SSRİ dövründə qadağan olunmuş kitab Azərbaycan dilində nəşr olunub

Aprel ayının 24-də Milli Fikir Mərkəzinin təşkilatçılığı ilə mərkəzin ofisində rus yazıçı Qriqori Petrovun MFM-in Tərcümə Şöbəsi tərəfindən tərcümə edilən “Bəyaz zanbaqlar ölkəsində” kitabının təqdimatı keçirilib.
“Bəyaz zanbaqlar ölkəsində” Milli Fikir Mərkəzi və “Kitabıstan” yayınlarının ilk kitabıdır. Yazıçı əsərdə ilk öncə İsveçin, sonra isə Rusiya İmperiyasının əsarətində olan Finlandiyada ziyalılarının başladığı aydınlanma hərəkatından, ölkənin inkişafından bəhs edir.
Təqdimat mərasimini giriş sözü ilə “Kitabıstan”ın koordinatoru, yazar Nicat Həşimzadə açıb. O, kitab haqqında qısa fikirlərini bildirib:
“Təəssüflər olsun ki, Azərbaycan gəncliyi Kamyunun “İnsanlar ölür və xoşbəxt deyillər” fikrini öz həyat məqsədlərinə çeviriblər. Onlar nihilizmə qapılırlar. Biz onları xilas etməliyik. Bu kitab əzilməkdə, batmaqda olan bir xalqın inkişaf yollarını göstərir.
Mənim üçün ən maraqlı gələn obrazlardan biri Keşiş Luka McDonald idi. O, öz dövrünün din adamlarına qarşı çıxır və bildirir ki, dində islahatlar olmalıdır. Bu, bizdə də vacib məsələdir. Bu kitab insana çıxış yolu göstərir”.
Daha sonra Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadəyə kitabın Milli Fikir Mərkəzinin yaranma amalını izah etdiyini bildirib:
“Bu kitab bir xalqın ziyalılarının əl-ələ verərək ölkələrini və xalqlarını bataqlıqdan çıxardığını göstərir. Bir xalqı onun aydın düşüncəli insanları, ziyalıları xilas edə bilər. Finlandiyada sahibkarlar da öz xalqı üçün çalışan ziyalılara dəstək verirdi. Beləcə çöküşə sürüklənən bir ölkə indi bizim adını ilklərdə eşitdiyimiz dövlətə çevrilib.
“Bəyaz zanbaqlar ölkəsində” həm də Milli Fikir Mərkəzinin yaranma amalını göstərir. Bizim başlıca məqsədimiz gənclərimizin oxuması və öyrənməsidir”.
Kitabın təqdimatında iştirak edən digər qonaqlara da söz verildi. Təqdimatda iştirak edən keçmiş daxili işlər naziri İsgəndər Həmidov Finlandiya-SSRİ müharibəsi haqda danışıb və bildirib ki, iki milyon əhalisi olan ölkə bir il SSRİ ilə müharibə aparıb: “Bunların hamısı vaxtında başladılmış və müsbət nəticələnən aydınlanma hərəkatının nəticəsidir”.