Tale Bağırzadə Serj Sərkisyana müraciət etdi

 “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri, hazırda həbsdə olan Tale Bağırzadə Ermənistan prezidenti Serj Sərkisyana müraciət edib. “Qəsbkar Ermənistan rejiminin başçısı Serj Sərkisyana” sözlərilə başlayan müraciət Tale Bağırzadənin feysbuk səhifəsində paylaşılıb. Müraciəti olduğu kimi təqdim edirik.
Bilsmillahir Rəhmanir Rəhim
Çox istərdim ki, ədəb və nəzakət qaydalarına uyğun olaraq sizə “hörmətli cənab” xitabı ilə müraciət edim. Lakin, siz də, biz də bilirik ki, belə müraciət riyakarlıq olar, bəribaşdan mətnin qeyri-səmimiliyi barədə rəy yaradar. Ona görə, bir tərəfli qaydada razılaşırıq, mən sənə öz adınızla- “Serj Sərkisyan” deyə xitab edəcəyəm.
Bəzən insan qalın-qalın kitabları oxuyar, saatlarla söhbətlərə, nəsihətlərə qulaq verər amma heç bir ibrət almaz. Ancaq tərsi də olur, bəzən bəşər övladı adı bir pöhrənin yaşıllanmasından, yaxud yarpağın saralmasından dərin hikmətlər əxz edər. Bu müraciət də o təmanna ilə yazılır ki, bəlkə, sənin bəsirət gözünün açılmasına səbəb olaq.
Serj, mən Qarabağ torpaqlarının kimə məxsus olması barədə uzun tarixi müzakirələr açmayacam. Kim də bilməsə, bu fitnəni alovlandıran, nəhayətdə yüz minlərlə insanın dinc həyatını pozan, yer yurdundan didərgin salan, gənclərin qanına bais olanlardan biri kimi sən bu müharibədə haqsız olduğunuzu bilirsən.
Bizdə buna höcətlik deyirlər, yəni səhv ola-ola bir şey üzərində israr etməyə. Sizi bu höcətliyə vadar edən xarici qüvələrdir, yoxsa, xəstə millətçi avantüradır, bilmirəm və heç maraqlı da deyil. Lakin, bunu bilmənizi istəyirəm ki, bu höcətlik sizi məhvə aparır. Bu bəlağət deyil, nə də təbliğat tezisləri. 20 ildən çoxdur, iddia elədiyiniz Dağlıq Qarabağı da, onun ətrafındakı rayonlarımızı da işğalda saxlayırsınız. Bu gün hətta Ermənistan özü də Dağlıq Qarabağı dövlət kimi tanımaq cəsarəti göstərə bilmirsə, bu avantüranı dəfn eləmək üçün bəs etmirmi? Bəyəm, başa düşmək çətindir ki, sizin yersiz, xəstə avantüra bütün bölgəni narahatlıq zolağına salıb?
Sağ solunuza ərazi iddiaları yağdırınca, Allahın heç nədən qismətinizə saldığı dövləti düz-əməlli qaydaya salıb yaşamaq daha pismi olardı?
Ümid etmək istəyirəm ki, erməni xalqının içində nəhayət utopiya əsasında yox, reallıqla düşünüb qərar verən insanlar da bu sualları səsləndirəcək. Amma bu sizin öz işinizdi.
Madam siz, erməni dövlətinin rəhbəri, Xocalıda məsum körpələrimizin qanına əli batan şəxs olaraq yenə Azərbaycan sakinlərin qətlə yetirməkdə təşəbbüskarsınız bilin; Azərbaycanı yaxşı tanımırsınız, Azərbaycan insanının kimliyi, daxili aləmini görünür illər ötsə başa düşməmisiniz, yaxud ötəri taktiki üstünlük sizdə sözün əsl mənasında baş gicəllənməsi yaradıb və beləliklə reallığı təhrif olmuş sürətdə qavrayırsınız.
Siz riyakarcasına bütün dünyaya Qarabağ müharibəsinin “müsəlman-xristian” konflikti kimi çatdırmaq istəyirsiniz. Əlbəttə, azca düşünə bilən kimsə sizin bu cəfəngiyyatınıza inanmaz. Dağlıq Qarabağ dinlər arası yox, sağlam təfəkkürlə, xəstə təfəkkürün davasıdır. Amma biz sizin bu yalançı hay-küyünüzün arxasında gizlənən qorxunu bilirik və sizin həyacanı da buna görə yaxşı başa düşürük. Bəli, Azərbaycanda yüksək imana sahib, öz torpağının müdaifəsi üçün ölümün gözünə dik baxan nəsil yetişib. İman və müasir texnika ilə silahlanan Azərbaycan əsgəri ilə hesablaşmaq sizin üçün çox çətin olacaq. Bu qüdrətli gücü əmin olun ki, siz hələ dadmamısınız. Amma onun necə deyərlər, bir yüngül işartısını Mübariz İbrahimov nümunəsində görmüsünüz.
Bu gün Azərbaycanda hakimiyyətin necə, nə cür olmasından asılı olmayaraq fədakar gəncliyimiz var ki, öz əvəzsiz sərvətlərini – canlarını verib torpaqlarını azad etmək əzmindədilər. Şəhadət bizim üçün şirin şərbətdir, izzətdir. Bunu ki bilməlisən.
Bizim tələbimiz sadə və sadə olduğu qədər təbiidir. İşğala son qoyun. Yersiz ambisiyanınız birinci növbədə öz xalqınızı zəlil etdiyini anlayın. Bir rəhbər kimi hamımızın bir olan Allahı və tarix qarşısında məsuliyyətinizi dərk edin.
Günahsız insanların qanına bais olduğunuz, körpələri ata-anasız böyüməyə səbəbkar kimi qaldığınız hər gün, hər saniyə sizə lənət yazılır. Bir dərk etsəydiniz?!