Sərkisyan Qarabağda savaşa hazırlaşır – Rus ekspert

Qarabağda müharibənin olmayacağı ilə bağlı real optimizmə ehtiyac görmürəm.
 Axar.az xəbər verir ki, bunu “Haqqin.az” saytına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felhenhauer söyləyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü böyük hesabla nəticəsiz başa çatıb:
 “Real sülh yalnız hər iki tərəfin buna razı olduğu vaxt mümkün olacaq. Sözsüz ki, əgər tərəflərdən hansısa biri sülhdə maraqlı deyilsə, o zaman bu, mümkün olmayacaq. Belə olan halda “Qarabağ konflikti hərbi yolla həll edilə bilməz” tipli bəyanatlar ziddiyyət yaradır. Həm Ermənistan, həm Azərbaycan müharibəyə hazırlaşır. Ermənistan və Azərbaycan prezidentlərinin Vyana görüşü Rusiya və ABŞ-ın Suriya məsələsində maraqlarının toqquşması fonunda baş verdi. Bu isə Moskva və Vaşinqtona Qarabağdan daha vacib görünür. Sərkisyan və Əliyevin son görüşü sayəsində ABŞ-la Rusiya növbəti dəfə Bakı və İrəvanı  daha cığallıq etməməyə çağırdılar. Buna da konflikt tərəfləri “əlbəttə” söyləyib, müharibəyə hazırlaşmaqda davam edirlər. Ermənistanın taktiki məğlubiyyətindən sonra daxili siyasi situasiya qızışıb. Bu da Serj Sərkisyana danışıqlar masasında hansısa güzəştlər etməyə imkan vermir. Bununla o özünə siyasi sui-qəsd etmiş olardı”.
 O, İrəvanın istənilən vaxt Naxçıvan istiqamətində fəallaşa biləcəyini söyləyib:
 “Sözsüz olan fakt Azərbaycanın Dördgünlük müharibədə taktiki üstünlük qazanmasıdır. Ermənistan məhz bunun ucbatından öz məğlubiyyətində Rusiyanı günahlandırmağı üstün tutdu. Erməni ictimaiyyətini narazı salan isə Rusiyanın Azərbaycana silah satmaqda davam etməsidir. Orada, ümumiyyətlə, hesab edirlər ki, Rusiya Ermənistanı tam müdafiə etməliydi. Maraqlı məqam odur ki, döyüşlər Ermənistanda yox, bütün dünyanın Ermənistanın işğal etdiyi zonalar kimi tanıdığı ərazilərdə gedirdi.
 Müharibə istənilən an aktivləşə bilər. Atışmalar hər yerdə ola bilər. Doğrudur, Naxçıvan istiqamətində də situasiyanın pisləşməsi mümkündür, amma Ermənistan bura genişmiqyaslı hücuma çətin cəhd etsin”.
 O, Sərkisyanın erməni tərəfinin son döyüşlərdə verdiyi itkilərin sayını azaltmağa çalışdığını bildirib:
 “Mən Sərkisyanın itirilmiş ərazilərin strateji məntəqə olmaması fikri ilə razı deyiləm. Azərbaycan ciddi taktiki uğur qazandı. Məsələ ermənilərin neçə hektar ərazi itirməsindən getmir, məsələ Azərbaycan Ordusu tərəfindən mühüm ön mövqelərin tutulması, ermənilərin əks hücumlarının qarşısının alınmaması idi. Sözsüz ki, Sərkisyan erməni tərəfinin itkilərini azaltmağa çalışır. Məhz onun mövqeyi göstərir ki, hərbi əməliyyatların yenilənməsi realdır. Sərkisyan üçün ermənilərin Dördgünlük müharibədə itirdikləri əraziləri geri qaytarmaq mühümdür”.