​Sərdar Cəlaloğlunun qardaşı rəhmətə getdi

Qəhrəman şəhidimiz Rasim Məmmədovun atası Əbdül Məmmədov son günlər həkim nəzarəti altında saxlanılsa da, onun həyatını xilas etmək mümkün olmayıb
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun və tanınmış vəkil Qurban Məmmədovun qardaşı, Qarabağ qazisi Əbdül Məmmədov rəhmətə gedib.
Bu haqda ADP sədri Sərdar Cəlaloğlu Turaninfo.az rəhbəri Nuriyev Daşqına məlumat verib.
Qeyd edək ki, Əbdül Məmmədov aprelin 4-də Lələtəpə yüksəkliyinin alınması uğrunda şəhid olan mayor Rasim Məmmədovun atasıdır.
V.Məmmədov deyir ki, oğlunun ölümündən sonra Ə.Məmmədovun səhhətində ciddi problemlər yaranmış və o, Naxçıvan şəhər xəstəxanasına yerləşdirilmişdi. Son günlər həkimlərin ciddi nəzarəti altında olsa da, qəhrəman şəhidimizin atasını xilas etmək mümkün olmayıb və o, təxminən saat 17:30-18:00 radələrində rəhmətə gedib.
Xatırladaq ki, Əbdül Məmmədov 1992-ci ildə Naxçıvanın müdafiəsində könüllülərdən ibarət batalyonun komandiri kimi vuruşarkən onurğa sütünundan qəlpə yarası alıb. Elə o vaxtdan da 1-ci qrup əlil, ömürlük yataq xəstəsinə çevrilmişdi. Oğlu Milli Ordunun zabiti Rasim Məmmədovun Qarabağ uğrunda gedən savaşda şəhid olmasından sonra böyrək çatışmazlığı daha da şiddətlənmişdi.
1950-ci ildə anadan olmuş Əbdül Məmmdov Naxçıvan MR-nın Babək rayonunun Cəhri kəndində yaşayırdı. Mərhum sabah doğulduğu Cəhri kəndində torpağa tapşırılacaq.
“Turaninfo.az”ın  kollektivi qəhrəman şəhidimiz Rasim Məmmədovun atası, Qarabağ qazisi Əbdül Məmmədovun vəfatı ilə bağlı əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, qəhrəman qazimizə Allahdan rəhmət diləyir!