"Stoltenberq Trampı Rusiyanın şirin vədlərinə inanmamağa çağırıb" — Hərbi ekspert

 
 
NATO gələn il üçün hərbi xərcləri artıracaq.
 
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, regionda vəziyyətin gərgin olmasını nəzərə alaraq Avropa İttifaqı ölkələri və Kanada gələn ilki hərbi xərclərini 3% artıracaqlar. Buna səbəb kimi NATO-nun dünyada öz üzərinə götürdüyü missiyanı misal gətirib.
 
Yens Stoltenberq ABŞ-ın yeni seçilmiş prezidenti ilə bağlı da fikir səsləndirib. O bildirib ki, yeni seçilmiş ABŞ Administrasiyası bu sahədə illərdir yürüdülən siyasəti davam etdirəcək.
 
NATO-nun gələn il üçün planı barədə hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az-a danışıb:
 
"Yaxşı bir şey gözlənilmir. Ona görə ki, vəziyyət get-gedə ciddiləşir və vəziyyətin də ciddiləşməsi tərəflər arasında ciddi qarşıdurmaya gətirib çıxaracaq.
 
Son zamanlar keçmiş Varşava müqaviləsinin varisi olan Rusiya ilə hal-hazırda fəaliyyət göstərən NATO arasında çox böyük münaqişələr yaşanır. Düzdür, hələlik bunlar sözdə yaşanır, ancaq heç kim zəmanət verə bilməz ki, sabah dünyanın bu və ya digər nöqtəsində hansısa ciddi toquşmalara gətirib çıxarmayacaq. Hesab edirəm ki, NATO-nun baş katibi də təkbaşına bu qərarları vermir. Adətən onlar məsləhətləşirlər, vəziyyəti təhlil edirlər, ondan sonra müəyyən fikir səsləndirirlər.
 
Dünən NATO-nun baş katibi Yens Stoltenberqin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı olub. Telefon danışığında NATO-nun baş katibi Yens Stoltenberq Donald Trampı Rusiyanın şirin vədlərinə inanmamağa çağırıb.
 
Hamı bilir ki, NATO deyəndə ABŞ başa düşülür. Ona görə də, müdafiə xərclərinin artırılması labütdür. ABŞ-dan çox şey asılıdır, ancaq hər şey yox, çünki ABŞ-dan başqa digər müttəfiqlər də var. O müttəfiqlər də başa düşür ki, NATO-nun heç bir halda zəifləməsinə yol vermək olmaz.
 
Əsas məsələ odur ki, Trampla NATO-nun baş katibi Yens Stoltenberq razılığa gəliblər ki, hərbi xərcləri azaltmaq olmaz".

Загрузка...
Загрузка...