Tanınmış prodüser: “Azərbaycan kinosu ancaq 20 Yanvarda yada düşür”

 
Azərbaycan kinematoqrafı haqqında müfəssəl məlumat almaq istəsək nə etməliyik? Hansı yerli resurslara müraciət etməliyik? Ümumiyyətlə, elə bir resursumuz varmı?
 
Teleqraf.com bu suallara cavab tapmaq üçün “Fokus” analitik kino jurnalının layihə rəhbərlərindən biri, prodüser Əli İsa Cabbarovla həmsöhbət olub.
 
-Əli İsa bəy, öncə bilmək istəyirəm: Azərbaycan kinematoqrafının ölkəmizdə çap olunan həm rusdilli, həm Azərbaycandilli qəzet və jurnallarda işıqlandırılması sizi qane edirmi?
 
-Həm çap, həm elektron KİV-lərdə, həm də telekanallarda Azərbaycan kinosuna daha dəqiqi ciddi kinoya ögey münasibət var. Milli filmləri təbliğ edən materiallarla, milli kinomuzda gedən proseslərlə tamaşaçını məlumatlandırma işi çox zəifdir. Azərbaycan tamaşaçısında Azərbaycan kinosu haqqında yalnız “Məşədi İbad”, “Təhminə” filmi ilə təsəvvür yaranıbsa, deməli, burda kütləvi informasiya vasitələrinin mənfi rolu böyükdür. Halbuki, Azərbaycan kinosu mövzu, rejissor həllinə görə kifayət qədər zəngin və çoxçeşidlidir.
 
Əvvəllər mətbuatımızda şou-biznes əhval-ruhiyyəsi üstünlük təşkil etməyən zamanlarda saytlar, qəzetlər, televiziya kanalları reytinq xatirinə kinoaktyorlar, rejissorlar haqqında verilişlərə yer verirdi. Hər telekanalın bir-iki kino proqramı olurdu. Amma əyləncə, şou xəbərlərin bolluğunda mətbuatımızın rəngi saraldıqca kino haqqında informasiyalar da azalmağa başladı.
 
İndi kommersiya filmləri çəkilməyə başlayıb. Bununla bağlı informasiyalar mətbuatda yer alır. Amma bu, kifayət deyil. Məni əsas televiziyaların rolu narahat edir. Çünki Azərbaycan kinosunun yayımlanması heç qənaətbəxş deyil. Rasim Ocaqovun ən güclü filmləri telekanallarda yer almır. Rasim Ocaqov tamaşaçılara daha çox “Təhminə” filminin rejissoru kimi təqdim olunur. Halbuki onun başqa gözəl filmləri var. Bundan başqa, Azərbaycan filmləri bayramlarda, Xocalı, 20 Yanvar günlərində yada düşür. Halbuki, illərboyu Azərbaycan teleməkanına həsrət qalan onlarla filmimiz var.
 
-Bəs dünya kinematoqrafının işıqlandırılması barədə nə deyə bilərsiniz?
 
-Əgər milli kinonun təbliğatı zəifdirsə, onda dünya kinematoqrafiyası barədə danışmağa dəyməz. Bu daha çox qəzetin sonuncu səhifəsində, saytların əyləncə bölməsində “Ancelina Coli Bred Pittdən boşandı” başlıqlı xəbərlər formasında təzahür edir. Dünya kinematoqrafı barədə iki mədəniyyət yönümlü saytı qeyd edə bilərəm. Sizin saytda da periodik olaraq kino ilə bağlı yazılar yer alır, amma mən bunun daha çox olmasını istəyərdim. Bu sahənin əməkdaşı kimi daha çox ummağa haqqım var.
 
Əsas məsələ budur ki, Azərbaycan kinosu haqda birtərəfli təsəvvür yaranıb. Bu da əyləncəvi xarakter daşıyır. Axı bizim sovetlər zamanında çəkilmiş çox aktual problemləri işıqlandıran filmlərimiz var. 
 
-Sizin rəhbərliyinizlə “Fokus” jurnalı çap olunurdu. O vaxtlar “Ritm” prodakşn da kütləvi bir kino jurnalı çap etmişdi. Amma çox az sayı çıxdı və dayandı. Niyə Azərbaycanda kino jurnalları demək olar ki, yoxdur. Problem nədədir?
 
-Kinoindustriya təkcə kino istehsaldan yox, nümayiş şəbəkəsindən, festivallardan, kinoda gedən prosesləri analiz edən elmi dərgilərdən, tamaşaçıları məlumatlandıran informativ dərgilərdən ibarət olmalıdır. Yəni Fransa, Amerika, Rusiya kino industriyalarını onlarda çap olunan məşhur kino jurnallarından ayrıca təsəvvür etmək mümkün deyil. Çünki məhz kino tənqidçiləri, kinoşünaslar, kino nəzəriyyəçiləri prosesi xaosdan çıxarıb, istiqamətləndirir. Neorealizmin əsasını İtaliyada kino jurnalında toplanmış kinoşünaslar qoymuşdu. Fransız yeni dalğasının əsasını da kinoşünaslar qoydu. Pis nədir, yaxşı nədir təsəvvürünü tamaşaçılar üçün mütəxəssislər, kino nəzəriyyəçiləri formalaşdırıb. Bunların da meydanı dərgiləridir.
 
Azərbaycanda yalnız film çəkməklə bazar yaratmaq olmaz. Mütləq kino ictimaiyyətinin rəyini formalaşdıran və bir-biri ilə rəqabətdə olan dərgilər olmalıdır. Bir rejissor kimi deyirəm: vaxtilə nəşr olunan “Kino+” qəzetinin varlığı mənim üçün çox böyük stimul idi. Hər cümə günü səbirsizliklə köşkə gedib, o qəzeti alırdım.
 
Mədəniyyət və Turizm Nazirliyinin orqanı olan qəzetin kinoproses üçün çox müsbət rolu vardı. Müstəqil və obyektiv qəzet idi. Buna görə kino ictimaiyyəti qarşısında etibar qazanmışdı. Çox istərdim “Kino+” yenidən bərpa olunsun. Şərt deyil ki, qəzet formasında… 
 
Bundan başqa, adını çəkdiyiniz və mənim üzvü olduğum komandanın təsis etdiyi “Fokus” jurnalı da kino ictimaiyyətinin müsbət rəyini qazanmışdı. Biz daha çox analitik materiallara üstünlük verirdik və istəyirdik ki, bizim zaman asılılığımız olmasın. Jurnal elmi dərgi idi və biz onu Rusiyanın 70-dən artıq yaşı olan “İskustvo kino” jurnalı formatında nəşr etməyə çalışırdıq.
 
Bizim 9 nömrəmiz çap olundu. Bu illər ərzində jurnalı dəstəkləyənlər arasında Mədəniyyət və Turizm Nazirliyi, Gənclər Fondu, Soros Fondu yer aldı. Amma jurnalın onuncu nömrəsinə maliyyə vəsaiti tapa bilmədim. Bunun da səbəbi birinci mənim maliyyə cəlbetmə istedadımın azlığıdırsa, ikinci kino bazarında belə bir jurnalın əhəmiyyətini başa düşən qüvvələrin azlığıdır.
 
Dərgimiz tədris əhəmiyyətli olduğundan tələbələr üçün əlverişli vəsait, mütəxəssislər üçün yaxşı bir istinad yeri idi. Düşünürəm ki, Azərbaycan kino tarixi ciddi və yenidən yazılmalı, müstəqil dövrdə daha dərindən işlənməlidir. Həmçinin kinomuza dünyada gedən proseslərin nəzərindən baxılmalıdır.
 
-Analitik jurnallar, saytlar dövlət xətti ilə yaranmalıdır?
 
-Analitik və tədris əhəmiyyətli olan kino jurnalı dövlət xətti ilə maliyyələşməlidir. Çünki bu jurnalın kommersiya gəliri yoxdur. Bu, tələbələr, kino peşəkarları üçün çox lazımlıdır.
 
Onu da qeyd edim ki, müstəqillik dövründə kino ilə bağlı dərs vəsaitləri çox kasaddır. Aydın Dadaşov, Rafiq Quliyevin bu sahədə böyük xidmətləri var. Amma bununla kifayətlənməməli və daha da genişlənməlidir.
 
Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm: intellektual insanların millət qarşısında bir borcu var. Biz intellektual sözü, intellektual məhsulu kommersiyalaşdıra bilməliyik.
 
Məsələn, “Əli və Nino” kitab şəbəkəsini hamınız tanıyırsınız. Onun rəhbəri Nigar Köçərli, eləcə də, Şahbaz Xuduoğlu, Rasim Qaraca kitabı dəbə çevirməyi bacardılar. Yəni gənc nəsil “Coca-cola”, “Pepsi” ilə yanaşı əlində Qərb müəllifinin kitabını da gəzdirməyi dəb hesab edir. Çox gənclər Kafkanın tərcümə olunmuş kitabını Kafka ilə maraqlandığına görə yox, həm də dəbə görə oxuyurdular. Bu cəhətdən də ciddi kino jurnalını kinoda işləyən insanlar dəbə çevirməyi bacarmalıdır.  Bu gün “Azərbaycan” jurnalı çap olunur. Sovet dövründə çox populyar və çox tirajlı jurnal idi. Doğrudur, jurnal indi o qədər populyar deyil, amma yenə də onun çapı davam edir, ənənəsi qorunur və oxucu kütləsi var. Beləcə biz də kino dərgilərimizi dəbə çevirməliyik. Ən azı universitetlərimizin tələbələri, kinoda işləyən bütün mütəxəssislər üçün əldə tutmağa bir vəsait olmalıdır.
 
-Bəs kütləvi kino jurnalının perspektivi varmı?
 
-Kütləviliyi əldə etmək mümkün deyil. Jurnalın formatı ancaq mütəxəssislərə, kino həvəskarlarına, fanatlarına və Azərbaycan kinoteatrlarına gələn tamaşaçılara hesablanmalıdır. İndi çap mediasının reytinqi aşağıdır. Çünki insan əlindəki telefonla istədiyi məqaləni əldə edə bilərsə, gedib köşklərdən kağız dərgini almayacaq.  Amma kütləvi olmasa da, daimi oxucu bazası olan dərgi hazırlamaq mümkündür və bu, mütləq lazımdır. Həmin jurnalın bir-iki il dotasiya ilə, daha sonra dotasiyasız yaşama ümidi var. Kino texnikasını satan mağazalar, texnikanı istehsal edən iri şirkətlər, kinoteatrlar jurnalın nəşrinə dəstək ola bilərlər. Rusiyanın məşhur “İskustvo kino” jurnalının əsas sponsorları film nümayiş edən telekanallar və kinoteatr şəbəkələridir. Hər bir telekanal, hər bir kinoteatr istəyir ki, bu cür mötəbər jurnalda onların filmlərinin reklamı getsin. Kinoteatr şəbəkələrinin inkişafını nəzərə alsaq, bizdə də dərgilərin belə bir dəstək alması mümkündür.
 
-Nə kino qəzetimiz var, nə kino jurnalımız, nə də kino saytımız. Bəs Azərbaycan kinematoqrafçılarının həyat və yaradıcılığını özündə köklü əks etdirən sayt varmı?
 
-İlk dəfə elektron kino kataloqunu kinorejissor Şamil Əliyev yaratdı. Qrant layihə olduğundan müddət başa çatandan sonra saytın fəaliyyəti də dayandı. Daha sonra Ramil Ələkbərov kinozal.az saytını yaratdı, amma o da çox davam gətirə bilmədi. “Vikipedia”da ən böyük resursu Vüsal Ağayev yaradıb. Hesab edirəm ki, elektron məkanda Vüsal Ağayevin Azərbaycan kinosunun populyarlaşması üçün gördüyü işlər qiymətsizdir. Xırda texniki səhvlər olmasına baxmayaraq, orada istənilən Azərbaycan kinematoqrafçısı haqda ensiklopedik məlumat ala bilərsiniz. O ki qaldı sayta – Azərbaycanda bir kino saytının olmaması həqiqətən gülməlidir. Bunun olmaması Azərbaycanda mətbuat bazarının bir istiqamətli inkişafını göstərir.
 
-Yaxın qonşularımız olan Rusiyada, Türkiyədə həvəskarlar tərəfindən yaranan onlarla, yüzlərlə sayt var. Məsələn, rus həvəskarlar yapon rejissor Takeşi Kitanoya həsr olunan sayt yaradıblar, orda onun bütün həyat və yaradıcılığını sərgiləyirlər. Bizdə bu sahədə vəziyyət necədir?
 
-O cəhətdən müsbət nümunələrimiz var. Belə ki, ciddi kino haqqında yazan dərgilər, feysbukda on minlərlə izləyicisi olan bir neçə kino qrupları fəaliyyət göstərir. Həmçinin Azərbaycan, rus dilində kinodan yazan bir neçə blogger var. Yəni bu sahədə vəziyyət heç də pis deyil. “Film Fiction”, “İntibah Magazin” adlı elektron kino dərgilər var. Konkret olaraq bir rejissora həsr olunan o cür saytlar olmasa da, bu bloqlar, dərgilər sayəsində ən azından Azərbaycan dilində hansısa avropalı rejissorun adını internetdə axtarışa verəndə nəsə tapmaq olur.
 
Tural Əlisoyun Azərbaycan filmləri ilə bağlı hazırladığı dijital kino posterləri də internetdə çox yayılır. Bu da Azərbaycan kinosunun populyarlaşmasına və kinomuza yeni baxışla baxmağa çox böyük stimuldur.

Загрузка...
Загрузка...