​Sərdar Cəlaloğlu: “Rusiyaya başa saldılar ki...”

 
“İŞİD-in arxasında ciddi bir əl var”
 
“Dünyada proseslər çox pis istiqamətə gedir. ABŞ prezidenti Barak Obama deyirdi ki, Suriya məsələsi 30 il davam edəcək. Rusiya və Türkiyə məsələyə əl qoydu və İŞİD-i demək olar ki, siyasi səhnədən sıxışdırdılar. Bir də gördük ki, İŞİD terror təşkilatı qəfildən güc əldə etdi və qəfil hücumla Suriyada Palmira şəhərini geri qaytardı, Əsədin ordusunu qovdu”.
 
Bunu Teleqraf.com-a ADP sədri Sərdar Cəlaloğlu deyib.
 
Onun qənaətincə, bu fakt göstərir ki, dünyada xaosa nəzarət edən ciddi qüvvələr var: “Onlar istədiyi zaman bu xaosu dünyanın istənilən dövlətinə yaya bilərlər. ABŞ dollarının dünya maliyyə sistemində yaratdığı çaxnaşmalar Azərbaycan da daxil olmaqla bütün ölkələrə mənfi təsir edir. Dünyada bu proseslərin istiqaməti ancaq Amerikadan asılı deyil. Gələn il Avropa Birliyi hansı mövqe tutacaq, Şanxay Əməkdaşlıq İttifaqı hansı addımlar atacaq, İslam Konfransı Təşkilatı nə edəcək, bütün bunlar önəmlidir. O qədər ziddiyyətlər var ki, hadisələrin necə inkişaf edəcəyini, hansı proseslərin müşahidə olunacağını birmənalı demək mümkün deyil”.
 
Demokrat Partiyasının sədri deyir ki, Palmira şəhərinin yenidən İŞİD nəzarətinə keçməsi göstərir ki, Suriyada münaqişənin tezliklə həll edilməsində maraqlı olmayan qüvvələr onu həll etmək istəyən qüvvələrdən qat-qat güclüdür: “Müəyyən güclər Rusiyaya öz yerini göstərərək başa saldılar ki, Suriya münaqişəsinin sahibi var. Yəni münaqişə sahibsiz, İŞİD ortalıqda arxasız deyil. İŞİD-in arxasında ciddi bir əl var ki, silahını, gücünü verir, lazım olanda hətta İŞİD paltarında döyüşən əsgərlərini verir. Və prosesləri də özləri bildiyi kimi istiqamətləndirir. Bəşər tarixində bu qədər xarici dövlətlərlə ciddi əlaqəsi olmayan, ictimai əsasda güc toplayaraq dövlət yaratmaq təcrübəsi yoxdur. Dünyada belə bir fakt yoxdur. İŞİD-in dünyanın müxtəlif ölkələrindən adam toplayaraq Yaxın Şərqdə dövlət yaratması dünya tarixi üçün anormaldır. Odur ki, bu tamam fərqli prosesdir və bizim bildiyimiz kimi deyil”.

Загрузка...
Загрузка...