​SƏRDAR CƏLALOĞLUNA ATILAN "DAŞ"

 
Və yaxud Etibar Əliyevin ADP sədrinə qarşı qərəzli mövqe tutmasının arxasında nə dayanır?
 
 
“İnsan əxlaqı kitablardan yox, təcrübələrdən öyrənir. Uğurun sirri işi bayrama çevirməkdir”.
Mark Tven
 
 
Yazımıza görkəmli Amerika yazıçısı Mark Tvenin məşhur kəlamı ilə başlamağımız təsadüfi deyil. Doğrudan da, çox oxumaq heç də insanı əxalqlı etmir. Eynilə, bütün savadlı insanların əxlaqlı olduğunu iddia etmək də yanlış olar. Odur ki, bu gün ekspert cildinə girmiş bəzi “savadlı” insanların mətbuatda topluma “əxlaq dərsi” keçməsi, müxtəlif ziyalılarımızın “bostanına daş atması” heç də qəbuledilən deyil. Əlbəttə, zaman-zaman şahidi olmuşuq ki, cəmiyyətə “əxlaq dərsi” keçməyə çalışanlar, gec-tez elə cəmiyyət tərəfindən də layiqli cavabını alırlar. Amma bəzən həqiqəti vaxtında deməmək də sonradan ciddi fəsadlara yol açır...
Mövzuya keçməzdən öncə dəyərli oxucuların diqqətinə çatdıraq ki, bu yazımızla kimsəni müdafiə etmək və ya bir başqasını aşağılamaq fikrindən uzağıq. Sadəcə, son günlər Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğluna qarşı haqsız hücumların hansı məqsədə xidmət etdiyini aydınlaşdırmağa çalışacağıq.
Bəli, yuxarıda qeyd etdiyimiz kimi, kitablar insana əxlaq verməsə də, elm, savad əldə etmək üçün ardıcıl mütaliə vacib şərtlərdəndir. Hər bir insan doğulduğu gündən həyat təcrübəsinə uyğun olaraq əxlaq sahibinə çevrildiyi kimi, geniş mütaliə nəticəsində də elm, bilik əldə edir. Onu tanıyan bütün insanlar dediklərimizi təsdiq edər ki, ADP sədri Sərdar Cəlaloğlu da zəngin həyat təcrübəsi nəticəsində yüksək əxlaq sahibinə çevrilməklə yanaşı, həm də cəmiyyətdə bir çox elmləri mükkəməl səviyyədə mənimsəmiş azsaylı insanlardandır. Təsadüfi deyil ki, ixtisasca həkim olan S.Cəlaloğlunun fizika sahəsində ixtirası - "Kosmik hadisələr haqqında nəzəriyyə"si ötən ay Nobel mükafatının bir addımlığına qədər gedib çıxdı. Əlbəttə, müəllif məlum ixtirası ilə gec-tez Nobel mükafatı əldə edəcəyinə əmindir, lakin çox təəssüf ki, bəzi “ekspertlər”, bir qədər də dəqiq desək, müxtəlif əyri yollarla elmi dərəcə alanlar Sərdar Cəlaloğlunun məhz elmi dərəcəsi olmadığını əsas gətirərək, onun bu uğuruna kölgə salmağa çalışırlar. Halbuki, tarixdə bir çox elm dahilərinin nəinki elmi dərəcəsi, heç orta təhsili olmadığı belə, çoxlarına bəllidir. Bunlardan Albert Eynşteyni misal göstərə bilərik ki, onun heç attestatı da olmayıb. Bununla belə, Eynşteyn 1921-ci ildə Nobel mükafatı almaqla yanaşı, öz ixtirası ilə dünya elminə böyük töhfələr verib. Deməli, bu gün S.Cəlaloğlunu hədəfə alan “ekspertlər”in məntiqinə görə, zamanında Albert Eynşteynə Nobel mükafatı verilməsi “böyük saxtakarlıq” olub...
Eynilə, Nobel mükafatı alan rus yazıçılarının da (Bunin, Pasternak, Şoloxov, Soljenitsın, Brodski) heç birinin ali təhsili olmayıb. O cümlədən, Qorki ali təhsili olmamasına rəğmən, akademik seçilib...


Dəyərli oxuculara aydın olsun deyə, xatırladaq ki, Nobel Komitəsində Sərdar Cəlaloğlunun müəllifi olduğu "Kosmik hadisələr haqqında nəzəriyyə" iki mərhələdən keçərək sonuncu mərhələyə - gizli səsverməyə çıxarılmışdı. Lakin bu mərhələdə "Fizika" nominasiyası üzrə mükafata "Topoloji faza keçidlərinin və topoloji materiyanın fazalarının nəzəri kəşfi" sahəsindəki uğurlarına görə ABŞ alimləri David Saules (David J. Thouless), Danken Haldeyn (F.Duncan M. Haldane) və Maykl Kosterilts (J.Michael Kosterlitz layiq görüldü.
Yeri gəlmişkən, Sərdar Cəlaloğlunun müəllifi olduğu nəzəriyyənin gizli səsverməyə çıxarılması haqqında Azərbaycan mətbuatına ilk olaraq Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov açıqlama vermişdi. O, bildirmişdi ki, əgər Sərdar Cəlaloğlunun nəzəriyyəsi ekspert qrupundan keçibsə, deməli, Nobel mükafatı almaq şansı da var. “İndilikdə son qərar gizli səsvermədən sonra bəlli olacaq. Biz deyə bilmərik ki, gizli səsvermədən kim çıxacaq”, – deyə B.Əsgərov vurğulamışdı.
Qeyd edək ki, Nobel Komitəsinin məlum rəsmi açıqlamasına rəğmən, Azərbaycanda özünü “Nobel mükafatları üzrə ən yaxşı araşdırmaçı” elan edən Etibar Əliyev SƏRDAR CƏLALOĞLUNA ATILAN "DAŞ"ADP sədrinin məlum ixtirasına belə münasibət bildirmişdi: “Sərdar bəy deyir ki, Nobel Komitəsinin Əsasnaməsinə görə, onun nəzəriyyəsi kimi nəzəriyyələrə 15-20 ildən sonra Nobel mükafatı verirlər. Binəva Hiqqsin və Devisin bəxtinə baxın! 30-40 il laboratoriyalarda can qoyublar, tədqiqat aparıblar, 80-dən sonra Nobelə layiq görülüblər. Partiya qərargahında kosmosu öyrənən Sərdar bəyə isə Nobel Komitəsinin Əsasnaməsinə görə, 15-20 ildən sonra Nobel mükafatı verəcəklər”.
Özünü Nobel Komitəsində Sərdar Cəlaloğlunun elmi işinə yüksək dəyər verən yüzlərlə dünya şöhrətli alimdən üstün tutan E.Əliyev daha sonra əlavə edib: “2003-cu ildə Kosmik neytrinonun kəşfinə və “neytrino astronomiya”sını yaratdıqlarına görə Raymond Devis, Masatosi Kosiba və Rikardo Cakonni fizikadan Nobel mükafatına layiq görüldülər. Bu kəşfdən sonra alimlər yeni istiqamətdə tədqiqatların aparılması üçün nəhəng qurğular (SNO, Gallex və Super-Kamiokande) yaratdılar. 40 ildən çox neytrinonun izinə düşən Devis, nəhayət, 88 yaşında onu “tuta” bildi.
Böyük Şotlandiya fiziki Piter Hiqqs 1964-ci ildə çox mühüm bir hipotetik zərrəciyin mövcudluğunu söylədi. 48 ildən sonra Böyük Adron Kollayderi və Femilabın (Fermi adına Milli Sürətləndirici Laboratoriya) köməyi ilə Hiqqs bozonunun mövcudluğu təsdiqləndi. Buna görə Hiqqs 84 yaşında fizikadan Nobel mükafatına layiq görüldü.
Yuxarıda adları çəkilən alimlərin nəhəng fiziklər olmasına baxmayaraq, onlar dəyəri 100 milyon dollarlarla ölçülən texnologiyaların köməyi ilə son iki mühüm kəşfləri etdilər”.
Göründüyü kimi, Etibar Əliyevin məntiqinə görə, “Sərdar Cəlaloğlunun laboratoriyası olmadığından, o, partiya qərargahında hansısa elmi kəşfə imza ata bilməz”. O halda sual olunur: Nyuton, yaxud Arximed böyük elmi kəşflər edərkən, “30-40 il laboratoriyalarda can qoyublar”?! Yoxsa, Nyutonun başına düşən alma, Arximedin vannası həmin laboratoriyanı əvəz edib?! Ümumiyyətlə, hər hansı nəzəri kəşfə imza atmaq üçün hansısa laboratoriyanın olmasını iddia etmək nə dərəcədə məntiqlidir?!
Buradan anlaşılır ki, Sərdar Cəlaloğlu Nobel Komitəsinə, sadəcə, "Kosmik hadisələr haqqında nəzəriyyə" təqdim etdiyindən, E.Əliyevin məlum açıqlaması aşkar qərəz və qarşı tərəfə nifrət üzərində qurulub. Hansı ki, əslində onun ADP sədrinə qarşı bu cür qərəzli açıqlaması ilk deyil. Xatırladaq ki, ADP sədrinin 60 illik yubileyi ərəfəsində “Hürriyyət” qəzetinə müsahibəsində Nobel mükafatına iddia etməsi haqda açıqlaması da E.Əliyevdə aşkar qıcıq doğurmuşdu. Həmin vaxt o, “Yeni Müsavat”a açıqlamasında Sərdar Cəlaloğlunu “fizika və riyaziyyatdan kənar adam” adlandırmışdı. Halbuki, ən azı bir telefon zəngi ilə S.Cəlaloğlunun zamanında Fizika üzrə respublika olimpiadasının qalibi olduğunu öyrənə bilərdi. Yəqin ki, “Nobel mükafatları üzrə ən yaxşı araşdırmaçı”, “təhsil eksperti” olan Etibar Əliyev üçün elə indi də bu haqda informasiya əldə etmək çətin olmaz.
Ümumiyyətlə, bir insanın özü, eləcə də elm və yaradıcılığı haqqında fikir bildirmək üçün ilk öncə həmin şəxs barəsində yetərli informasiyaya malik olmaq lazımdır. Bu baxımdan, əgər ADP sədrinin Nobel Komitəsinə təqdim etdiyi nəzəriyyə haqqında Etibar Əliyevin, az da olsa, məlumatı yoxdursa, deməli, onun bu haqda fikir bildirməsi ən azı əxlaq prinsiplərinə ziddir.
Yazımızın bu yerində E.Əliyevə Ben Svitlandın məşhur bir kəlamını da xatırlatmaq istərdik: “Uğur gedilən yoldur, çatdığın məkan deyil”. Deməli, Sərdar Cəlaloğlu öz ixtirasını Nobel Komitəsinə təqdim etməklə artıq önəmli yol qət edib. Burada nəticənin nə olmasından, “Kosmik hadisələr haqqında nəzəriyyə"nin son mərhələyədək gedib çıxmasından asılı olmayaraq, ADP sədri artıq bu yolu addımlamaqla böyük uğur əldə edib. Azərbaycanda kim bilməsə də, ən azı “Nobel mükafatları üzrə ən yaxşı araşdırmaçı” olan Etibar Əliyev bir nəzəriyyənin Nobel Komitəsində gizli səsverməyə çıxarılmasının necə bir uğur olduğunu bilməlidir. Əgər o bunu bilmirsə, yaxud Sərdar Cəlaloğluna qara yaxmaq niyyəti ilə özünü bilməmiş kimi göstərirsə, deməli, hər iki halda “ekspert” adını daşımağa layiq deyil. Çünki bu adı daşımağa layiq olanlar, birincisi, məlumatlı (elmli, savadlı), ikincisi isə qərəzsiz olmalıdırlar. Amma E.Əliyevin S.Cəlaloğlu barəsində verdiyi açıqlamalardan aydın olur ki, o, elm sahəsində ya həddindən artıq məlumatsızdır (elmsiz, savadsız), ya da onun açıqlamaları qərəz, kin, nifrət üzərində qurulub.
Əslində, onun aşağıdakı fikri də dediklərimizi sübut edir: “Sərdar bəy bundan öncə Nobel Komitəsindən mükafatı Nisbilik nəzəriyyəsindəki kəşfinə görə iddia edirdi. Lakin 2013-cü ilin prezident seçkilərində partiya həmkarı Hafiz Hacıyev ondan çox səs toplamaqla bunu alt-üst etdi. Böyük alim, fizika- riyaziyyat elmləri doktoru, professor Məzahir Pənahov bunun canlı şahididir. Bizim cəmiyyət belədir: Nobel mükafatına namizəd olana Hafiz Hacıyevdən az səs verirlər”.
Göründüyü kimi, Etibar Əliyev Azərbaycanda seçkilərin necə keçirilməsinin, kimə neçə faiz səs yazılmasının “böyük alim” adlandırdığı Məzahr Pənahova verilən tapşırıqdan asılı olduğunu bildiyi halda, S.Cəlaloğlu ilə H.Hacıyev arasında uğursuz müqayisə aparır. Əlbəttə, E.Əliyevdən fərqli olaraq bizim H.Hacıyevi aşağılamaq fikrimiz yoxdur. Amma onu da deməliyik ki, bu hakimiyyət hər kəsə layiq olduğu səsi və yeri versəydi, nə Hafiz Hacıyev prezidentliyə namizəd olardı, nə də mətbuat Etibar Əliyevə “ekspert” kimi qucaq açardı. Odur ki, nə qədər gec deyil, hər kəs öz yerini bilməlidir!
 
Ayxan İLDIRIMTÜRK
 
P.S. Yazımızı Mark Tvenin məşhur kəlamı ilə başladığımız kimi, Lao Szınin fikri ilə yekunlaşdırırıq: “Min kilometr uzunluğunda olan yol, sadəcə, bir addımla başlayır”. Nəzərə alsaq ki, bu gün Sərdar Cəlaloğlu artıq Nobelə gedən “min kilometr uzunluğunda yolun” önəmli hissəsini keçib, deməli, məqsədə çatmaq heç də uzaq deyil.
P.P.S. Mövzuya yenidən qayıdacağıq...