​Sürücü hər piyadaya yol verə bilməz! — QAYDALAR

 
 
Piyadaların da məsuliyyəti var; qəzaya səbəb olan piyadanı ağır cəzalandırmaq lazımdır.
 
Ölkə.Az avtosfer.az-a istinadən bildirir ki, son vaxtlar sürücülərin daha tez-tez törətdiyi qayda pozuntularından biri piyada keçidlərində piyadalara yol verməməkdir. Lakin bu qayda pozuntusuna görə məsuliyyətə cəlb etmənin hüquqi incəlikləri də var.
 
"Yol hərəkəti haqqında" Qanunun 54-cü maddəsinin I hissəsində deyilir ki, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Sürücünün piyadaya yol verməli olduğu xüsusi bir hal isə adı çəkilən qanunun 75-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulur: sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir. Bu normadan göründüyü kimi, yolayrıcında dönən sürücü hətta döndüyü yolda piyada keçidi olmasa da, piyadaya yol verməlidir. Amma təhlil edilən xətaya görə məsuliyyət məsələsini həll edərkən bir sıra məqamlara diqqət yetirilməsi zəruridir.
 
"Yol hərəkəti haqqında" Qanunun 40-cı maddəsinin II hissəsində deyilir ki, piyada nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Həmin maddənin III hissəsində isə deyilir ki, keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və svetoforun (nizamlayıcının) siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər. Deməli, nizamlanmayan piyada keçidini keçməyə başlamış piyada öz təhlükəsizliyini qorumaq üçün keçdiyi yolun hər iki istiqamətdə hərəkət zolaqlarında olan nəqliyyat vasitələrini nəzərə almalı, onlar üçün qəza şəraiti yaratmamalı və əgər yolun ortasındakı ayırıcı xətdən sonrakı zolaqlarda yaxında nəqliyyat vasitələri varsa, həmin xətt üzərində dayanaraq onların keçməsini gözləməli və bundan sonra yolu keçməyi davam etdirməlidir. Piyadalar nizamlanmayan piyada keçidində həmin normaların hər ikisinin tələbinə riayət etməyə borcludurlar. Piyadanın qəflətən yaxında olan nəqliyyat vasitəsinin qarşısında piyada keçidinə daxil olması (yaxud olmaq istəməsi) səbəbindən sürücünün ona yol verə bilmədiyi halda (bunun qəfil tormozlanma ilə ediləcəyi səbəbindən arxadan gələn nəqliyyat vasitələri üçün qəza şəraiti yaranacağı halda) sürücünün inzibati məsuliyyəti istisna edilməlidir.
 
 
Bu xətaya görə məsuliyyət məsələsini həll edərkən nəzərə almaq lazımdır ki, piyadaya yol vermək dedikdə, piyada keçidinə qədər (keçidin qarşısında) sürəti azaltmaq və ya nəqliyyat vasitəsini tam dayandırmaq yolu ilə piyada keçidini keçən piyadaya mane olmamaq başa düşülməlidir. Keçidə müəyyən məsafə qalmış sürəti xeyli azaltmaq və piyada keçdikdən sonra hərəkəti davam etdirmək də qaydalar çərçivəsindədir.
 
Nəzərə almaq lazımdır ki, piyada keçidini hər iki istiqamətdə keçən bütün piyadalara yol verilməlidir (yalnız sonuncu piyada yolu və ya müvafiq hərəkət hissəsini, yaxud hərəkət zolağını keçərək keçidi boşaltdıqdan sonra hərəkətə başlamaq olar). Bəzi yerlərdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətinin intensiv olduğu vaxt piyadalar və sürücülər bir-birinə qarşılıqlı güzəşt edərək yol verirlər. Belə hallar da qaydalar çərçivəsində sayılmalıdır.
 
Çoxzolaqlı yollarında piyadalara yol verməklə bağlı bir məqama diqqət yetirilməlidir. Əgər nizamlanmayan piyada keçidini keçməkdə olan piyada nəqliyyat vasitəsinin hərəkət etdiyi zolaqdan uzaqda piyada keçidinə daxil olsa da, nəqliyyat vasitəsinin hərəkətini davam etdirməsi ona heç bir mane yaratmırsa, bu, qaydalar çərçivəsində olacaq. Belə yollarda piyada ayırıcı xətdən (qoşa və ya tək xəttən) əks tərəfdə olduqda sürücünün ona yol verməsi məsələsinə xüsusi diqqətlə yanaşmaq lazımdır. Çünki belə halda həmin piyada 40-cı maddənin 3-cü hissəsinə əsasən ayırıcı xəttin üstündə dayanaraq yolun əks tərəfi ilə hərəkət edən nəqliyyat vasitələrini də buraxmalıdır. Bununla belə, sürücülərə tövsiyə edirəm ki, belə hallara həssaslıqla yanaşsınlar və piyadanın imkan daxilində ayırıcı xətdə dayanaraq gözləməsinə imkan verməsinlər. Amma sürücünü hərəkət etdiyi yolun uzaqdakı zolaqlarını, xüsusən də əks istiqamətli zolaqları keçməkdə olan və mane olmadığı piyadaya yol verməməyə görə məsuliyyətə cəlb etmək doğru deyil. Sürücü yalnız o halda məsuliyyətə cəlb edilə bilər ki, hərəkət etdiyi yolu keçməkdə olan piyadaya mane olsun.
 
Sürücülərin çoxzolaqlı yollarda piyadaya yol verməməsinin xüsusi bir halı YHQ-nin 54-cü maddəsinin 2-ci hissəsinin tələbini pozmada ifadə olunacaq. Başqa sözlə, əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücülərinin dayanmış və ya sürətini azaltmış nəqliyyat vasitəsinin qarşısında piyada keçidini keçməkdə olan piyadaya yolun həmin hissəsini keçməyə imkan verməməsi də məsuliyyətə səbəb olacaq. Qeyd olunan halda qonşu (yəni dayanmış nəqliyyat vasitəsinin həm sağındakı, həm də solundakı) zolaqla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü dayanmış və ya sürətini azaltmış nəqliyyat vasitəsinin qarşısındakı piyada keçidində piyadaların olmadığına əmin olduqdan sonra hərəkəti davam etdirməlidir, piyada olduqda isə sürəti lazımi dərəcədə azaltmaqla və ya tam dayanmaqla piyadanın (piyadaların) onun hərəkət etdiyi hissədə piyada keçidini keçməsinə imkan yaratmalıdır.
 
Yolayrıclarında dönərkən piyadaya yol verməmək məsələsi bir qədər fərqli məzmuna malik olsa da, yenə də yalnız yol vermə vəziyyəti olduqda və sürücü yol vermədikdə məsuliyyətə cəlb edilə bilər. Nəzərə almaq lazımdır ki, yolayrıcının svetoforla nizamlanan və ya nizamlanmayan olmasından asılı olmayaraq dönən sürücü piyadaya yol verməlidir. Amma piyada onun hərəkətini qadağan edən svetofor siqnalı olduqda yolayrıcını keçmək istəyirsə, sürücü ona yol verməli deyil. Belə halda sürücülərə son dərəcə diqqətli olmağı tövsiyə edirəm, lakin həmin vəziyyətdə piyadaya yol verməməyə görə sürücü məsuliyyətə cəlb oluna bilməz.
 
Sonda qeyd edim ki, yolayrıcından kənardakı nizamlanmayan piyada keçidində piyadaya yol verməmək İXM-in 151-3-cü maddəsi üzrə 50 manat cərimənin, yolayrıcında dönərkən piyadaya yol verməmək isə İXM-in 151.2-ci maddəsi üzrə 60 manat cərimənin və 3 cərimə balının tətbiqinə səbəb olur.