Sərdar Cəlaloğlunun Nobelə təqdim ediləcək yeni nəzəriyyəsinin İPUCU: Dostu açıqladı

 
 
 Ötən həftə 2016-cı il üçün Nobel mükafatı laureatlarının tam siyahısı bəlli oldu. Ədəbiyyat sahəsi üzrə mükafata gözlənilmədən amerikalı rok ifaçı, dünya musiqi əfsanəsi sayılan, Bob Dilan adı ilə tanınan Robert Allen Simmerman layiq görüldü.
 
Cebhe.info xəbər verir ki, məsələyə münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin sözlərinə görə, gözlənilməz qərar hamını təəccübləndirsə də, məsələ bununla bitmədi. Ə.Əliyev qeyd edib ki, Nobel Komitəsi 2 həftədir mükafatın 1 milyon məbləğində olan maddi öhdəliyini laureata təqdim edə bilmir:

 
 
 “Səbəbi sadədir. İdeallarına daim sadiq qalan Bob telefonlara və çağırışlara cavab vermir. Kuryoz hamını məəttəl qoyub. Lakin builki Nobel Komitəsində baş verənlər tək bununla maraq kəsb etmədi. Azərbaycan üçün də diqqət çəkən hadisə baş verdi. Həmyerlimiz, mübarizə çiyindaşımız ADP sədri Sərdar Məmmədovun (Cəlaloğlu) adı bu il fizika sahəsi üzrə iddiaçılar sırasında oldu. Dövlətimiz üçün sıradan olmayan böyük hadisə mətbuatın diqqətindən kənarda saxlanıldı. Bəli, məhz saxlanıldı. Çünki Sərdar bəyin müxalifətçi olaraq belə böyük nailiyyətinin siyasi uzantılar da yarana biləcəyindən, rəqibləri olan iqtidar təbliğata yol verə bilməzdi”.
 
VİP sədri bildirib ki, əks təbliğatın iyrənc nümunələri isə bir neçə yazıda görünüb:
 
“Nobel Komitəsinin daxili qaydalarına görə, iddiaçı olan nəzəriyyə müəlliflərinin işləri dünyanın müxtəlif nöqtələrində fəaliyyət göstərən 3000-ə yaxın ekspertə anonim qaydada təqdim edilir. İl ərzində iddiaçıların sayı bir qayda olaraq, 1000-dən yuxarı olur. İlkin ələmədən sonra 2-ci tura 300-ə yaxın iş buraxılır. Gizli səsverməyə girmək üçün müstəqil ekspertlərin müsbət rəyi olmalı, işin və ya nəzəriyyənin elmi və tətbiqi perspektivi onlar tərəfindən qiymət almalıdır. Sərdar bəyin bu il təqdim etdiyi nəzəriyyə ən azı səsverməyə buraxıldığından, artıq yüksək nəticə qismində qiymətləndirilməlidir”.
 
Əli Əliyev hesab edir ki, həmvətənimizin adının Nobel laureatları ilə birlikdə dünyanın elmi elitasına daxil olması böyük hadisədir:
 
“Nəzərə almaq lazımdır ki, Nobel mükafatları içərisində həmvətənimiz sayıla biləcək bir nəfər - Lev Davidoviç Landau var. Daha çox SSRİ alimi kimi tanınan Landau 1962-ci ildə bu yüksək mükafata layiq görülüb. Sərdar Cəlaloğlu bir neçə il əvvəl Bitki fiziologiyası sahəsində tədqiqat aparmış Nemət Qasımovun nailiyyətini təkrar edib. Görkəmli alimimiz Qasımovun da o dövrdəki uğuru sözsüz ki, siyasi və subyektiv səbəblərdən diqqətsiz qalmışdı. Əlbəttə ki, ötən il Nobel mükafatı almış, türk əsilli, ABŞ-da elmi fəaliyyətlə məşğul olan Əziz Sancarın da uğuruna aidiyyatımızın olduğunu söyləyə bilərik. Baxın, şəbəkələnmiş akademiya strukturuna malik bir dövlətdə belə uğurlar nədən görülmür? Nədən elm elitası bu barədə susur? Geniş kadr potensialına malik akademik zümrə nədən belə nəticə göstərə bilmir? Hanı bizim ildə milyonlarla büdcə vəsaiti yeyən elmi-tədqiqat institutlarımız? Nəyə görə diplom yazmaqdan vaxt tapmayan, Ali Attestasiya Komissiyamız Azərbaycanın titulsuz əsl aliminin uğuruna göz yumur? Bəlkə Cəlaloğlunun nailiyyəti, əsasən konveyer üsulu ilə buraxılan diplomlu namizəd və doktorların işindən zəifdir? Hanı hökümətin, Prezident Administrasiyasının müvafiq şöbə rəhbərlərinin reaksiyası? Suallar və ədalətsizlik çoxdur. Qıraqdan pulla gətirilən və Azərbaycana heç bir əsaslı faydası olmayan legionerlərə milyonlarla vəsait xərcləyən hakimiyyətin məsrəfsiz, fədakarlığa və fərdi qabiliyyətə söykənən Cəlaloğlu uğuruna göz yumması biabırçılıqdan başqa bir şey deyil. Millətləri ilk növbədə elmi ilə tanıyırlar. Dövlətlər elmin gücü ilə firavan və abad olurlar. Belə nihilist - “Bizdən deyil, rədd olsun” yanaşması ilə Azərbaycanı hara sürükləyirsiniz? Türkiyə hökumətinin Əziz Sancara göstərdiyi münasibətdən dərs alın”.
 
Partiya sədri deyib ki, Türkiyəyə rəsmi dəvətlə gələn Sancar yüksək səviyyədə qəbul edildi:
 
“Ona dövlət başçılarına göstərilməyən protokol aid edildi. Demokratik hakimiyyətlər xalqın taleyinin elmdən asılılığını yaxşı fərq edir. Yalnız millətin gələcəyində maraqlı olmayanların idmana kənardan gətirilmiş əcnəbilərə diqqəti, elm fədakarlarına olandan yüksək ola bilər. Səbəbi sadədir. Çünki eqoistik düşünən hakimiyyət idmançının nailiyyətini öz ayağına yazıb, onunla qürrələnə bilir. Öz əziyyəti ilə elmi pilləyə yüksəlmiş birisini, xüsusilə də müxalif olanın nailiyyətindən istifadə yolunu bilmədiklərindən, özlərini heç nə bilməmiş kimi aparırlar. Bu münasibət müxalifçiliklə də bağlı deyil. Eyni münasibəti, Sərdar bəydən əvvəl müstəqillik tariximizdə Nobel qazanmaq sahəsində pionerlik etmiş, adı keçən Nemət Qasımova da göstərmiblər. Deməli, belə nəticə çıxır ki, yalnız hakimiyyətin özünün maraqlarına cavab verən uğurlar diqqətə layiqdir. Millət və dövlət adına olan nailiyyətlər YAP iqtidarına lazım deyil. Nobel mükafatının Vətənimiz Azərbaycanla sıx əlaqəsi var.
 
Azərbaycan neft sənayesinin formalaşmasında xüsusi rola malik Nobel klanı öz pullarının əhəmiyyətli hissəsini Azərbaycanda qazanıb. Bu gün Nobel laureatlarına ayrılan vəsaitin yaranmasına səbəb olan sərmayədə neftimizin izi var. İnanıram ki, müstəqil dövlətçilik tariximizdə kimsə o sərmayənin bir hissəsinin mükafat şəklində Azərbaycana qaytarması ilə yanaşı, o yüksək elmi nailiyyəti - Nobel mükafatını da Vətənə gətirəcək. İstərdim, həmin şəxs dostumuz Sərdar bəy olsun. Onun növbəti elmi nəzəriyyələrindən məlumatlı olduğumdan bu arzunu və inamı ifadə edirəm. Amma fərq etməz, yetər ki, vətəndaşımız olsun. Sonda iqtidara tarixi bir nümunə yazmaq istərdim, bəlkə öz gələcəklərinə və elmə münasibətləri dəyişər. Nobel mükafatının ərsəyə gəlməsinin maraqlı tarixçəsi var. Mükafatın banisi Alfred Nobel qardaşı Rudolfun vəfatından sonra, qardaşları səhv salan qəzetin özü haqda tərtib etdiyi nekroloqu oxuyur. Dinamit ixtiraçısı kimi tanınan Alfred haqda qəzet “Ölüm alverçisi vəfat etdi!” yazmışdı. Yaddaşlarda ölüm icadçısı kimi qalmamaq üzün dərrakəli Alfred Nobel vəsiyyətini yenidən yazdıraraq, bu gün elmi və ixtiraları stimullaşdıran misilsiz bir başlanğıca müəlliflik edib. Bu gün Alfred Nobeli bəşəriyyət mütərəqqi bir şəxsiyyət kimi yad edir. Dinamit məsələsi çoxdan unudulub. Hörmətli YAP iqtidarı, bəlkə Sizdə Alfred Nobelin bu xeyirxah əməlindən ibrət götürüb, elmə və təhsilə diqqət ayırasınız?!” (Cebhe.info)
Mənsur