Tacikistan sülalə hakimiyyətinə doğru gedir

Tacikistanda mayın 22-də keçirilmiş konstitusiyaya əlavə və dəyişikliklər referendumunun nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, seçicilərin 94,5%-i konstitusiya yeniliyinin lehinə, 3,3%-i əleyhinə səs verib.
Referendumda ümumilikdə seçici siyahısına salınmış əhalinin 92%-i (4 milyon nəfərdən çox) iştirak edib.
Ana qanunda 41 dəyişikliyi nəzərdə tutan layihə dövlət başçısı İmaməli Rəhmana qeyri-məhdud sayda prezident seçilmək imkanı yaradır. İmaməli Rəhman 2020-ci ildə keçiriləcək prezident seçkisində öz namizədliyini irəli sürə biləcək. O, Tacikistana 1992-ci ildən rəhbərlik edir, əvvəl parlamentin sədri olub, 1994-cü ildən prezident postunu tutur.
Əsas dəyişikliklərdən biri də prezidentliyə namizədlərin yaş həddinin 35-dən 30-a qədər azaldılmasıdır. Bu yeniliyin prezidentin oğlu Rüstəm İmaməli üçün tətbiq olunduğu bildirilir. 2020-ci ilin prezident seçkisində Rüstəm İmaməlinin 33 yaşı olacaq.
Ana yasaya düzəlişlər milli və dini əsaslarla partiya yaradılmasını və onların xaricdən maliyyələşdirilməsini qadağan edir.