Talibanın yeni lideri bəlli oldu-Həbətullah Axundzadə

Əfqanıstanda Taliban liderləri Molla Mənsurun öldüyünü təsdiqləyərək, onun yerinə yeni rəhbər seçdiklərini açıqlayıb.
Strateq.az-ın bildirdiyinə görə, Taliban sözçülərindən Zabiullah Mücahid yazılı açıqlama yayaraq, Molla Ahtar Məhəmməd Mənsurun Əfqanıstan ilə Pakistan arasındakı sərhəd bölgəsində ABŞ-ın pilotsuz təyyarəsi tərəfindən öldürüldüyünü təsdiqləyib.
Açıqlamada həmçinin təşkilatın üst səviyyəli konfransında Həbətullah Axundzadənin yeni lider seçildiyini və Səracəddin Həqqani ilə təşkilatın qurucusu Molla Ömərin oğlu Mevləvi Məhəmməd Yaqubun onun köməkçiləri olduğunu bildirilir.
Qeyd edək ki, Molla Mənsur mayın 21-də Pakistanın Bəluçistan əyalətində  bir yoldaşıyla bərabər öldürülmüşdü. Onun öldürülməsi Rusiya rəsmiləri tərəfindən narahatlıqla qarşılanmış, yeni liderin Səracəddin Həqqani olacağı təqdirdə, Əfqanıstanda qanlı hadisələrin artacağından əndişə edilmişdi.
Zira Həqqaninin namizədlər içərisində ən radikal lider kimi tanınır.
İddiaçılar arasında Həqqani ilə birlikdə təşkilatın qurucusu və ilk lideri Molla Ömərin oğlu Məhəmməd Yaqubun da adı çəkilirdi. Həbətullah Axunzadə barədə isə heç bir məlumat verilmirdi. Görünür, təşkilat daha kəskin xarici basqılara yol açmamaq və yeni liderin təhlükəsizliyini qorumaq üçün çox tanınmayan sürpriz bir adın üzərində dayanmağa üstünlük verib.