Tanınmış yazıçının məktəbli nəvəsi intihar etdi - Məktəbdən açıqlama - YENİLƏNİB - FOTO

 
Səbail rayon 6 nömrəli orta məktəbin direktor müavini Arzu Vəliyeva Publika.az-a jurnalist, publisist, naşir Oqtay Əliyevin (Ərgünəş) nəvəsi Fərəh Yaqubovanın ölümü ilə bağlı danışıb.
A.Vəliyeva həm də Fərəhin sinif rəhbəri olub və onun intihar etməsinə heç kimin inanmadığını deyib:
“Fərəh çox həyatsevər, optimist idi. Onun intihar etməsi məlumatına inanmırıq. Dərslərində aktiv idi. Bütün tədbirlərdə də iştirak edən qabaqcıl şagird olub. Onun rəhmətə getməyinə inanmağım gəlmir. İki gündür tətilə çıxmışıq, evdə nə olub deyə bilmərəm. Ancaq heç bir halda intihara əl ata bilməzdi. Neçə illərdir ona dərs deyirəm, onun heç bir psixoloji problemi yox idi. İntihara meylli, psixoloji problemi olan uşaqlar özünə qapanır, ünsiyyət qurmaq istəmir.Fərəh isə tam əksinə bir xarakterə sahib idi. Anası ona hər cür şərait yaradırdı.Sonuncu görüşümüzdə tətil vaxtı kinoya getməyi planlaşdırmışdıq.”.
Arzu Vəliyeva bu gün Fərəhin ailəsində olduğunu və hər kəsin şokda olduğunu deyir:
“Xalası xərçəng xəstəsi olub, nənəsinin də təzyiqi olub. Orada söhbətdə də onların dərmanını qəbul etdiyini eşitdik. Anası deyir ki, xalasının dərmanı götürüb, amma onu xalasına apardığını düşünüb. Sonra isə belə bir hadisə baş verib. Ailə üzvləri çox pisdir, nə üçün belə bir hadisənin baş verdiyi anlaya bilmirlər”.
****
1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsindən Publika.az-a bildirilib ki, Fərəh Yaqubova dünən saat 18 radələrində şöbəyə ağır vəziyyətdə yerləşdirilib:
“O, şöbəyə yerləşdiriləndə təzyiqi çox aşağı olub. Gecikmiş halda xəstəxanaya çatdırılıb.O, beyin qan dövranı, təzyiq üçün olan dərmanları qəbul edib. Təxminən 15 tablekta dərman içdiyi deyilir. Dərmanları qəbul edib otaqda uzanıb, ailə onun yatdığını düşünüb. Qızın dərman içdiyini biləndə isə gec olub. O, xəstəxanada bir neçə saat komada qaldı, bütün tədbirlərimizə baxmayaraq, həyatını xilas edə bilmədik”-deyə, şöbədən bildirilib.
***
Bakıda 12 yaşlı qız qohumlarına məxsus dərman həblərini qəbul edərək ölüb.
Hadisə Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb.
Belə ki, 12 yaşlı Yaqubova Fərəh Qadir qızı xərçəng xəstəsi olan xalasının və şəkərli diabet xəstəliyindən əziyyət çəkən nənəsinin dərman həblərini qəbul edib. O, huşunu itirirək yerə yıxılıb. F.Yaqubova 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Lakin yeniyetmənin öldüyü məlum olub.
Qeyd edək ki, F.Yaqubova jurnalist, publisist, naşir Oqtay Əliyevin (Ərgünəş) nəvəsidir. O, evin tək övladı idi. F.Yaqubova 6 saylı məktəbin 7-ci sinifində fəal şagirdlərdən biri olub.
Yasamal Rayon Prokurorluğu ölümün səbəblərini araşdırır.
Faktla bağlı başlanan istintaq araşdırmaları davam etdirilir.