​Stilistlər Xatirə İslamı müdafiə etdi: “Aygünlə Röya kosmosdan gəlib?”

 
Müğənni Xatirə İslamın 5/5 verilişində geyindiyi transparan əlbisəsi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.
 
Teleqraf.com xəbər verir ki, sosial şəbəkə istifadəçiləri “İyrənc görünür”, “Bu geyim ailəli qadına yaraşmır, Aygün və Röya geyinsə hə... Sizə yaraşmadı” kimi şərhlər yazaraq ifaçının geyimini tənqid ediblər.
 
Xatirə İslam isə tənqidləri cavabsız qoymayıb: “Artıq mənim özüməxsus geyimlərimə öyrəşin. Hərdən belə də olur”.
 
Stilist Anar Ağakişiyevin Xatirə İslamın geyiminə münasibəti belə olub: “Görün kim kimə nə məsləhət görür? Araşdırsaq, görərik ki, bunlar tamaşaçı fikri deyil, Xatirənin sənət yoldaşlarının yazdıqlarıdır. Özləri bilə-bilə Xatirənin geyimini tənqid edirlər. Düşünürlər ki, Xatirə mini geyinər, irəli gedər, onlar qalar.
 
Əslində, Xatirə İslam sənəti və zövqü baxımından da irəlidədir. Çox gözəl paltardır və şəxsən mənim çox xoşuma gəldi. Təsadüfən gördüm, mən də təəccübləndim. Çünki Xatirə xanım həmişə qapalı, uzunqol geyinib. Hər zaman təklif etmək istəyirdim ki, daha da görkəmli geyimlər geyinsin. Dediyim kimi çox gözəl geyimdir, 3 sm uzun olsaydı, daha yaxşı olardı. Xatirə xanımın gözəl ayaqları var. Əlbisə də yaxşı qalır. Kim yazır ki, Aygün, Röya xanım geyinsəydi, onlara yaraşardı, sən ailəli xanımsan və s.onların fikri ilə razı deyiləm.
 
Ümumiyyətlə, belə sözlərə ehtiyac yoxdur. Xeyir ola, Aygün Kazımova, Röya Ayxan da ailəli olub. Onlar kosmosdan gəliblər? İnsana ailəsinə görə paltar yaraşdırmaq düzgün deyil. Sənət gözəllik tələb edir. Beyons səhnəyə çimərlik geyiminə oxşar paltarlarda çıxır. O, ailəli deyil? Küçə xanımı hesab edilir? Sadəcə, demək istəyirəm ki, ürək bulandırmasınlar. Hər zaman Xatirə xanımın paltarla bağlı belə problemləri olur. Nə olsun ki, ailəli xanımdır. Mini gözəl paltardır və yaraşır. Məncə, Xatirə xanım heç kimə fikir verməsin. Belə də davam etsin. Çünki şou-biznesdə boşluqdur. Yeniliklərə və yeni imicə ehtiyac var”.
 
Stilist Samir (Samiraldo) Əliyev də Xatirə İslama əlbisənin yaraşdığını deyib: “Qoy geyinsin. Niyə paxıllıq edirlər? Gözəl ayaqları var və əlbisə Xatirəyə yaraşır. Əyri ayaqları olanlara qısa don yaraşmır. Xahiş edirəm, dediyim kimi yazın”.