Stalinin Rəsulzadə ilə birlikdə həbsdən qurtardığı Cümhuriyyət naziri- TARİX

 
 
 
 
Rəşid bəy Qaplanov Azərbaycan Cümhuriyyəti hökumətində ayrı-ayrı vaxtlarda iki nazir vəzifəsini yerinə yetirib.
 
Moderator.az  xəbər verir ki, 1917-ci il dekabrın 14-dən 1918-ci il martın 8-nə qədər Terek-Dağıstan hökumətinin sədri və eyni zamanda xarici əlaqələrin rəhbəri olan Rəşid xan Qaplanov 1918-ci il mayın 11-də Terek-Dağıstan hökuməti, Çeçenistan və Dağıstanın Dağlı hökuməti, Şimali Qafqaz Əmirliyi (Çeçenistan) və Şimali Qafqaz imamlığı birləşərək Şimali Qafqaz Dağlıları Cümhuriyyəti yarandıqda bu hökümətdə parlament üzvü, 1918-ci il dekabrın 12-dən isə daxili işlər naziri kimi fəaliyyətini davam etdirib.
 
1919-cu il martın 5-də hökümət istefa verdikdə Rəşid xan ağqvardiyaçılarla əməkdaşlıq edən yeni kabinetdə iştirak etməyərək Bakıya gəlir.
 
Bakı Dövlət Universiteti uğrunda mübarizə
 
Rəşid xan Qaplanov Bakıya gəldikdən az sonra, yəni martın 14-də Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi dördüncü hökümət kabinəsində onu xalq maarifi və dini etiqadlar naziri təyin edirlər. Eyni zamanda “Əhrar” partiyasının üzvü kimi ölkənin siyasi həyatında yaxından iştirak etməyə başlayır. Azərbaycanda ilk universitetin aşılmasında, xaricdə oxumağa tələbələr göndərilməsində, ümumtəsil məktəbləri şəbəkəsinin genişləndirilməsində onun rolu olduqca böyük olur. Universitet açmaq üçün uyğun vaxt olmadığını söyləyən parlament üzvlərinə, hətta partiyadaşlarına belə çox sərt cavablar verərək, bu işi ləngitməyi böyük günah sayır. Universitet işə başladıqda isə kadr çatışmadığına görə özü Osmanlı tarixi və ədəbiyyatından dərs deyir. Onun fikrincə, universitet yalnız tədris deyil, daha çox milli-mənəvi mərkəz kimi fəaliyyət göstərməli, buradakı elmi personal Azərbaycanı öz qədim tarixi, mədəniyyəti, zəngin yeraltı və yerüstü sərvətləri ilə dünyaya tanıtmalıdı.
 
Qaplanov – devalvasiyanın qənimi
 
Rəşid xan Qaplanov 1885-ci ildə kumık Qaplanovlar əsilzadə sülaləsində doğulub. Vladiqafqazda realnı məktəbi, 1910-cu ildə Parisdəki Sorbon Universitetinin hüquq fakültəsini bitirib. İstanbul Universitetinə dəvət olunub, 1913-cü ilədək orada dərs deyib. Həmin il Vladiqafqaza qayıtmış, şəhər dairə məhkəməsində andlı müvəkkil müavini vəzifəsində çalışıb.
Onun təhsil naziri olduğu zaman Bakıda və Azərbaycanın bir çox şəhərində yeni məktəblər fəaliyyətə başladı. Azərbaycan  Cümhuriyyətinin 5-ci hökumət kabinəsində Qaplanov maliyyə naziri təyin olunur, dövriyyəyə buraxılan pulların qiymətdən düşməməsi və devalyuasiyaya uğramaması üçün böyük səy göstərib. 1920-ci il fevralın əvvəllində Bakı bonlarının Zaqafqaziya pulları ilə dəyişdirilməsini dayandırmaq barədə qərar verir. Qərara əsasən, "500 manat" dəyərində olan kağız pul əlli beş seriya ilə dövriyyəyə buraxılmışdı. Pulun üzərində baş nazir Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Rəşid xan Qaplanovun imzaları vardı.
 
Aprel işğalından (1920) bir həftə əvvəl Qaplanov Batuma ixrac edilən neft və neft məhsulları üçün rüsumların yalnız Azərbaycan pulu ilə ödənilməsi haqqında sərəncam verib.
 
Tarixi fakt
 
Bolşeviklər Azərbaycanı işğal etdikdən az sonra, yəni 1920-ci ilin iyununda Rəşid Qaplanovu həbs edirlər. Həmin dövrdə Bakıdan gələn Stalin, Məmmədəmin Rəsulzadə ilə birlikdə Rəşid xan Qaplanovu da həbsdən azad etdirir. Görünür, həmin dövrdə Dağıstan İnqilab Komitəsinin sədri olan Cəlaləddin Qorxmazov Stalini inandıra bilib ki, yeni hökümətin Rəşid xan kimi savadlı və təşklatçılıq bacarığı yüksək olan kadrlara ehtiyacı var.
 
Bakıdan getdikdən sonra onu həbs etsələr də az sonra azad etməli olurlar. Moskvaya gedən Rəşid xan Qaplanov Rusiya Sosialist Federal Cümhuriyyəti Xalq Maarifi Komissarlığında çalışır, habelə Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində və Moskva Şərqşünaslıq İnstitutunda orta əsrlər və yeni dövr türk tarixi üzrə mühazirələr oxuyur. 1923-cü ildə Moskvada “Osmanlı tarixi üzrə mühazirələr” kitabı litoqrafiya üsulu ilə çap olunur.
 
1937-ci ildə yaxın dostları və məsləkdaşları kimi onu da həbs edərək dekabrın 10-da güllələyirlər. Lakin ona bəraət 1937-də repressiyaya məruz qalanların əksəriyyəti kimi 1956-ci ildə deyil, 1991-ci ilin aprelin 29-da verilir.
 
Qeyd: Məqalədə araşdırmaçı- alim Əli Şamil Rəşid bəy Qaplanova həsr etdiyi araşdırmadan istifadə edilib.
 
Elmin Nuri

Загрузка...
Загрузка...