Sərkisyanı Əliyevlə görüşə gedəndə aeroportda öldürmək planı...

Bu gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsinin rəisinin birinci müavini Mikael Ambarsumyan İrəvanda keçirdiyi mətbuat konfransında ötən ilin noyabrnda həbs edilmiş silahlı qrupun istintaqına dair bəzi detalları açıqlayıb.
Ambarsumyan deyib ki, həmin qrupun əsas məqsədi Ermənistanda silahlı dövlət çevrilişi həyata keçirməkdən ibarət idi.

Qrupun hədəfində dövlət hakimiyyət orqanları, o cümlədən prezident iqamətgahı, parlament, Konstitusiya Məhkəmsi, habelə İctimai Televiziya olub. Çevrilişi noyabrın ortalarında həyata keçirmək nəzərdə tutulurdu.
Qrup üzvləri hüquq-mühafizə orqanlarının diqqətini sentyabr-oktyabr aylarında cəlb edib. Onların öz aralarında danışmaq üçün istifadə etdikləri telefon nömrəsi dinlənilib.
Silahlı qrupun üzvləri dövlət çevrilişinə hazırlıq məqsədi ilə Serj Sərkisyanın iqamətgahı da daxil olmaqla hücum planlaşdırılan binaların yerləşdiyi ərazini, videomüşahidə kameralarının yerlərini öyrəniblər.
Prezidentin mühafizə xidmətinin necə işlədiyini araşdırmaq üçün qrup üzvləri Sərkisyanın Gümrüdə kilsə açılışındakı iştirakını videokameralara çəkiblər.
Ambarsumyanın dediyinə görə, qrupun rəhbəri Artur Vardanyan uzun müddət Yaxın Şərqdə, habelə Suriyanın Kesab erməni qəsəbəsində olub. Kesab qəsəbəsi Əsəd qüvvələri tərəfindən geri alınmazdan əvvəl oranı tərk edib və Ermənistana gəlib.
Qrup çevrilişdən sonra İctimai Televiziya ilə yayılacaq videomüraciəti də hazırlayıb. Habelə onlardan xarici səfirliklərə göndərilmək üçün nəzərdə tutulan, ingilis dilində hazırlanan bəyanat tapılıb.
Bundan əvvəl Ermənistan mətbuatında xəbər verilmişdi ki, silahlı qrup Sərkisyana da sui-qəsd hazırlayıb. Lakin Mikael Ambarsumyan deyib ki, məsələ belə deyil. Qrupun bəzi üzvləri doğrudan da belə təklif veriblər, ancaq qrupun rəhbəri bu planı rədd edib.
İdeya ondan ibarət olub ki, silahlı qrup Sərkisyan Qarabağ danışıqları üçün İsveçrəyə, Azərbaycan prezidenti ilə görüşə gedərkən onun təyyarəsi “Zvartnots” aeroportunda partladılsın.
“Biz planın həyata keçirilməsi üçün nəzərdə tutulan yeri yoxladıq. Faktiki olaraq bunu etmək mümkün idi, ancaq Artur Vardanyan yekun qərar qəbul etməyib, hər şey müzakirə mərhələsində olub” - Ambarsumyan deyib.