Sərkisyan gedir, Sərksiyan gəlir - “Qarabağ klanı” hakimiyyəti bölüşür...

Baxış sayı: 
148
0  
0  

 
Düşmən ölkənin başçısı bahalaşma əleyhinə aksiya günü öz xələfinin adını açıqladı – təsadüfmü? erməni politoloq: “Ölkəyə kim rəhbərlik edir-etsin, situasiya dəyişməyəcək, ta ki...”
 
Dünən - yanvarın 19-da Ermənistan prezidenti hakim Respublikaçılar Partiyası adından öz xələfinin adını elan edib. “Yeni Müsavat” erməni qaynaqlarına istinadən xəbər verir ki, bu - Levon Ter-Petrosyanın prezidentliyi dönəmində qısa müddətdə baş nazir işləmiş (1996-1997), hazırda isə Böyük Britaniyada səfir vəzifəsində çalışan Armen Səkisyandır.
 
Nəzərə alsaq ki, parlamentdə mütləq səs çoxluğu hakim partiyaya məxsusdur, o zaman Armen Sərksiyanın ölkənin 4-cü prezidenti seçilməsi üçün ciddi əngəlin olmayacağını indidən söyləmək mümkündür. Parlamentdə seçkilərin ilk turu martın 2-ə təyin olunub.
 
Lakin 4-cü prezidentin səlahiyyətləri əvvəlki üçündən ciddi şəkildə fərqlənəcək. Çünki o, artıq parlamentli idarəçiliyə malik Ermənistanın dövlət başçısı olacaq - təxminən qonşu Gürcüstandakı kimi. Əsas səlahiyyətlər isə yeni baş nazirdə olacaq - hansı posta ki, elə indiki prezident Serj Sərkisyan israrla can atır.
 
Armen SərksihanIn dosyesindən əsas ştrixlər: 1953-cü ildə İrəvanda doğulub. İrəvan Dövlət Universitetinin məzunudur. Qısa müddətlik baş nazirliyi zamanı o, həmin vaxt müdafiə naziri olmuş, ölkədə böyük avtoritetə malik Vazgen Sərkisyanla (1999-cu ildə parlamentə terror hücumu zamanı güllələnib - red.) biznes maraqları toqquşmuş, nəticədə o müdafiə naziri tərəfindən döyülmüşdü. Bundan sonra ölkəni tərk edən Sarkisyan səfir kimi Londona dönüb. İngiltərədə 2000-ci ilin əvvəllərindən başlayaraq bir neçə investisiya şirkəti yaradıb. Bu şirkətlər Vyana, London, Paris, Moskva, Varşava, Kiyev və Alma-Ata kimi şəhərlərdə ofislərə malikdir. 64 yaşlı Sarkisyanın prezident seçildikdən sonra biznesini oğlu Vartana ötürəcəyi ehtimal olunur.
 
 
*****
 
Yeni namizədin irəli sürülməsi məsələsində bir neçə məqam diqqət çəkir: biri odur ki, Sərksiyan varisin adını məhz İrəvanda bahalaşma əleyhinə kütləvi etirazların başladığı günü elan edib. Bununla da yəqin ki, gündəmi dəyişmək, ictimai diqqəti başqa səmtə yönəltməklə nümayişlərin kəsərini azaltmaq niyyəti güdülür.
 
İstisna deyil ki, Serj Sərkisyan bununla sanki cəmiyyətə mesaj vermək istəyir ki, ən azı yeni prezident və baş nazir işə başlayana kimi səbirli və ümidli olun. Belə bir təbliğati gediş effekt verəcəkmi? Söyləmək çətindir. Ona görə ki, erməni xalqı mövcud kriminal rejimin siyasi və təbliğati gedişlərindən heç də pis məlumatlı deyil.
 
İkinci maraqlı məqam prezidentliyə əsas iddiaçı kimi Armen Sərkisyanın Qarabağ əsilli yox, Ermənistanda, İrəvanda doğulmasıdır. O, həm də biznes adamı kimi tanınır. Bundan əvvəl isə prezident postuna Dağlıq Qarabağdakı separatçı rejimin keçmiş başçısı Arkadi Qukasyanın da adı hallanırdı.
 
*****
 
Göründüyü kimi, Sərkisyan seçimini “Qarabağa klanı”nın odioz üzvü kimi Qukasyanın üzərində yox, ermənistanlı erməninin namizədliyi üzərində saxlayıb. Yəni 1998-ci ildən iqtidarda olan “Qarabağ klanl” faktiki, hakimiyyəti yerli elita ilə bölüşmək istəməsi görüntüsü yaratmaqla Ermənistan cəmiyyətində bu klana qarşı qəzəbi bir azca soyutmaq və konsensus yaratmaq niyyəti güdüb.
 
 
Lakin bu gedişin də çətin ki, ciddi nəticəsi ola. Çünki deyildiyi kimi, 4-cü prezidentin səlahiyyətləri xeyli məhdud olacaq, ölkənin faktiki sükançısı və sahibi isə yeni baş nazir olacaq. Əgər yeni baş nazir postunu da Serj Sərkisyan tutsa, o zaman köhnə komanda faktiki, yerində qalacaq və sosial-iqtisadi durumda müsbətə doğru çətin ki, dəyişiklik olsun. Yox, başqası olacaqsa, o zaman düşünməyə dəyər.
 
*****
 
Bu xüsusda oraya çıxan maraqlı detallardan biri prezident və baş nazir seçkilərindən sonra Qarabağ danışıqlarını Azərbaycanla kimin aparması ilə bağlıdır. Bu suala da yəqin ki, baş nazir bəlli olandan sonra cavab tapılacaq.
 
Lakin tanınmış erməni politoloq, İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryana görə, Dağlıq Qarabağ nizamlanmasına yeni baş nazirin kimliyi təsir eləməyəcək. “Yeni Müsavat” xəbər verir ki, bu barədə o, 1 in.am nəşrinə açıqlamasında deyib.
 
“Bu məsələdə ən son əhəmiyyəti olan adamlardır. Əgər danışıqlar prosesi hansısa konkret stullarda kimin oturmasından asılı olsaydı, o halda bu, tam ayrı məna daşıyardı. Necə deyərlər, axmaq adamlar adamlar haqda danışır, sadə adamlar hadisələr haqda, ağıllı adamlar isə - məna və tendensiyalar haqda danışırlar”, - deyə o qeyd edib.
 
Politoloq daha sonra dbildirib: “Danışıqlar ona görə nəticə vermir ki, Serj Sərkisyan pis, İlham Əliyev yaxşıdır və ya tərsinə. Təsəvvür edin ki, onların yerində kimsə başqasıdır. O zaman bütün problemlər həllini tapacaq və ya əksinə, böhran olacaq ki? Bu ağıllı yanaşma deyil. Çünki böyük hesabla, söhbət şəxslərdən deyil, qüvvələr balansından, ölkələrin oriyentasiyasından, KTMT-dən, insan və maliyyə resurslarından, ordunun necə formalaşmasından, cəmiyyətin ovqatından asılıdır”.
 
 
Fikrini davam etdirən İsgəndəryan Qarabağ danışıqlarının hələ birinci prezident Levon Ter-Petrosyanın dönəmində başladığını yada salır: “25 ildir bu danışıqlar gedir. Üç prezident bir-birindın kəskin şəkildə fərqlənir. Onların fərqli təhsilləri, temperamentləri var. Onlar fərqli adamlardır. Nizamlama proses isə harada idisə, orada da qalır. Ölkəyə kim rəhbərlik edir-etsin, situasiya olduğu kimi qalacaq - ta ki, hansısa iri şeylər dəyişməyincə. Mən perspektivdə heç nə gözləmirəm, o cümlədən də apreldən sonra”.
 
*****
 
Erməni politoloqun söylədiklərinə rəğmən, Azərbaycan bütün hallarda bahalaşma dalğasının yaratdığı sosial böhran içində olan və seçkilərlə bağlı siyasi vurnuxmanın yaşandığı işğalçı ölkədəki prosesləri ən birinci izləməlidir. Unutmaq olmaz ki, Ermənistanda fors-major vəziyyətlər də istisna deyil. Məsələn, yeni prezident Sərkisyan (Armen) olsa da,  yeni baş nazir Sərkisyan (Serj) olmaya da bilər...
 
 “Yeni Müsavat”ın analitik xidməti

Загрузка...
Загрузка...