Sərdar Cəlaloğlu: “Rusiya başa düşür ki, ermənilər onu çıxılmaz vəziyyətə salıb” – BRİFİNQ

Baxış sayı: 
96
0  
0  

Teleqraf.com-un “Brifinq” layihəsinin bu dəfəki qonağı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur. Söhbəti təqdim edirik.
 
Nərgiz Ehlamqızı: Aprelin 2-5-də Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hərbi qarşıdurmaya münasibətinizi bilmək istərdik.
– Əslində, cəbhə xəttində baş verən son hadisələr bir erməni generalının dili ilə desək, Azərbaycanın kəşfiyyat xarakterli bir addımı idi. Yəni, Azərbaycan müharibə etməmişdi, bizim məlumatımız var ki, döyüşdə yalnız ön cəbhədə olan bir neçə tabor, Azərbaycan ordusunun 2 faizi iştirak edib. Demək olar ki, bizim arsenalımızda olan əsas silahlar, əsas güclər bu döyüşdə iştirak etməyiblər.
 
Əgər biz gücümüzün 2 faizi və ön cəbhədə olan hərbçilərin iştirakı ilə bu cür böyük bir nailiyyət əldə etmişiksə, geniş cəbhəboyu hərbi əməliyyat aparsaydıq, yəqin ki, bir neçə günə İrəvanda, Azərbaycanın ən qədim torpaqlarında olardıq. Üçgünlük hərbi əməliyyatların Azərbaycan üçün əhəmiyyətindən bəhs edərkən hansısa ərazilərin tutulmasından, hansı tərəfdən daha çox hərbçinin ölümündən, hansı tərəfin daha çox hərbi texnika itirməsindən söhbət getməməlidir. Müharibədə Atatürkün dediyi kimi, bəzən gücsüzlər də qalib gələ bilər. Burada bizim əldə etdiyimiz əsas nailiyyət siyasi nailiyyətdir.
 
Bilirsiniz ki, 20 ildən artıqdır status-kvo deyilən bir vəziyyət hökm sürür. Ermənilər sonralar rusların köməyi ilə bizim işğal olunmuş 7 rayonumuzu Dağlıq Qarabağa bir girov kimi əllərində saxlayırlar. Danışıqlarda belə bir iddia irəli sürürlər ki, bu 7 rayonu yalnız Dağlıq Qarabağı Ermənistanın suverenliyi altına keçirməyə razılıq verəcəyiniz təqdirdə geri qaytara bilərik. Bizim hökumət də 20 ildir ki, torpağımızın bir hissəsinin digər hissəsinə girov kimi götürülməsini qəbul etmir. Ermənilər də heç bir güzəştə getmirlər. Əsas arqumentləri də budu ki, Azərbaycan hərbi teatrda üstünlük əldə edə bilmir, Azərbaycan xalqı döyüşmək istəmir və əgər siz torpaqlarınız uğrunda vuruşub ölmək istəmirsinizsə, Dağlıq Qarabağı niyə əldə saxlamaq istəyirsiniz?
 
Dünya ictimaiyyəti də bu fikirdə idi ki, Azərbaycanın döyüş qabiliyyəti yoxdur, xalq döyüşmək istəmir, bu xalqın torpağını kim istəsə ala bilər. Məsələn, dəfələrlə Amerikada, Türkiyədə, Avropa ölkələrində keçirdiyimiz ən yüksək səviyyəli görüşlərdə, yaxud Azərbaycana səfər edən prezidentlərlə, xarici işlər nazirləri, senatorlarla təmaslarda biz deyəndə ki, niyə Dağlıq Qarabağ məsələsində ədalətli mövqe tutulmur, Azərbaycan müdafiə olunmur? Bizə cavabları yalnız bundan ibarət olur ki, Azərbaycan tərəfi öz ərazilərini müdafiə etməsə, biz necə onun əvəzindən ərazilərini müdafiə edə bilərik?!
 
Deyirdilər, bəyəm siz müharibə aparırsınız ki, biz sizə kömək edək?! Hətta ABŞ Dövlət Departamentinin hesabatlarının birində açıq şəkildə yazılmışdı ki, Azərbaycan öz torpaqlarını azad etmək istəmir. Əgər bir dövlət öz torpaqlarını azad etmək istəmirsə, başqa dövlətlər ona bu məsələdə necə dəstək verə bilər?!
 
Amma bu döyüş birmənalı şəkildə göstərdi ki, Azərbaycan xalqı öz torpaqları uğrunda qan tökməyə, şəhid verməyə hazırdır. Azərbaycan ordusu bu gün dünyanın ən qabaqcıl orduları ilə hərbi əməliyyat aparmaq iqtidarına malikdir. Rusiyanın dəstəyi olmayacağı təqdirə biz nəinki Dağlıq Qarabağ, hətta bu gün Ermənistan Respublikasının ərazisi hesab olunan tarixi Azərbaycan torpaqlarını da azad etməyə hazırıq. Bu isə artıq status-kvonun, yəni indiyədək mövcud olmuş vəziyyətin dəyişməsi deməkdir. Danışıqlar masasında artıq Azərbaycan tərəfi öz şərtlərini irəli sürə bilər.
 
Artıq Sərkisyana da, eləcə də Rusiya rəhbərliyinə də aydın oldu ki, status-kvo təbii şəkildə dəyişib. Birdən-birə Pakistan üçüncü tərəfin müharibəyə qoşulacağı təqdirdə 100 min nəfərlik qoşunu ilə münaqişəyə qoşulacağını bildirdi. Türkiyə açıq şəkildə bildirdi ki, Rusiya Ermənistana dəstək verəcəyi təqdirdə mütləq müharibəyə girəcək. Amerika Con Kerrinin dili ilə Nüvə Təhlükəsizliyi Sammitində açıq şəkildə dedi ki, biz Azərbaycanın arxasındayıq. Obama bir azərbaycanlı jurnalistə verdiyi cavabında bildirdi ki, Azərbaycan bizim strateji müttəfiqimizdir. Döyüş gedən günlərdə hətta məzhəb baxımından bizdən uzaq ərəb ölkələrində cümə namazı zamanı Dağlıq Qarabağla, Azərbaycanla bağlı xütbələr oxundu.
 
Eyni zamanda İran rəhbərliyi Qarabağda ölənləri şəhid adlandırdı və faktiki olaraq ilk dəfə İslam dünyasında bir cihad getdiyini elan etdi. Biz bunu yayıb, digər İslam ölkələrində də cihad ideyasını dəstəkləməyə çağırış etsək, bu gün 1,5 milyard insanı Dağlıq Qarabağ uğrunda vuruşa cəlb edə bilərik.
 
“RUS SİYASƏTÇİLƏRİ ARTIQ BİR ŞEYİ BAŞA DÜŞÜRLƏR...”
 
Nərgiz Ehlamqızı: Məsələnin bu müstəviyə keçməsi bizə sərf edirmi?
– Burda söhbət qan tökməkdən getmir. 25 ildir ermənilər ona görə güclü görünürdü ki, onların arxasında Rusiya, onun ordusu, pulu, əsgərləri dayanırdı. Biz öz ərazilərinmizi azad etmək istəyəndə qarşımızda nüvə silahı, bir milyon hərbi qulluqçusu olan Rusiyanı görürdük. Düşünürdük ki, biz bu güclə onun öhdəsindən gələ bilmərik. Amma indi bizim də arxamızda Pakistanın simasında nüvə silahı olan bir dövlət və yeni yaranmış 2 milyonluq böyük bir İslam ordusu var. Artıq Rusiya rəhbərliyi də çox aydın şəkildə görür ki, ermənilər təkcə özlərini yox, Rusiyanı da bu əsassız iddiaları ilə çox çıxılmaz vəziyyətə salıblar. Rusiya özü də görür ki, artıq Qarabağ məsələsi Azərbaycan-Ermənistan məsələsindən çıxıb İslam və rus qarşıdurmasına doğru inkişaf edir.
 
Əslində ağıllı rus siyasətçiləri Dağlıq Qarabağ probleminin həll olunmamış qalmasının Rusiya dövləti üçün real təhlükəyə çevriləcəyini başa düşürlər. Hərbi teatrda üstünlüklər əldə etmişik, 1 faizdən artıq torpağımız azad olunub, güc nümayiş etdirmişik, kəşfiyyat xarakterli işlər görmüşük, amma mən siyasi müstəvisində əldə etdiyimiz nailiyyəti hərbi teatrda əldə etdiyimiz nailiyyətdən 100 dəfə üstün və vacib hesab edirəm.
Bundan sonra söz bizim diplomatlarımızdadır. Onlar hərbçilərin silah gücü ilə əldə etdiklərini diplomatik dillə siyasi dividentə çevirməlidirlər. Alınıb-alınmayacağı həmin insanların və təşkilatların qabiliyyətindən asılıdır.
 
Dilqəm Əhməd: Bəzən Qərb mətbuatında da Ermənistan-Azərbaycan münaqişəsini İslam-xristian münaqişəsi kimi qələmə verirlər. Halbuki bu, dini münaqişə deyil. Məhz Ermənistan tərəfi də iddia etdi ki, guya İŞİD-də döyüşən azərbaycanlılar geri qayıdaraq ermənilərlə döyüşmək qərarına gəliblər. Bu baxımdan söylədiyiniz fikirlər, bizə xeyir əvəzinə, ziyan verməzmi?
– Qətiyyən ziyan verməz. Əslin baxsan, bu müharibə erməni-türk müharibəsi sayılmır. Çünki Azərbaycan monoetnik dövlət deyil. Bizim şəhidlərin və qazilərin arasında çoxlu sayda talışlar, ləzgilər və başqa millətlərdən olan insanlar var. Ona görə də bu müharibə sözün həqiqi mənasında erməni-müsəlman müharibəsidir. Bu müharibə tarixə də belə düşüb. Cəfər Cabbarlının “1905-ci ildə” əsərində və Azərbaycan tarixində heç vaxt erməni-türk müharibəsi yazılmayıb, erməni-müsəlman müharibəsi yazılıb. Düzdür, ən çox türklər ziyan çəkib, amma Rusiyanın Qafqazdakı siyasəti İslam faktorunu aradan qaldırmaqdan, Qafqazı tam xristianlaşdırmaqdan ibarət olub. Bu baxımdan qarşıya çıxan istənilən müsəlmanla ruslar bu mübarizəni aparırlar.
 
Biz müsəlman olduğumuz, ermənilər isə xristian olduqlarına görə Rusiya tərəfindən dəstəklənir. Əks təqdirdə Rusiya haqlı Azərbaycanı yox, kor-koranə şəkildə Ermənistanı dəstəkləməzdi. Xristian təəssübkeşliyi Qərb ölkələrinin mövqelərində də özünü açıq şəkildə bildirir. Məsələn, ATƏT-in Minsk qrupunun fəaliyyətində xristianlıq açıq görünür. Burada söhbət hansısa beynəlxalq hüquqdan, iki xalq arasında mübarizədən yox, mədəniyyətlərarası mübarizədən gedir.
 
Dünyada mövcud olan bütün münaqişələrə baxsaq görərik ki, bütün münaqişələrin bir tərəfi müsəlmanlar, digər tərəfi fərqli dinin mənsublarıdır. Biz bunu niyə gizlətməliyik ki?!
 
Qəzza ilə bağlı BMT indiyədək 1800-ə yaxın qətnamə qəbul edib, bu gün də Qəzzada qan tökülür. Qarabağ danışıqlarında da 3 xristian ölkəsinin nümayəndəsi, üstəgəl digər xristian ölkəsinin başçısı – Sərkisyan hərəsi bir tərəfdən başlayırlar Azərbaycanı sıxışdırmağa. Bu işdə hər biri öz dövlətinin imkanlarından, potensialından istifadə edir. Baxın, BMT Təhlükəsizlik Şurasında veto hüququna malik 4 dövlət var, 4-ü də xristiandır. Bunlar da istənilən vaxt veto qoyub BMT-nin qərarlarını iflic edirlər.
 
Nəyə görə dünyada 1,5 milyard müsəlman, BMT sıralarında 100-ə yaxın müsəlman dövləti olduğu halda veto hüququ olan bir dənə də müsəlman dövləti yoxdur? Biz bu məsələni dəfələrlə qaldırmışıq. Ya gərək BMT TŞ-də veto hüququ aradan qaldırılsın, ya da dünya əhalisinin 30 faizini təşkil edən insanların da orada veto hüququ olsun.
 
Bunun özü də göstərir ki, əslinə baxsan, BMT-nin özü mədəniyyətlərarası toqquşmanın episentrlərindən biridir. BMT dünyada heç bir münaqişəni həll edə bilmir. Çünki BMT-nin özü bu münaqişə ocaqlarından biridir.
 
Dilqəm Əhməd: Yeri gəlmişkən BMT-nin baş katibi Pan Gi Mun da bu günlərdə Bakıya nəzərdə tutduğu səfərini təxirə salıb. Bəzi ekspertlər deyirlər ki, baş katib məlum 4 qətnamə ilə bağlı suallara cavab verə bilməyəcəyi üçün Bakıya gəlməkdən imtina edib...
 
– Yox, onun cavabı var. O deyəcəkdi ki, bu qətnamələr imperativ deyil, dispozitiv xarakter daşıyır, dövlətlərdən asılıdır, xüsusi qətnamələrdir. Məcburi xarakter daşımır və bunların icra mexanizmi yoxdur. Pan Gi Mun bunu deməsə də biz beynəlxalq hüququn nə olduğunu bilirik.
 
“DEYİB, ERMƏNİLƏR BİR DAHA ÖZLƏRİNƏ GƏLMƏZLƏR”
 
Səxavət Həmid: Aprelin ilk günlərində baş verən döyüşlərdə sizin nəsliniz də itki verdi. Qardaşınızın oğlu mayor Rasim Məmmədov şəhid oldu. Bununla bağlı əvvəlcə sizə və şəhidimizin bütün digər yaxınlarına dərin hüznlə başsağlığı veririk, Allah rəhmət eləsin deyirik. İstərdik Rasim bəylə bağlı xatirələrinizi bölüşəsiniz...
–Rasimlə atasının taleyi təəccüblü dərəcədə eynidir. İkisi də tabor komandiri idi. Qardaşım Əbdül Naxçıvanda Mil yüksəkliyi uğrunda döyüşlərdə I qrup əlil olub, 4-5 dəfə klinik ölüm keçirib. Bu gün də çox ağır vəziyyətdədir. Oğlu həlak olandan sonra xəstəxanaya yerləşdiriblər. Eyni ilə oğlu da tabor komandiri idi, Lələtəpə uğrunda döyüşlərdə həlak oldu.
 
Rasim 17 ildi hərbdə idi. Atasının ermənilər tərəfindən bu hala salındığını görürdü və elə uşaqlıqdan atasının intiqamını almağı qarşısına məqsəd qoymuşdu. Sonra da Ali Hərbi Məktəbdə tankçı ixtisası üzrə oxudu. 17 il ərzində demək olar ki, Rasimin əsas xidmət sahəsi cəbhə bölgəsi – Tərtər, Füzuli olub. Bircə dəfə onu bir neçə illik Lənkərana köçürmüşdülər, sonra yenidən cəbhə bölgəsinə qaytardılar. Təxminən iki ay sonra polkovnik-leytenant olacaq və yeni vəzifə alacaqdı. Briqada komandirinin müavini təyin olunacaqdı.
 
Rasim şəhid olmazdan bir həftə əvvəl icazə alıb Naxçıvana getmişdi. O zaman aprel döyüşlərinin başlayacağını heç kim bilmirdi. Biz elə bilirdik ki, sadəcə atasını görməyə gedib. Orda atasına demişdi ki, baxacaqsan, mən səndən bir addım qabağa keçəcəm. Atası da zarafatla deyib ki, məni heç vaxt keçə bilməzsən. Bir neçə gündən sonra Rasimin doğum günündür. Həyat yoldaşına da deyibmiş ki, mən doğum günümə şəhid kimi gələcəm. Həyat yoldaşı da götürüb Rasimin atasına və anasına – öz xalasına zəng edib ki, Rasim bizi qorxudur, deyir şəhid olacam.
 
Yoldaşı danışır ki, son bir ay ərzində bu evə bir xəritə gətirmişdi, ancaq o xəritə üzərində işləyirdi. Açığı, bu onu göstərir ki, Azərbaycan ermənilərin hücum niyyətini bilib, qabaqcadan hərbi əməliyyatla bağlı müəyyən hazırlıq aparırmış və bu hazırlığın tapşırıldığı adamların biri də məhz Rasim olub. O da 500 nəfər əsgər və zabit-gizirə rəhbərlik edən bir tabor komandiri kimi bir ay xəritə üzərində işləyib.
 
Hərbi əməliyyatlar başlamazdan iki gün əvvəl Rasim ailəsini Bakıya gətirib qardaşıgilə qoymuşdu. Biz özümüz hərbi əməliyyatlar gedən günlər narahat idik. Əlaqə saxlamaq mümkün deyildi. Rasim özü ölümündən 7 saat əvvəl beş dəqiqəliyə dayısı ilə əlaqə saxlamışdı. Demişdi ki, mən atamın da, torpaqlarımızın da intiqamını aldım və artıq sakitəm. Deyib ki, ermənilərin başına elə bir oyun açmışam ki, bir daha özlərinə gələ bilməzlər. Onun axırıncı danışığı aprelin 2-i, axşam saat 10-da olub. Səhəri gün saat 10-da bizə zəng edib dedilər ki, Rasim şəhid olub.
 
Bu xəbəri eşidən kimi dedik, gedək Tərtərə. Bizə dedilər ki, Rasimi Goranboya gətirəcəklər, ora gedin. Yolumuzu o istiqamətə saldıq. Şirvana çatmağa yaxın xəbər gəldi ki, qayıdın gedin, onun meyidini hələ dağdan endirməyiblər. 3-4 saata ancaq endirəcəklər. Biz onu özümüz Bakıya çatdıcağıq. Biz də axşam saat 6-7-dək Bakıda oturub gözlədik. Bilirsiniz ki, Rasimin atası əlildir. Ona görə mən Naxçıvana getdim ki, yasla bağlı müəyyən hazıqlıqlar görüm, dəfn məsələsi ilə məşğul olum. Gecə saat 3-də Rasimin meyidini Naxçıvana gətirdilər, səhəri gün də onu dəfn etdik.
 
Rasimin ölümü bizi bir insan kimi kədərləndirsə də, açığı şəhidliyi bizə əksinə qürur verir, biz onunla fəxr edirik. Çünki biz uşağımızı elə döyüşçü kimi tərbiyə etmişik. Həmin gün bizim nəsildən 5 nəfər orduda olub. Onlardan 4-ü zabit, biri əsgərdi. Qardaşım oğlu Rasim tabor komandiri idi, kiçik bacımın yeganə oğlu zabit kimi ön cəbhədəydi. Bacımın da iki nəvəsi zabit kimi ön cəhbədə xidmət edirlər. Daha bir qardaşımın oğlu əsgər kimi ön cəbhədə qulluq edir. Narahat idik ki, bu uşaqların hansının başına bir iş gələr... 5 nəfərdən biri – Rasim şəhid oldu.
 
Səhəri gün biz Rasimin hansı şəraitdə şəhid olduğu ilə maraqlandıq. Füzulidə bir məktəb direktoru tanışımız var. Düz döyüşlərin getdiyi ərazidə bir məktəbin direktorudur. Onun danışığını da telefona yazmışıq. Biz hələ onun Rasimi tanıyıb-tanımadığını soruşmamışdan əvvəl özü dedi ki, ordumuz erməniləri darmadağın edib. Dedi, burda bir əfsanəvi Rasim var, ad çıxarıb, camaat onu xilaskar kimi tanıyır və sair. Dedik ki, o bizim şəhiddir. Belə deyəndən sonra qayıtdı ki, o bütün Füzulinin vətəndaşıdır, qəhrəmanıdır. Dedim, rayonun vətəndaşı olmaz ki, ölkənin vətəndaşı olar.
 
Sonra soruşduq ki, Rasim hansı şəraitdə həlak olub? Dedi ki, burda 80 nəfərdən ibarət könüllü seçiblər. O könüllülər 8 nəfərdən ibarət dəstələr şəklində olub ki, Lələtəpədə beton zod var. O zodun içinə girib, erməniləri ordan çıxarmaq lazımdır. Yoxsa oranı top atəşinə tutmaqla ermənilər ordan çıxan deyil. Hətta dedi ki, 1994-cü ildən indiyədək dəfələrlə bizimkilər ora hücum edib, amma erməniləri çıxara bilməyiblər. Ona görə bu dəfə könüllülərdən ibarət partizan əməliyyatına bənzər əməliyyat həyata keçiriblər. Oranı hücumla almaq mümkün deyildi.
 
8 nəfərlik bir qrupla ilk gedən də Rasim olub. Bizə verilən məlumata görə, o zodun bir hissəsində əlbəyaxa döyüşdə erməniləri məhv edib, növbəti hissəyə keçəndə bir erməni əlində qumbara atıb. Bu zaman Rasim həlak olub. Bizə verilən məlumat bundan ibarətdi. Sonradan qəribə məlumatlar gəlməyə başladı. Guya Rasim səngərdə oturub, ora qumbaraatandan atəş açılıb, bunlardan biri onun olduğu yerə düşüb, iki-üç əsgərlə birgə Rasim də şəhid olub.
 
Bir az sonra daha bir məlumat gəldi ki, Rasim səngər qazarkən təsadüfi mərmi partlamasından həlak olub. Birincisi, döyüş gedə-gedə heç kim səngər qazmaz. İkincisi, ola bilər ki, arxa cəbhədə səngər qazsın. Bəs onda bunun meyidi Lələtəpədə neynirdi, ordan niyə düşürürdülər? İndi bizə məlum olur ki, bütün bu hoqqabazlıq təltif olunma məsələsinə görə imiş. Bizi bu təltif məsələsi qətiyyən maraqlandırmır. Uşaq deyilik.
 
Mərhum prezident Heydər Əliyev 1992-ci ildə böyük qardaşım Əbdülə Milli Qəhrəman adının verilməsi ilə bağlı Ali Sovetə təqdimat yazmışdı. Biz bu işlə maraqlananda dedilər ki, həmin təqdimat itib. Dedik ki, təqdimat itibsə, surətini alın. Bütün Naxçıvanda hamı bilir ki, Rasimin atası Əbdül nə qədər böyük qəhrəmanlıqlar göstərib. Naxçıvan ərazilərinin qorunmasında müstəsna xidmətləri var. Milli qəhrəmanlıq, orden-medal bir qırağa, 10 il mənim qardaşıma adi bir vətəndaş kimi pensiya verdilər. Halbuki həmin illərdə onun bir aylıq xərci 2-3 min dollar dəyərində idi. Çünki onurğa sütunu, ciyərləri parçalanmışdı, iflic idi.
 
Ona xidmət etmək, ora-bura aparmaq, hamısı xərc demək idi. Bu dəqiqə də ağır vəziyyətdədir. Böyrəkləri işləmir... Biz 10 ildən sonra məhkəmə yolu ilə Milli Ordunun tabor komandirinə pensiya almışıq. Ona görə də Rasimə nə ad veriləcəyinə ümid edirdik, nə də gözləntimiz vardı. Uşağımızı göndərməmişik ki, ölsün, dəmir medal alsın. Uşağı göndərmişik ki, torpağını, namusunu-qeyrətini qorusun. O da gedib qoruyub.
 
Amma bəzi adamlar Rasim kimi fədakarlıq edib, şəhid olan hərbçilərin əldə etdiyi nəticəni öz qohum-qardaşının adına yazıb, fəxri ad verib, cəmiyyətə sırımaq istəyirsə, biz susa və razı qala bilmərik. Rasimin qarşısında duran vəzifə Lələtəpəni almaq olub, onun uğrunda da döyüşüb. Rasimin ölümü bizi o qədər narahat eləmir, bunların bu münasibəti bizi narahat edir. Onun dəfnində böyük xalq kütləsi iştirak etməklə onun qiymətini verdi. Hətta, Türkiyədə belə xalq o cür dəfndə iştirak etmir. Dünən bizə verilən məlumata görə, guya təqdimat hazırlanır ki, Rasimə “İgidliyə görə” medalı verilsin.
 
Nərgiz Ehlamqızı: Bəzən tənqidlər səslənirdi ki, xalqda vətənpərvərlik hissi zəifdir. Aprel döyüşləri zamanı bunun əksini gördük...
– “Üçgünlük müharibə” Azərbaycan xalqının kollektiv şüuruna təsir etdi, xalqın özünümüdafiə instinkti oyandı. Xalq özünü dərk etməyə başladı. Mənə elə gəlir ki, bu ruhun yaranmasında yeni müdafiə nazirinin xüsusi xidməti var. Bunu etiraf etməliyik. Çünki bir müdafiə naziri kimi Səfər Əbiyevdən, Rəhim Qazıyevdən fərqli olaraq Zakir Həsənov həddən artıq döyüşkən, inadcıl, inamlı mövqe orta qoydu. Bəyan elədi ki, ermənilər birini atsa, biz yüzünü atacağıq. Ermənilər bizim bir əsgərimizi öldürsə, biz onlardan onunu öldürəcəyik. Hətta axırıncı döyüşləri hərbi manevr adlandırmışdı. Yəni Zakir Həsənovun özünün hərbi-vətənpərvərlik, döyüşkən əhval-ruhiyyəsi orduya, ordudan da xalqa yayılmışdı.
 
“Qabusnamə”də belə bir deyim var: Bir qoyun sürüsü gəlir, onun qabağında şir dayanıbsa, siz ona şir sürüsü kimi baxın. Yox, şir sürüsü gəlir, qabağında qoyun durubsa, ona qoyun sürüsü kimi baxın. Yəni, müdafiə nazirinin kimliyindən çox şey asılıdır.
 
İkincisi Prezident İlham Əliyevin ABŞ-a səfəri və orada Amerika rəhbərlərinin verdikləri bəyanatları qeyd etmək istəyirəm. Üçüncüsü, ordumuzun həqiqətən son illər həm texniki, həm də hərbi cəhətdən mükəmməl səviyyəyə çatmasını vurğulamalıyam. Mən burada türklərin müstəsna xidmətlərini qeyd etmək istəyirəm. Türkiyə bir qardaş dövlət olaraq bizim ordumuzun, suverenliyimizin, iqtisadiyyatımızın, müstəqilliyimizin qarantı kimi çıxış edir və açıq demək lazımdır ki, onların çox böyük rolu var. Eyni zamanda ordunun təchizatı və sair məsələlər də bu qələbənin əldə edilməsində çox ciddi rol oynayıb.
 
Qurban Yaquboğlu: Sərdar bəy, bu hadisələr zamanı siyasi qüvvələrin davranışlarını adekvat hesab edirsinizmi?
 
– Bəli, adekvat hesab edirəm. Bütün siyasi partiyalar ordunun hərbi əməliyyatlarını dəstəklədi, hökumətin atdığı addımlarla hər hansı müxalif mövqe ortaya qoyulmadı. Biz xalq, ordu və siyasi güc olaraq birləşdik və ortaya ciddi nailiyyət çıxdı. Bu nümunənin biz gələcəkdə də təkrarlamalıyıq. Əgər gələcəkdə Qarabağla bağlı hərbi əməliyyatlar olarsa, hökumət bilməlidir ki, siyasi konsolidasiya olacaq.
 
“AKADEMİA RƏHBƏRİNDƏN XAHİŞ ETDİM Kİ, ALİMLƏRİ QABAĞIMA ÇIXARSIN...”
 
Qurban Yaquboğlu: Siyasətə paralel olaraq apardığınız elmi fəaliyyətinizdə hansı yeniliklər var? Deyəsən, Qurana təfsir yazırdız...
– Mənim üç meqa-layihəm var. Birincisi, tərəqqinin metafizikası haqqında 20 il bir kitab üzərində işləmişəm. Üç cildlik kitab “Tarixin metafizikası” adlanır. Sadəcə, maliyyə vəsaitim olmadığı üçün çap etdirməmişəm. İkinci layihəm cəmiyyətə təqdim etdiyim kondisologiya elmidir. “Kondiso” sözü şərt, yaxud mütləq deməkdir. Bu, mütləq haqqında elmdir.
 
Fəlsəfədə belə bir fikir var ki, həqiqət mütləqdir, ancaq onu dərk etmək olmaz. Mən də bu məsələni araşdırmağı qarşıma məqsəd kimi qoydum ki, doğrudanmı mütləq həqiqət dərk olunmur?! Və əgər mütləq həqiqət dərk olunmazsa, onun nisbiləşməsini biz necə dərk edirik, yaxud mütləq həqiqət nisbi həqiqətə necə keçir? Bu barədə nə fəlsəfədə, nə də elmdə aydın fikir var... Mən mütləq həqiqət, mütləq həqiqətin nisbi həqiqətə çevrilməsi və mütləq həqiqətin idrak forması haqqında bir elm – kondisologiya elmi yaratdım və bu, müasir elmlərin aşkara çıxara bilmədiyi bir çox həqiqətləri aşkara çıxarmağa imkan verdi. Bunun əsasında 4 elmi nəzəriyyə hazırladım. Onlardan ikisini Müəllif Hüquqları Agentliyinə təqdim edib, patent aldım. İkisini isə başqa bir proqram hazırladığıma görə, sadəcə texniki olaraq təqdim etmişəm. Bunlardan biri dilin əmələ gəlməsi ilə bağlıdır. Bu nəzəriyyəni Milli Elmlər Akademiyasına təqdim etdim.
 
Dedim ki, mənim bu metakenetik nəzəriyyəmlə bağlı nəzəri mexanika üzrə alimlər yığışsınlar, mən bu ideyamı müdafiə edim. Elmlər Akademiyasında susdular və cavab vermədilər. Mən şəxsən akademiyanın prezidenti ilə görüşmüşəm və nəzəriyyəmi ona təqdim edib xahiş etmişəm ki, Azərbaycanın bu sahə üzrə alimləri yığsınlar, mən çıxım onların qarşısında nəzəriyyəmi müdafiə edim, onlar da opponentlik etsinlər. Bir səs-səmir yoxdur.
Başqa bir nəzəriyyə də hazırlamışam və ümid edirəm ki, bu nəzəriyyə Azərbaycan elmində çox ciddi səs-küyə səbəb olacaq.
 
İŞİD meydana çıxandan sonra mənim diqqətimi İslam dini və İslamdakı problemlər, məzhəb və təriqətlər, qarşıdurmalar, bütünlükdə Quranın dərk edilməsi problemləri cəlb etdi və mən 10 cilddən ibarət Qurani-Kərimin yeni baxışdan dərk edilməsi ilə bağlı bir kitab yazdım. Səkkiz cildi hazırdır, indi son iki cild üzərində işləyirəm.
 
Əslinə baxsan, bu ideyanı mən Frommdan götürmüşdüm. Fromm yazır ki, bəşəriyyətin tarixi bir neçə vəzifənin həll edilməsindən keçir. Onlardan biri də dinin yeni, daha ali ölçüdən dərk edilməsidir. Siz dini iki ölçüdən qəbul edə bilərsiniz. Məsələn, bəzi insanlar Allaha sosial təminat naziri kimi baxır, “Allah, mənə bu istədiyimi ver” deyib gözünü yumur, əlini açır. Bəzi adamlar Allaha polis kimi baxır, “Allah, məni filan hadisədən qoru” deyir. Amma Allah nə sosial təminat naziri, nə də polisdir. Ölçü budur. Yəni sizin Allaha hansı ölçüdən yanaşmağınız əsasdır.
 
Mən Allah və insanın nə kimi əlaqəsinin olduğunu, dinin nə üçün vacib olduğunu, dinlə elmin həqiqətən də ziddiyyətdə olduğu, yoxsa bir-birini təsdiq etdiyi məsələsini araşdırmışam. Quran elmlə dinin birləşdirilməsini tələb edir. Kitabın adı çox güman ki, “Əl-Hikmət” olacaq. Kitabda ilahi elmin necə dərk oluna biləcəyi, Qurandakı ayələrin nəyə işarə etdiyini tədqiq etmişəm.
Götürək, Avropanın ən böyük 10 kəşfini. Məsələn, yer kürəsinin fırlanmasını götürək. Hamı deyir ki, yerin fırlanması barədə nəzəriyyəni Kopernik irəli sürüb. Qurani-Kərimdə Allah açıq şəkildə deyib ki, mən yeri fəzada daim fırlanan bir cisim kimi bəlli bir müddətə yaratdım. Yəni, Quranda yerin fırlanması haqqında açıq-aydın ayə var.
 
Günəşin fırlanmasını da yenə deyəcəklər ki, Qaliley kəşf edib. Elə şey yoxdur. Yaxud astronomiyanın üç qanunu – fəza cisimlərinin trayektoriyalar üzrə hərəkət etməsi məsələlər Quranda var. Kosmosun kəşfini götürək. Sizcə, kosmosa çıxmağın mümkünlüyünü ilk dəfə kim deyib? Ən yaxşı halda deyəcəksiniz ki, Siolkovski. Yaxud da deyəsəksiniz ki, Jül Vern Aya çıxmağın mümkünlüyünü yazıb.
 
Qurani-Kərimdə ayə var: Siz yerin və bu dünyanın sərhədlərindən kənara çıxa bilərsiz o halda ki, əlavə bir güc əldə edəsiz.
 
Fizikada kosmosa çıxaran gücə, yerin cazibə qüvvəsini dəf edən gücə əlavə güc deyirlər. “Quran”da elə o cür də yazıb, sizə əlavə güc lazımdı. Bu ayədə Yer orbitinə necə çıxmaq lazım olduğu açıq yazılıb. Xristianlar həmin əlavə gücü tapıb orbitə çıxıblar. Mən sizə bu cür yüzlərlə fakt göstərərəm.
 
Hesab edirəm ki, bütün xristian alimlərinin kəşfləri Qurandan götürülən ayələrdən ibarətdir. Niyə? Avropada elm XIV əsrin axırlarından nə vaxt inkişaf  etməyə başladı. Quran-Kərimin ilk tərcüməsi də avropalılara elə həmin əsrin axırlarından çatdırıldı. Heynenin “Şərq və Qərb” divanını götürüb baxın. İlk qəsidə Məhəmməd peyğəmbər, Quran, Allah haqqındadır. Yaxud XIV əsrin ən məşhur Avropa filosoflarından Tomas Karleylin əsərlərini götürün. Məhəmməd peyğəmbər haqqında ilk dəfə o yazıb. Baxsaq görəcəyik ki, XIV əsrin axırlarında, XVII əsrdə Avropada bir tərəfdən Quranı təqdir edən, Məhəmməd peyğəmbəri tanıyan, İslam dünyasını öyrənən elmi əsərlər, digər tərəfdən qeyri-adi dərəcədə elmi kəşflər meydana çıxıb. Həmin elmi kəşflərin hamısına baxırsan ki, Quran-Kərimdəki ayələrdir.
 
Təkamül nəzəriyyəsinin bir neçə müddəası var. Birincisi, həyat suda yaranıb, ikincisi, həyat təkhüceyrəlilərdən başlayıb, üçüncüsü, insan meymundan əmələ gəlib. Bəs Quran nə deyir?.. Allah-taala deyir ki, mən canlıları sudan yaratdım. Təkamül nəzəriyyəsi isə iddia edir ki, suyun içində yaranıb. Yəni Allah deyir ki, canlı bədəndə su var. Elm də sübut edir ki, bədənində su olmayan canlı yoxdur. Amma hələ bugünədək həyatın suda yaranmasını kəşf edən bir alim yoxdur.
 
Aleksandr Oparinin həyatın suda yaranmasına dair bir nəzəriyyəsi var idi, sonradan həmin nəzəriyyənin yanlış olduğunu elə elm özü sübut etdi. Deməli, Quran təkamül nəzəriyyəsinin yanlış olduğunu sübut etdi. İkincisi, Quranda deyilir ki, mən sizi tək bir hüceyrədən yaratdım. Təkamül nəzəriyyəsi isə həyatın təkhüceyrəlilərdən başladığını deyir. Təkhüceyrəli bir canlıdır, tək hüceyrə isə bir hüceyrədir ki, çoxalıb, artıb və ondan canlılar yaranıb. Canlıların təkhüceyrəlilərdən yaranması ilə bağlı biologiya elmi heç bir şey ortaya qoya bilməyib. Çünki təkhüceyrəli amöb də var, insan da. Yəni, əgər bunlardan biri digərindən yaranıbsa, digəri necə olub ki, qalıb?! Bəs, mikrobları, virusları necə izah etmək olar?! Beləliklə, təkamül nəzəriyyəsinin bu müddəası səhvdir.
 
Nəhayət, insanın meymundan əmələ gəlməsi. Darvinin fikrincə, nsan ona görə imeymundan əmələ gəlib ki, meymun insana oxşayır. Fəlsəfə isə deyir ki, oxşarlıqlar deyil, fərqliliklər bir-birinə keçir.
 
Quranda  meymunla-insanın əlaqəsinə dair Allahın dilindən yazılır ki, mən insanların bəzilərini meymuna və donuza çevirdim. Təkamül nəzəriyyəsi meymunun insana, Quran isə insanın meymuna çevrilməsindən bəhs edir. Gəlin, baxaq görək praktikada Quranın dediyini sübut etmək olar, yoxsa Darvinin?!
 
Mən Quranın nə qədər müqəddəs, ali və elmi olduğunu sizə izah etmək istədim.
 
 Nərmin Muradova: İş qrafikiniz necədir?
–Ancaq işdə işləyirəm. Təxminən saat 10-da işə gəlirəm, siyasi işlərim varsa, onları təcili həll edirəm. Sonra təxminən saat 18-dək dayanmadan kompüterdə yazıram.
 

Загрузка...
Загрузка...