Sərkisyana meyxana demək bir ailəni belə məhv etdi – Özəl/Video

Baxış sayı: 
452
0  
0  

 
Bizə bir azərbaycanlı kimi təzyiqlər əvvəllər də var idi, amma bu təzyiqlər oğlumun dostları ilə həvəskar çəkiliş edib Yutuba yerləşdirdiyi videodan sonra xüsusilə kəskinləşdi və bizim Rusiyadan deportasiya edilməyimizlə nəticələndi.
 
Bunu Teleqraf.com-a açıqlamasında Rusiyadan deportasiya olunması ilə bağlı qərar qəbul edilən və hazırda xüsusi sığınacaqda saxlanılan Həsənovlar ailəsinin başçısı Mais Həsənov deyib.
 
M.Həsənov qeyd edib ki, 1978-ci ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olub. Ailəsi 4 nəfərdən – özü, həyat yoldaşı, 9 yaşlı oğlu və 4 yaşlı qızından ibarətdir. Övladlarının böyüyü Azərbaycanda, kiçiyi Rusiyada dünyaya gəlib: “2001-ci ildən Moskvada yaşayıb işləyirəm. Son beş ildə isə daimi olaraq Həştərxan vilayətinin Axtyubinsk rayonunun Udaçnı kəndində yaşayıram. Moskvada yaşayanda da Həştərxanla əlaqəli işləyirdim. Burada pomidor və digər tərəvəz məhsulları becərib, onu Moskvaya aparırdım. Sonra burda ev aldım və Azərbaycanda yaşayan ailəmi də bura gətirdim. Normal, sakit bir həyat sürürdük. Kənddə hamı ilə münasibətimiz hamar idi. İnsanlarla yaxşı yola gedirdik. Öz zəhmətim sayəsində yaxşı qazanırdım, axır vaxtlar isə imkan vermirdilər. Heç küçəyə çıxmağa qoymurdular. Dövlət qurumlarında vaxtaşırı olaraq üzləşdiyim haqsızlıqlara daim etiraz səsimi ucaldırdım. Məsələn, onlar qanunsuz şəkildə pul tələb edəndə vermirdim. Bu da onların xoşuna gəlmirdi. Çünki onlar buna öyrəşməyiblər. Əfsuslar olsun ki, əksər azərbaycanlılar onların dediklərinə cavab qaytarmırlar, istədiklərini yerinə yetirirlər. Bu münaqişəli vəziyyət üç-dörd il davam etdi, axırda rayonun inzibati orqanları məsələni bu şəkildə qoydular ki, sənə bu ölkədə yaşamağa imkan verməyəcəyik. Daha çox Federal Miqrasiya Xidmətinin məmurları ilə sözümüz düz gəlmirdi”.
 
M.Həsənov bildirib ki, oğlu Mehdi meyxanaya deməyə meyillidir: “Üçüncü sinifdə oxuyur, dərs əlaçısıdır, çoxlu fəxri fərmanları var. Amma dərs əlaçısı olmaqla yanaşı, bir də görürsən özündən bədahətən qafiyələr deyir. Məktəbdə, klubda təşkil olunan bütün tədbirlərdə yaxından iştirak edirdi. Avqustun sonlarında Ermənistan prezidentinin ünvanına meyxana deyib, onu dostları ilə Yutuba yerləşdirib. Əsl güclü təzyiqlər də bundan sonra başladı. İki dəfə kəndin düz ortasında yad bir adam xarici markalı maşınla gəlib məktəbdən çıxan Mehdinin qarşısını kəsib, ondan kobud şəkildə soruşub ki, o meyxananı deyən sənsən?! Mehdi bunu mənə deyəndə onu sakitləşdirdim ki, qoy qorxmasın. Bundan sonra uşağı məktəbə özüm aparıb gətirməyə başladım. Həmin günlərdə iki dəfə də şəhərdə mənimlə “sənin uşağın çox ağını çıxarır, sən niyə belə edirsən” məzmununda söhbət oldu. Sonra heç bir əsas olmadan evə gəlib çox sərt şəkildə həyat yoldaşımı və məni Federal Miqrasiya Xidmətinə aparıb sənədlərimizi yoxladılar, sonra məhkəməyə apardılar. Uşaqları isə kimsəsiz vəziyyətdə evdə saxladılar. Məhkəmə ərəfəsində hamilə vəziyyətdə olan həyat yoldaşımın vəziyyəti pisləşdi və təcili tibbi yardım çağırmalı olduq. Həkimlər bildirdilər ki, bu vəziyyətdə olan insanı mühakimə etmək olmaz. Federal Mirqasiya Xidmətinin əməkdaşları həkimlərə təzyiq etməyə başladılar ki, “yox, e, biz bu gün bunları xüsusi sığınacağa yerləşdirməliyik”. Həkimlər onlardan qorxdu, mən həkimlərə bildirdim ki, əgər xəstəyə bir şey olsa, siz cavab verəcəksiz. Mənim bu özbaşınalıqlara etirazım əl-qolumun bağlı şəkildə məhkəməyə, ordan da xüsusi sığınacağa gətirilməyimlə nəticələndi. Evə baş çəkib uşaqları yoluxmağa belə imkan vermədilər”.
 
M.Həsənov daha sonra deyib:
 
“Bizim nəinki evdəki pulumuz, dəyərli əşyalar, həyətdəki toyuq-cücələr, qazlar, ördəklər hamısı yoxa çıxdı. Hər şeyimizi itirdik, yəni heç bilmədik ki, necə oldu. Beş ildə əziyyətlə qurub-yaratdığımız bir anda yox oldu. Həqiqətən dəhşətlidir. Mən onsuz da administrativ orqanların hamısına – məhkəməyə, Federal Miqrasiya Xidmətinə, Federal Təhlükəsizlik Xidmətinə demişdim ki, uşaqlarım təhlükədə olduğu üçün bu yaxında vətənimə qayıdıram. Heç olmasa mənə bir ay möhlət verin, evimi, həyətimi, əşyalarımı satım, insan kimi gedim. Buna da imkan vermədilər. Bunların özbaşınalıqları barədə Moskvaya dəfələrlə teleqram vurmuşam. Mehdi Rusiya Prezidenti Vladimir Putinə dəfələrlə videomüraciət edib. Mən etdiyim müraciətlərin hamısının surətini və xəbərnamələrini saxladığıma görə onlar qorxurdular. Onlara oğlumun oxuduğu meyxana sayaq bir bəhanə lazım imiş ki, işi belə edə bilsinlər”.
 
O qeyd edib ki, Udaçnı kəndinin camaatı onları başqa qafqazlılara yaxşı mənada müqayisə edirdilər:
 
“Onlar bizim ailə barədə zəhmətkeş, işgüzar, intizamlı və sair xoş sözlər danışırdılar. Təsəvvür edin ki, qısa vaxt ərzində həmin insanların bir çoxunu da bizim əleyhimizə qaldırdılar. Amma bağçada, məktəbdə heç nəyi dəyişə bilmədilər. Mənə həmişə Valideyn Komitəsinin sədri olmağı təklif edirdilər. “Məktəbin ən istedadlı, savadlı, qabiliyyətli şagirdlərindən birini itirmək istəmirik” deyirdilər. Mehdinin istedadı, hörməti, həmişə hər cəhətdən başqa uşaqlardan seçilməyi onları – ermənipərəstləri açıq formada narahat edirdi. Hətta, mən deyərdim ondan qorxurdular. Axırda başımıza belə oyun gətirdilər”.
 
M.Həsənov bu günə, yaxud sabah Azərbaycanın Rusiyadakı səfirliyindən sənədlərinin gəlməli olduğunu bildirib:
 
“Əgər bu gün axşam gəlsə, sabah səhər Həştərxanı tərk edib Azərbaycana qayıdacağıq. Neçə il müddətinə deportasiya edildiyimizi də bilmirik. Halbuki, nə mən, nə də ailə üzvlərim Rusiya ərazisində yaşadığımız dövrdə heç bir qanun pozuntusuna yol verməmişik”.

Загрузка...
Загрузка...