Tahir Kərimovun balıq gölləri dövlətə qaytarılır — EKSKLÜZİV

 
Salyanda təyinatı üzrə olmayan torpaqlarda yaradılan süni balıq gölləri ləğv olunur.
 
Ölkə.Az-ın əldə etdiyi məlumata görə, ləğv olunan göl sahibləri arasında Salyan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun himayə etdiyi şəxslər də var.
 
Həmin şəxslər buna etiraz etsə də, ancaq rayon İcra Hakimiyyəti onlara bu ayın sonuna qədər vaxt verib. İcra Hakimiyyəti verilən müddət ərzində həmin göllərdə saxlanılan balıqların sahibləri tərəfindən götürülməsi üçün imkan yaradır.
 
Artıq həmin göllərin ləğv edilməsi ilə bağlı 3 ay öncə sahiblərinə bildirişlər də göndərilib. İlin sonunadək Salyan rayonu ərazində təyinatı üzrə olmayan torpaqlarda yaradılan bütün süni balı gölləri ləğv olunacaq. Torpaqlar isə rayon İcra Hakimiyyətinin balansına qaytarılacaq. Sonrakı mərhələdə isə həmin torpaqlar əkinə yararlı hala salınaraq, istifadəyə veriləcək.
 
Salyan rayon İcra Hakimiyyəti qanunsuz göllərin siyahısını da hazırlayıb. Siyahıya yenə də Tahir Kərimovun vaxtilə himayə etdiyi şəxslər başçılıq edir. Tahir Kərimovun bilavasitə özünə məxsus göllərin sənədləri olduğu üçün isə onlara toxunulmayıb.