Sərkisyan Vyanada necə sındırıldı – 4 məqam

Mayın 16-da Vyanada uzun fasilədən sonra Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşün əhəmiyyəti nədir?
 Suala aydınlıq üçün hər şeydən öncə ATƏT Minsk Qrupu həmsədr ölkələrinin görüşün təşkilinə cəhdi dövründə Ermənistanın tutduğu mövqeyi yada salmaq gərəkir. Ermənistan Prezidenti Serj Sərkisyan Dördgünlük müharibənin nəticəsində aldığı sarsıdıcı zərbədən sonra bütün vasitələrlə bu görüşdən yayınır və danışıqlardan çıxdığını bəyan edirdi. Səbəb isə onun məğlub durumda görüşə getmək istəməməsi idi.
 Bu məğlub və onun üçün uğursuz vaxta təyin edilən görüşü qəbul etməsi üçünsə Sərkisyan şərtlər irəli sürmüşdü. Rusiyalı politoluq Andrey Yepifantsev ötən gün media açıqlamasında Sərkisyanın əsas şərtləri sırasında atəşkəsə ciddi əməl olunacağı barədə zəmanət, 1994-95-ci il atəşkəs sazişinə əməl edilməsi və ən əsası, Azərbaycan Ordusunun 2016-cı 1 aprel tarixindəki mövqelərinə geri çəkilməsinin irəli sürüldüyünü qeyd etmişdi.
 Ancaq Ermənistan prezidentinin bu şərtlərinin heç biri yerinə yetirilmədi və dünya gücləri Azərbaycan Ordusunun aprelin 1-5 tarixlərində işğalda olan ərazilərimizdən 1 faizini azad etməsi faktını qəbul etdi.
 İkinci, danışıqları daim imitasiya edən, status-kvonu saxlamaq üçün Dağlıq Qarabağın nizamlanması istiqamətində müzakirələrin “formal xarakterli” olduğu görüntüsünü yaradan İrəvanın siyasəti Dördgünlük savaşla məhv edildi. Heç bir ön şərti yerinə yetirilmədən Vyanada danışıqlar masasına oturdulan Sərkisyana yalnız real nəticələrə köklənən müzakirələr apardığı halda atəşkəsin qorunacağı vədi verildi.
 Burada xüsusi vurğulamaq lazımdır ki, məhz vəd verildi, zəmanət deyil. Çünki Vyanada tərəflərin atəşkəsi qorumaq öhdəliyi ilə bağlı hər hansı sənəd imzalanmadı. Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov da bu məqamı xüsusilə bəyan etdi ki, rəsmi Bakı iyun danışıqlarında ortalığa təkliflərin qoyulacağı barədə həmsədrlərin müraciətindən sonra cəbhə xəttində faktaraşdırıcı missiyanın fəaliyyətini qəbul etdi.
 Üçüncüsü, artıq bütün beynəlxalq güclər, o cümlədən ATƏT Minsk Qrupu həmsədri olan ölkələr, ATƏT-ə sədrlik edən Almaniya, Rusiya hakimiyyətinə yaxın ekspertlər, həmçinin erməni politoloqlar açıqlamalarında status-kvonu saxlamağın mümkünsüzlüyünü qəti şəkildə bəyan edirlər. Bu, artıq status-kvonu dəyişmək üçün İrəvana təzyiq olmaqla yanaşı, münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli yönündə əhəmiyyətli addımdır.
 Dördüncü və ən maraqlı məqam ondan ibarətdir ki, ATƏT-in ATƏT-in yeni faktaraşdırıcı missiyasının aparacağı araşdırmasının nəticəsi indidən bəllidir. Azərbaycan Ordusu öz ölkəsinin ərazisində, beynəlxalq birliklərin və BMT-nin tanıdığı sərhədlərinin içərisində, Ermənistan ordusu isə bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı torpaqlardadır (Ermənistan silahlı qüvvələrinin əsas heyəti  hətta Dağlıq Qarabağın ərazisində də deyil, işğaldakı 7 rayonda məskunlaşdırılıb). Hətta Rusiya, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı İrəvanın Dördgünlük müharibənin ağır nəticələrindən sonra isterik formada Moskvanı günahlandırmasına cavab olaraq, Kremlə yaxın politoloqların dili ilə “axı ora Ermənistan deyil, Azərbaycan ərazisidir” deyə açıqlama verdilər.
 Faktaraşdırıcı missiyanın cəbhə ərazisində ermənilərin 450-dən artıq evi dağıtdığı, mülki əhalini hədəf aldığı da gözdən qaçmayacaq və Azərbaycan əslində Dağlıq Qarabağ ətrafında işğal altındakı rayonlardan ermənilərin özlərinin təhlükəsizliyinin vasitəsi kimi deyil, Azərbaycan mülki əhalisinə qarşı aqressiya, Dağlıq Qarabağla bağlı iddialarında alver predmeti və təzyiq kimi istifadə etdikləri növbəti dəfə ortaya çıxacaq.