Sərkisyan Xocalı qatilini silah taciri etdi

Serj Sərkisyan bu gün verdiyi əmrlə Ermənistan Baş Qərargah rəisinin müavini Movses Akopyanı vəzifəsindən azad edərək, Müdafiə nazirinin müavini vəzifəsinə təyin edib. Kifayət qədər qaranlıq keçmişi olan Akopyan bir müddət öncə vəzifədən qovulmuş digər erməni general Alik Mirzəbekyanın yerinə gətirilib. O, bundan sonra Ermənistan ordusunun maddi-texniki təminatına əsas cavabdeh şəxslərdən biri olacaq.
 Axar.az mövzunun aktuallığını nəzərə alaraq, bu generalın qısa bioqrafiyasını təqdim edir.
 Akopyan 1965-ci ildə Azərbaycanın Xocavənd rayonunda anadan olub. O, Azərbaycana qarşı erməni separatçılarının başlatdığı müharibənin əsas təşəbbüskarlarından biridir. 1988-ci ildə 366-cı motoatıcı alayda xidmətə başlayan Akopyan burada xidmətini 1992-ci ilə qədər (366-cı alay Qarabağdan çıxana qədər – red.) davam etdirib. Xocalı soyqırımı törədilən zaman hazırkı nazir müavini alayda bölük komandiri vəzifəsini tutub. Məhz Akopyan Seyran Ohanyan və Serj Sərkisyanla birgə Xocalı soyqırımının törədilməsində aktiv iştirak edib.
 Akopyan Serj Sərkisyanın ən yaxın adamlarından biri sayılır. Hazırkı prezident Müdafiə naziri olan zaman Akopyanı öz yanına məsləhətçi gətirib. Burada bir il çalışdıqdan sonra general 2003-cü ildə Qarabağa göndərilib. Məhz bundan sonra Robert Köçəryanın komandasından uzaqlaşan Akopyan Sərkisyan üçün daha çox canfəşanlıq etməyə başlayıb. 2007-ci ildə Qarabağ separatçılarının lideri Arkadi Qukasyan onu “müdafiə naziri” vəzifəsinə təyin edib.
 Ohanyanın mövqelərinin güclənməsi Akopyanın da yenidən İrəvana qayıtmaq şanslarını artırıb. Ermənistan mətbuatında Ohanyanın prezident olacağı təqdirdə Akopyanın müdafiə naziri təyin edəcəyi haqqında informasiya yaymışdı. Planın ilk mərhələsi yerinə yetirilib. 2015-ci ilin iyununda Akopyan Ermənistanın Baş Qərargah rəisinin müavini təyin edilib. Buradakı vəzifəsindən azad olunan Levon Mnatsakyan Akopyanın yerinə Qarabağa göndərilib.
 Digər maraqlı məqam isə Alik Mirzəbekyanın bir zamanlar Sərkisyanın komandanlığında yaratdığı gizli silah ticarətinin artıq bundan sonra Akopyanın aparacağıdır.