərk etmişlər (özünüdərk!).
 
Beləliklə, Səfəvilərin mənşəcə türk olduğunu yazmağa heç bir ehtiyac yoxdur. Səfəvilər türk, dövlətləri isə tam türk dövləti olmuşdur!