Tanınmış vəkildən məşhurların mümkün məhkəmə çəkişməsinə maraqlı şərh

Əlirza Həbilov: “Bu məhkəmə baş tutarsa, millət vəkilinin toxunulmazlığı götürülməlidir, çünki...”
 
 
Son vaxtlar millət vəkili Çingiz Qənizadə ilə Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə arasında yaşanan gərginlik medianın da ciddi müzakirəsinə səbəb olub. Artıq tərəflərin bir-birləri arasındakı məlum ziddiyyəti məhkəmə müstəvisində çözəcəyi ilə bağlı fikirlər səslənməkdədir.
Redaksiyamıza daxil olan məlumata görə, ehtimal edilən məhkəmədə Hacı Qalib Salahzadənin hüquqlarını tanınmış vəkil Əlirza Həbilov müdafiə edəcək. Moderator.az bu informasiyanı dəqiqləşdirmək üçün Ə.Həbilova müraciət edib.
Ə.Həbilov hələlik bununla bağlı ona rəsmi müraciət edilmədiyini vurğulasa da, hüquqşünas olaraq məsələ olaraq maraqlı fikirlər səsləndirib:
“Bildiyiniz kimi, bu kimi məsələlər vəkillə müvəkkil arasında müqavilə bağlanandan sonra reallaşır. Bugünkü günə qədər mənə bu məsələ ilə bağlı müraciət olunmayıb. Tərəflər arasındakı mümkün məhkəmə çəkişməsinə gəlincə, qeyd edim ki, Çingiz müəllim sıradan olan Azərbaycan vətəndaşı deyil. O, hakimiyyəti təmsil edir. Konstitusiyaya görə ölkəmizdə hakimiyyət bölgü prinsipinə əsaslanır. Hakimiyyətin bir növü də qanunverici hakimiyyətdir. Cinayət-prosessual qanunvericiliyi tərəflərin bərabərliyi prinsipini əsas götürür. Bu prinsip əsasdır. Qanunverici hakimiyyət isə məhkəmə hakimiyyətini, hakimləri təyin edən hakimiyyət növüdür. Belə çıxır ki, hakim Ç.Qənizadədən asılı vəziyyətdədir. Yəni hakimin təyin edilməsində bu adam iştirak edib. Bu, o demək deyil ki, Çüngiz müəllimin şərəf və ləyaqəti təhqir olunubsa, yaxud ona böhtan atılıbsa, o, məhkəməyə müraciət edə bilməz. Bu o deməkdir ki, o xüsusi ittihamdan şikayəti verə bilər. Bu şikayəti verdikdən sonra məhkəmə baş prokuror qarşısında vəsadət qaldırmalıdır ki, həmin millət vəkilinin toxnulmazlığı götürülsün. Cinayət-prosessial qanunvericiliyi xüsusi ittiham şikayətinin qarşılıqlı şəkildə verilməsini nəzərdə tutur. Tutaq ki, Çingiz müəllim Qalib müəllim haqqında xüsusi ittiham qaydasında şikayət verir. Qalib müəllim də Çingiz müəllimlə bağlı qarşılıqlı şikayət vermək hüququna malikdir. Lakin nə qədər ki, Çingiz müəllim toxunulmazlıq hüququna malikdir, burada cinayət-prosessual qanunvericiliyinin tələbləri Qalib müəllimə olan hissədə məhdudlaşır. Necə ki, Gülər Əhmədovanın məhkəmə prosesinin gedişatında Milli Məclis Gülər xanımın toxunulmazlığını götürdü. Bundan sonra məhkəmə prosesi getdi.
Mən DİN və FHN rəhbərliyi adından xüsusi ittihamla şikayətdə iştirak etmişəm. Onların nümayəndəsi olmuşam. Ancaq onlar nazirdir, hakimiyyət qolu deyillər. Ç.Qənizadə isə qanunverici hakimiyyətin nümayəndəsidir. Buna görə də onun ayrıca statusu var. Cinayət -prosessual qanunvericiliyində isə xüsusi ittiham qaydasındakı işlər üzrə bu cür statusa malik şəxslərlə bağlı xüsusi qaydalar nəzərdə tutulub. Bu qaydalar isə qeyd etdiklərimdir.
Hesab edirəm ki, Çingiz müəllim hər halda belə bir addım atmaz”.
Ə.Həbilov millət vəkillləri üçün nəzərdə tutulan etik davranış qaydalarında da bununla bağlı bəzi müddəaların mövcudluğuna diqqət çəkdi:
“Bunu da unutmaq olmaz ki, etik davranış kodeksinə əsasən millət vəkili vətəndaşların maraqları ilə toqquşmaqdan çəkinməlidir. Yəni vətəndaşlarla ziddiyyətə getməməlidir. Qanunvericilik bunu məhdudlaşdırır. Parlamentdə intizam komissiyası mövcuddur.
Milli Məclisin daxili nizamnaməsinə görə xüsusi ittihamlı şikayətin mahiyyətini parlament müzakirə edə bilməz. Parlament belə bir səlahiyyətə malik deyil. Parlament bunu intizam komissiyasına təqdim edir. Intizam komissiyası bu təqdimatı araşdırır. Hesab eləsə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətə qarşı qarşılıqlı şikayət təqdim olunub, komissiya toxunulmazlığın götürülməsinə qərar verə bilər. Çünki Milli Məclisin deputatı xüsusi ittiham qaydasında şikayət etdiyi üçün ona qarşı qarşılıqlı şikayətin verilməsi qanunvericiliyin tələbinə uyğundur. Komissiyanın müvafiq qərarı olarsa, millət vəkilinin toxunulmazlığı götürülür. Toxunulmazlıq statusu məhkəmə prosesi başa çatdıqdan sonra bərpa edilir. Biri var deputat statusunun itirilməsi, biri də var ki, toxunulmazlığının götürülməsi. Deputatın toxunulmazlığının götürülməsi onun deputat faliyyətinə xitam verilməsi demək deyil. Bu qaydalar qanunda birmənalı şəkildə öz əksini tapıb.
Hər bir vətəndaşın şərəf və ləyaqətinin müdafiəsi konstitusiyada təsbit olunub, Çingiz müəllim bununla bağlı müraciət edə bilər. Lakin bundan sonra o, qeyd etdiyimiz prosedurları keçmək məcburiyyətindədir. Kimin haqlı olduğuna isə məhkəmə qərar verəcək”.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...