​Sülhəddin Əkbər: “Özbəkistanda İslam hərəkatı çoxdan fürsət gözləyir” - MÜSAHİBƏ

 
Teleqraf.com-un suallarına Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər cavablandırıb.
 
-Sülhəddin bəy, Özbəkistan prezidenti İslam Kərimovun vəfatından sonra bu ölkədə siyasi vəziyyəti necə görürsünüz?
 
-İndi hamını bir sual düşündürür: hər şeyin bağlı olduğu bir adam artıq həyatda yoxdur. Bundan sonra Özbəkistanda nələr baş verəcək?
 
Əlbəttə, Özbəkistanda sabitliyin necə qorunacağı, İslam hərəkatının ölkəyə daxil olub-olmayacağı, klanlar arası münasibətlər necə olacağı, xarici oriyentasiyanın istiqaməti ən aktual suallardır. Mən bu sualların bir müddət davam edəcəyini düşünürəm. Hesab edirəm ki, bu suallara cavab vermək üçün gözləməyə ehtiyac var.
 
Nəzərə almaq lazımdır ki, Özbəkistana həm daxildən, həm də xaricdən təsir edəcək faktorlar çoxdur. Bu dinamikanın necə işləyəcəyindən və balansın hansı istiqamətə dəyişəcəyindən asılı olacaq.
 
- Özbəkistanda gərginlik ehtimalı nə dərəcədə realdır?
 
- Gərginlik ola bilər. Bir tərəfdən hakimiyyət böyük ehtimalla Kərimovlar ailəsinin əlindən çıxacaq. Həm də hakimiyyət daxilində müxtəlif klanlar var və onların hakimiyyət uğrunda mübarizə aparıb-aparmadığı məlum deyil. Eyni zamanda xarici oyunçular aktivləşəcək.
 
Fikrimcə, Özbəkistan müxalifəti aktivləşəcək. Amma burada ən təhlükəli qüvvə Özbəkistan İslam Hərəkatıdır. Bildiyiniz kimi Özbəkistan İslam Hərəkatı Əfqanıstanda Əl-Kaidə ilə sıx əlaqədədir, xüsusilə İŞİD-lə. Onlar çoxdandır belə bir fürsət gözləyir. Mənə elə gəlir ki, indi bütün diqqət Özbəkistan İslam Hərəkatının üzərinə yönəlməlidir.
 
Uzun müddətdir Əfqanıstanın şimalında ciddi mübarizə gedir. 2014-cü ildən bu təhlükə gözlənilir. ABŞ hərbi qüvvələri Əfqanıstandan çıxdıqdan sonra Rusiya narahat idi ki, islamçı qüvvələr Mərkəzi Asiyaya doğru yönələcək və sabitliyi pozmağa çalışacaq.
 
O dövrdən başlayaraq Rusiya Mərkəzi Asiyada sərhədləri möhkəmləndirməklə məşğuldu. Təsəvvür edin, vəziyyət o həddə çatmışdı ki, Rusiya Pakistan kəşfiyyatı ilə əlaqəyə girib Mərkəzi Asiyanın Əfqanıstanla olan ərazilərində İŞİD və Əl-Kaidanın yerləşməsindənsə, Talibanın yerləşməsinə üstünlük verir.
 
İndi Rusiya Talibana dəstək verir ki, Əfqanıstanın şimal sərhədlərində möhkəmlənsin. Əks təqdirdə İŞİD və Əl-Kaida ilə bağlı qüvvələr buradan Mərkəzi Asiyaya sıza və sabitliyi poza bilər. İndi bir qədər gözləmək lazımdır. Əgər biz diqqətlə baxsaq görərik ki, əslində bir sıra regionlarda müəyyən proseslər müşahidə edilir. Məsələn, Cənubi Amerikada, Afrikada, Yaxın və Orta Şərqdə müəyyən proseslər gedir.
 
Sanki geopolitik qarşıdurma həm qlobal, həm də regional müstəvidə davam edir. Artıq Mərkəzi Asiyada da bu oyunun təzahürləri müşahidə edilir. Bir müddət əvvəl Qazaxıstanda gedən proseslərlə bu mərhələ başlamışdı, Özbəkistanla isə yeni imkan qazanacaq.
 
-Hazırda beynəlxalq oyunçulardan hansının Özbəkistana daha çox təsiri var?
 
-Daha çox Rusiya, Çin və ABŞ-ın.
 
-Özbəkistanda Kərimovdan sonra hakimiyyəti götürəcək güclü siyasi fiqur varmı?
 
-Açıq mənbələrdən gələn informasiyalara əsasən, belə bir şəxs hazırda ölkənin baş naziri olan Şövkət Mirzəyevdir. Əgər baş nazir İslam Kərimovun ailəsinin və hüquq-mühafizə orqanlarının dəstəyini ala biləcəksə şansı daha çox olacaq. Fikrimcə, Rusiyanın ona dəstəyi daha çox görünür. Bu gün üçün onun şansı daha çoxdur. Amma sabah nə olacağını demək çətindir.
 
- Bu mərhələdən sonra Özbəkistanın siyasi oriyentasiyasında dəyişiklik baş verə bilərmi, yoxsa indiki xətt davam edəcək?
 
- Dəyişiklik ola bilər. Nəzərinizə çatdırım ki, hələ İslam Kərimovun zamanında da belə dəyişikliklər baş verirdi. İslam Kərimov zamanla Rusiya, zamanla Amerika ilə yaxınlaşırdı, bəzən neytral qalırdı.
 
Özbəkistanın coğrafi mövqeyi elədir ki, Rusiya ilə birbaşa sərhəddi olmadığı üçün manevr etmək imkanları olur. Bu mənada hakimiyyətə gələn qüvvə hansı tərəfə meyli olmasından asılı olmayaraq gələcəkdə oriyentasiyanı dəyişə bilər. Bu, əsasən Mərkəzi Asiyada geopolitik təşəbbüsün kimin əlinə keçəcəyindən asılıdır.