Susmağı bacarmayan insan - İstiqlalçı deputat Rüfət Səfərovdan yazır...

 
Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir.
Aristotel, qədim yunan filosofu
 
Onun haqqında düşüncələrimi çoxdan bölüşmək istəyirdim.Ona görə yox ki, gənc müstəntiq Rüfət Səfərov haqsızlıqlara üsyan edərək çürüməkdə olan prokurorluq sistemindən istefa verməklə bu sistemdə inqilab etdi. Ona görə yox ki, on illərdən bəri nəhayət ki, qocaman yazıçı Süleyman Rəhimovun sevimli qəhrəmanı prokuror Mehman zühür edərək, mübarizə yolunu yenidən davam etdirməyə başladı. Həm də bir daha ona görə ki, bütün gələcək karyerasını millətinə qurban vermiş bu saf gəncin yanında yer almaq, bu çətin gündə onunla çiyin –çiyinə dayanmaq hər bir ləyaqətli, şərəfli insanın vəfa borcudur.
 
Azadlıq yanğısı Azadlığı əlindən alınmış millətin varlı və rahat yaşamasının heç bir mənası yoxdur.
A.Dante
 
Bəli, biz bu millətə müstəqillik verdik, ancaq azadlıq verə bilmədik. Bunun acı nəticəsidir ki, bir qrup maskalanmış yüksək vəzifələr qamarlayan hakimiyyət təmsilçiləri yalandan “millət”, ”xalq” deyə-deyə bu millətin anasını ağlar qoyur, gecə- gündüz sərvət toplamaq üçün dəridən qabıqdan çıxırlar. Belə cinayətlərə etiraz edənləri isə siyasi alətə çevirmiş hüquq mühafizə orqanlarının, xüsusən də prokurorluğun əli ilə zindanlara doldururlar. Millətin belə bir ağır günündə Zərdab kimi kiçik bir rayonun müstəntiqi R.Səfərovun millətinə ot yolduran rejimə meydan oxuyan istefası cəmiyyətdə ildırım kimi çaxdı: rejimi vəlvələyə salan bu istefa xalqın inamını sonsuz dərəcədə artırdı və azadlıq yanğısını yenidən alovlandırdı. R.Səfərovun ilk bəyanatından: Millətimin taleyindən hədsiz narahatam. Bu gün oğrular, korrupsionerlər bayırda kefdə-damaqdadır, zərrə qədər günahı olmayan insanlar isə həbsxanalarda çürüyür. Onların yeganə günahı həqiqəti söyləmələridir...
 
Qoy hamı məni tərk etsin, təki cəsarət məni atmasın.
İ.Fixte
 
Əlbəttə, övladının belə riskli, gələcəyini ciddi təhlükəyə atan addımları bir ata kimi, Eldar Sabiroğlunu da narahat etməyə bilməzdi. Çünki, bu rejimin hər üzünü görmüş, YAP-ın yaradıcılarından, indi də onun əlində əsir-yesir qalmış insanlardan biri kimi o, yaxşı anlayır ki, bunların siyasi iradəsinə qarşı çıxmaq bağışlanılmır. Oğlunu bu təhlükələrdən qorumaq naminə o, nə qədər cəhd etsə də, ona hədə-qorxu gəlsə də, bu cəhdlər fayda vermədi, son nəticədə oğlundan çox aydın cavab aldı. R.Səfərov atasına yazdı ki: Əziz atam, qətiyyən narahat olma. Məni övladlıqdan rədd etsən də, məndən imtina etsən də, bil ki, sən, anam və başqa doğmalarım da nə qədər əziz olsanız da, mənim üçün millətimin müqəddəsliyi daha üstündür. Millətim rəzil gündədir.
 
Saxta cinayət işi və həbs
 
Günahsızı mühakimə edən hakim özü-özünü mühakimə edir.
P.Sir, qədim Rim şairi.
 
E.Sabiroğlunun zənni onu aldatmadı. Oğlu istefa verdikdən dərhal sonra onun haqqında qondarma cinayət işi açıldı və “rüşvət almağa” görə R.Səfərov bu ilin yanvar ayının 15-də Binəqədi məhkəməsi tərəfindən həbs edildi. Lakin, cəmi bir həftə sonra həmən oyuncaq Binəqədi məhkəməsi müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verdi. Bu hüquqi yox, siyasi qərarı verənlər səhv olaraq belə düşünürdülər ki, bununla da R.Səfərovu, eləcə də onun kimi düşünən hüquq mühafizə orqanlarının əməkdaşlarını qorxudacaq, gözlərinin odunu ala biləcəklər. Amma yanılırdılar. R.Səfərov: bir həftəlik məhbus həyatında Allaha şükr etdim, özümü seçilmişlərdən sandım ki, haqq yolunda zindan həyatı əslində hürriyyət ilə sinonimmiş ki, bu da hər kəsin nəsibi deyildir. Hazırda ev dustağıyam. Mənə qadağan edirlər ki, susum, lal, kar, kor olum! Bəylər, elə ondansa ölmək daha əfzəl deyilmi?! Göz altına almışam, ən yaxın əzizləri, dostları, tanışları itirmək bahasına olsa belə, yenidən məhbəsə qayıtsam belə, yenə də doğru bildiklərimi söyləyəcəyəm.
 
Ədalət gözəldir, lakin, əmirlərdə olsa, daha da gözəldir.
Həzrəti Mühəmməd( s).
 
Hakimiyyət R.Səfərovun susa bilməməsini özünə məxsus formada, çox sərt, düşməncəsinə dəyərləndirdi, ona nahaqdan nə az, nə çox - 9 il iş kəsdi. Bununla da Azərbaycanda ədalər mühakiməsi rüşvətxorlar, korrupsionerlər tərəfindən növbəti dəfə ləkələndi. Belələliklə də, ölkəmizin xoş gələcəyini quran yüzlərlə günahsiz mühakimə edilmiş insanların, xalqın qızıl fondu hesab edilən, zindanda da mübarizəsini davam etdirən mərd oğullarımızın cərgəsinə daha bir nəfər cəsur hüquqşunas qoşuldu.
 
Biz tarix üçün çalışırıq Bütün uğurlarıma görə gənclikdə çəkdiyim əzablara borcluyam.
Napoleon Bonapart
 
Hesab edirsiniz ki, bu gənc hüquqşunas, canı qədər sevdiyi ata-anasından, əqidə dostu Nuraydan, dostlarından ayrı düşdüyünə görə sarsıldımı, qətiyyən! Əlbəttə, o başa düşür ki, anası Tahirə xanımın iztirablı günləri hələ ki, davam edir, oğlunun şərlənərək həbs edilməsi ona dözülməz dərddir, sözə sığmayan faciədir. Bununla belə, Rüfət əmindir ki, göz yaşları ilə dəstəmaz alan hacı xanım anası dualarında onun tezliklə azad olunması üçün, eləcə də şəxsi mənafeləri naminə günahsiz insanları zindanlara dolduranların ürəyinə rəhm salınması, onların hidayət olunmaları üçün gecə-gündüz yeri-göyü yaradan Allaha(s.s.) dualar edir. Rüfət Səfərovun dediklərindən: Ölkədə azadlıq adına heç nə qalmayıb. Yalnız ”ölmək azadlığı” var. Xüsusi mülkiyyət qeyd-şərtsiz rəsmi və qeyri-rəsmi harınlar tərəfindən qəsb edilir. Ölkə əhalisinin 90 faizi acdır. Bu və buna bənzər acı reallıq məni vadar etdi ki, qorxmadan xalqımın yanında olum. Prokurorluq sistemindən nurlu bir işıq kimi keçən Rüfət bəy, inşallah, yenə ora qayıdacaq, bu dəfə onun əl-ayağına dolaşan manqurtları oradan tamam- kamal təmizləyəcək, özünün əqidədaşlarını başına toplayıb təmiz bir sistem quracaq, elə bir sistem ki, səfalət içində yaşamış insanlar borc üçün bir daha onun qapısını döyməyəcəklər. Elə bu müqəddəs, ülvi hisslərin təsirindəndir ki, bizim çoxdan başladığımız mübarizəyə qoşulan Rüfət bəy bütün haqsızlıqların,qanunsuzluqların başında dayanan , bu bəd əməllərinə görə gec-tez cavab verəcək Baş prokuror Zakir Qaralova müraciət edir. Rüfət Səfərov deyir ki: Baş prokurorun nəzərinə çatdırmaq istəyirəm ki, həm o, həm də mən bir məsələni unutmayaq. Biz tarix üçün çalışırıq...
 
Ruhum Rüfətin yanındadır.
 
İzdivac-bu tufanda sığınacaqdır, bəzən isə, sığıınacaqda tufandır.
P.San
 
Bu yazıda Rüfət bəyin həyat yoldaşı, əqidədaşı Nuray xanım haqqında bir neçə kəlmə yazmamaq mümkün deyildir. Çox sevindirici, qürür verici haldır ki, Nuray xanım həyat yoldaşının şərlənərək həbs edilməsindən sınmır, sarsılmır, onunla çiyin - çiyinə olduğunu qətiyyətlə bəyan edir. Nuray Səfərovanın yazdıqlarından: Ruhən özümü Rüfətin yanında hiss edirəm. O mənim ömür sirdaşım olaqla bərabər, həm də əqidə dostumdur. Biz birlikdə çox mətləbləri müzakirə edir və mövcud qanunsuzluqlar haqda xeyli fikir mübadiləsi aparırdıq. Bu düşüncə həmrəyliyi qırılmazdır və sonadək davam edəcəkdir. Rüfəti haqsız və ədalətsiz olaraq mühakimə edib zindana atdılar. Əzizim Rüfət! Möhkəm iradəli ol. Mən möhkəm və nikbinəm, sənə olan ədalətsizliyə qarşı mübarizədə sona qədər varam.
 
Gənc dostum Rüfət bəy! Sən necədə xoşbəxtsən ki, Nuray xanım kimi mübariz, qorxmaz, sədaqətli, əvəzsiz bir ürək dostun var. Görünür, sən o qədər saf, əməli saleh, təmiz qəlbli insansan ki, sözün bütün mənalarında belə gözəl həyat yoldaşı da Allahın sənə xüsusi bir hədiyyəsidir.