Supergüclər İŞİD-i “dirildir”

 
    
 
Bir müddət öncə Suriyanın İŞİD terrorçularından təmizlənməsi haqqında məlumatlar yayıldı. Bu ölkədə müharibənin bitdiyi elan olundu. Ancaq ABŞ-ın mövqeyi digərlərinə nisbətən fərqli oldu. Belə ki, ABŞ Suriyada hələ müharibənin bitmədiyini dedi. Son yayılan xəbərlərdən görünür ki, İŞİD yenidən baş qaldırmağa başlayıb. Belə ki, İŞİD terror qruplaşmasının döyüşçüləri Dəməşqin cənubundakı at-Tadamon rayonuna hücüm ediblər. Bu barədə “Directorate 4 Telegram” kanalı “Amaq” agentliyinə istinadən xəbər yayıb. İŞİD nümayəndələrinin sözlərinə görə, onlar rayonda bir neçə əsas mövqeni ələ keçiriblər. Toqquşmaların gedişatında bir neçə Suriya hərbçisi öldürülüb və yaralanıb. Maraqlıdır, ABŞ Suriyada müharibə bitməyib deyəndə bunu nəzərdə tuturdu?
 
“Cümhuriyət” qəzetinə açıqlamasında  politoloq Elşən Manafov deyib ki, ABŞ heç bir vaxt İŞİD-lə əlaqələrini kəsməyib:
 
“Əl-Qaidə və İŞİD-in ABŞ xüsusi xidmət orqanlarına bağlılığına təkzibolunmaz məlumatlar var. Zamanında İŞİD-in boy göstərdiyi yerlərdə ABŞ-ın geosiyasi maraqları olmuşdu. Xatırlayırsızsa, bir müddət öncə İŞİD lideri Bağdadinin öldürülməsi haqqında məlumatlar yayılırdı. Lakin bir müddət sonra ABŞ xüsusi xidmət orqanları Bağdadinin öldürülmədiyinə dair faktlar ortaya çıxardı. Əslində Mərkəzi Kəşfiyyat İdarəsi bununla göstərdi ki, İŞİD liderinin onlarla bu və ya digər formada əlaqələri var. Konkret olaraq İŞİD-in nə zaman və harda meydana çıxacağı ilə bağlı məlumatlar ABŞ xüsusi xidmət orqanlarında var. Rusiya prezidenti Vladimir Putinin Suriya, Qahirə və Türkiyəyə olan məlum səfərindən sonra verdiyi bəyanatlar nəzərə alsaq, aydın olur ki, Əsəd rejimi artıq Suriyanın 60-70 faizinə nəzarət edir. Bu mənada hal-hazırda Suriya ərazisinin 20 faizdən çoxu hələ də İŞİD-in nəzarəti altındadır. Qalan ərazilərə isə müxalifət nəzarət edir”.
 
 
Elşən Manafov hesab edir ki, ABŞ hələ də Suriyada fəaliyyət göstərən terrorçu quruplaşmalara silah və maliyyə yardımı edir:
 
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trampla telefon danışığında ABŞ-ı PKK terror təşkilatına və onun Suriya qollarına verdiyi silah və maliyyə yardımlarını dayandırmağa çağırdı. ABŞ bundan sonra PKK-ya dəstəyin dayandırıldığını bəyan etdi. Ancaq sonradan məlum oldu ki, ABŞ PKK-nın qollarına maliyyə və silah dəstəyindən imtina etməyib. Bu onu göstərir ki, ABŞ-ın istər İŞİD, istərsə də PKK və onun qolları ilə əlaqələri var. ABŞ hələ də Suriyanın parçalanması planından geri çəkilməyib. Baxmayaraq ki, ABŞ-ın bu istəyinin qarşısı Rusiya, İran və Türkiyə birliyi tərəfindən alındı. Görünən odur ki, Suriya probleminin çözülməsində ABŞ Rusiyanın təzyiqləri nəticəsində geri çəkilib. ABŞ çalışır ki, İraq və Suriya üzərində mövqeyini gücləndirsin və ərazidə olan neft yataqlarında əsas söz sahibi olsun. Digər tərəfdən, ABŞ İŞİD və digər terror təşkilatları vasitəsilə Rusiya, Türkiyə və İranın maraqlarını hədəfdə saxlamaq istəyir. ABŞ həm də Suriyanı parçalamaq, burada məlum “Kürdüstan layihəsi”ni gerçəkləşdirmək istəyir. Lakin bu plan Türkiyə, İran, Suriya və İraqın maraqlarına cavab vermir. ABŞ hal-hazırda Suriyada küncə sıxışdırılıb. Ancaq ABŞ ümid edir ki, Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səmərə verəcək. Fikrimcə, ABŞ hal-hazırda MDB məkanında rəngli inqilablar hazırlayır. Ancaq ABŞ prezidenti Donald Tramp proqnozlaşdırılan siyasətçi deyil. Trampın Qüdslə bağlı qərarı daha çox Rusiya, İran və müəyyən mənada Türkiyənin maraqlarına xidmət etdi. Yəqin ki, adıçəkilən dövlətlər bu məsələdən ABŞ-la ərəb dünyası arasında münasibətlərin gərginləşməsi üçün istifadə edəcəklər. Düşünürəm ki, hal-hazırda ABŞ-ın ən böyük problemi Tramp özüdür. Güman edirəm ki, yaxın günlərdə ABŞ xüsusi xidmət orqanları İŞİD-lə bağlı məsələlərə də aydınlıq gətirəcək. Ancaq bütün hallarda ABŞ-ın bölgədə maraqları var və buna görə də İŞİD-lə əlaqələr tam kəsilməyəcək. Ancaq Rusiya prezidenti dedi ki, İŞİD yenə baş qaldırarsa, ona çox güclü zərbə endiriləcək. Bu isə çox ciddi bəyanatdır”.
 
Vilayət Muxtar
 
Cebhe.info

Загрузка...
Загрузка...