Tamaşaçıya əsəbləşdiyi deyilən əməkdar artist danışdı — "Yaxınlaşdım xanıma..."

 
 
Əməkdar artist Vidadi Həsənov A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Maraqlı fiqur və ya siçan qadın” adlı tamaşada yaşanan kuryoz hadisədən danışıb.
 
Aktyor Ölkə.Az-a açıqlamasında bildirib ki, tamaşaçıya əsəbləşməsi haqda yazılanlar həqiqəti əks etdirmir:
 
"Adətən tamaşa başlayanda elan olunur ki, zəhmət olmasa, telefonlarınızı söndürün. Bu insan da telefonunu söndürmədi. Telefonu açıb, başlayıb danışmağa. Olur axı belə şeylər. Mənim də rolum eləydi ki, çox asanlıqla səhnədən düşə bilərdim. Mən də səhnədən astaca, mədəni şəkildə və əsəbiləşmədən düşdüm. Biz tamaşaçıya niyə əsəbləşməliyik ki? O hörmət edib bizim teatra gəlib. Dedim ki, xanım, zəhmət olmasa telefonunuzu söndürün, ayıbdır (son sözü pıçıltıyla və gülərək deyir-red.). Orada əsəbləşmək olmayıb. Ona əsəbləşmək deyirlər? Boynuma qoymaq istəyirlər ki, əsəbləşmisən. Adamdan Monstr düzəltmək istəyirlər".