Səyavuş Heydərov: ''Şeyx həzrətlərinin təhlükəsizliyi lazımi səviyyədə təmin olunur''

“Biz bu tipli məlumatı ciddi qəbul etmirik”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi terror təşkilatlarının adından Azərbaycanın dini xadimlərinin, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin təhdid edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Trend-ə bildirib ki, bu cür məlumatlar əvvəllər də yayılıb:
“Biz bu tipli məlumatı ciddi qəbul etmirik. Eyni zamanda onu deyə bilərəm ki, ölkəmizdə təhlükəsizlik məsələlərinə ciddi önəm verilir. Həmçinin hörmətli Şeyx həzrətlərinin təhlükəsizliyi həmişə olduğu kimi, bu gün də lazımi səviyyədə təmin olunur”.
S.Heydərov bildirib ki, bu cür məlumatlar maraqlı xarici dairələr tərəfindən məqsədyönlü şəkildə yayılır və pozuculuq məqsədi güdür:
“Bundan əvvəl də Azərbaycanda mühüm beynəlxalq tədbirlər ərəfəsində kimlərsə məqsədli şəkildə müxtəlif şayiələr, heç bir əsası olmayan, qeyri-ciddi məlumatlar yayaraq Azərbaycanda ictimai-siyasi durumu neqativ fonda təqdim etməyə çalışırdı. Lakin bu cəhdlər heç vaxt hədəfə çata bilməz. Çünki Azərbaycan təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyi ölkədir, bütün məsələlər aidiyyəti orqanların nəzarətindədir. Azərbaycan ictimaiyyəti də bunu görür və yüksək qiymətləndirir”.