Sərdar Cəlaloğlu Nemət Pənahlını məhv etdi!

Meydan hərəkatının fəalı Nemət Pənahlının Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyi tənqid etməsi ciddi müzakirələrə səbəb olub.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlamasında hərəkat fəalının dediklərinə sərt cavab verib.
“Əvvəla, Nemət Pənahlının hansısa bir fikrini nə oxumuşam, nə də izləmişəm. Əsas səbəbi odur ki, Nemət Pənahlının heç bir fikri mənim üçün əhəmiyyət kəsb etmir. Birincisi, Nemət Pənahlı siyasətçi deyil.
O xalq hərəkatında hər bir hərəkata xas olan qaydada təsadüfən bu hərəkatın qabağına çıxarılmış, dəstəklənmiş adamdır.
Neməti xalq hərəkatında dəstəkləyən adamlardan biri də Əbülfəz Elçibəydir. Onun Elçibəy və digər xalq cəbhəsi liderlərinə olan münasibəti özü haqqında müəyyən bir fikri formalaşdırması ilə bağlıdır.
Nemət Pənahlı özünü cəmiyyətə öz gücü ilə yuxarı yüksələn insan kimi təqdim etmək üçün onu qabağa çəkən insanları ləkələməli, sıradan çıxarmalıdır ki, xidmətləri öndə olsun. Bu, bütün diktatorlar üçün xasdır.

Diktatorların hamısı onu hakimiyyətə gətirən adamları məhv edir. Əks halda, diktatorluq etmək mümkün deyil. Halbuki, Əbülfəz Elçibəy olmasa idi, Nemət Pənahlı dünəndən olmazdı”.
Sərdar Cəlaloğlu, Nemət Pənahlının dünyasını dəyişən insan haqqında danışdıqlarını böyük səhv adlandırıb. “Fransız filosoflarından birinin gözəl bir fikri var. “Ölülər haqqında ya yaxşı danış, ya da sus”.

Allahın doğru yolu ölümdə başa çatır. Bir insanın ki ruhu bitdisə onunla mübarizə etmək axmaqlıqdır. Əbülfəz Elçibəy bu dünyada yoxdur. Onunla mücadilə etmək nə deməkdir?! O, ittihamlara cavab verə, özünə bəraət qazandıra bilmir. Həqiqətin nədən ibarət olduğunu ifadə edə bilmir. Nemət Pənahlının əsas hədəfi Əbülfəz Elçibəydir. İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn haqqında danışa bilmir. Bilir ki, onlar onun cavabını verəcək.
Bəzi adamlar böyük adamlara daş atmaqla bir növ özlərini böyütmək istəyirlər. Nemət Pənahlı xalq hərəkatının qaragüruh dövründə digərlərinin dəstəyi ilə hərəkatın önünə çıxarılıb. Bununla da işi bitib.

Kimlər ki, Nemət Pənahlının dediklərinə fikir verirsə, onlar da Nemət Pənahlı ağıldadırlar.

Hətta, Nemət Pənahlının özü ilə bağlı informasiya görsəm oxumuram. Onun hansı gücə, potensiala malik olduğunu, bundan sonra nə edə biləcəyi beş barmağım kimi aydındır”.
Qeyd edək ki, keçmiş MTN zabiti İlham İsmayıl Moderator.az-da hələ çap olunmamış kitabının bəzi hissələrini yayımlayıb.
“Nemət Pənahov “Azadlıq” meydanında etdiyi çıxışlar kimi burda da “alovlu” nitq irad edirdi, bu dəfə hədəfi Elçibəy idi.
Çıxışın hər cümləsində Elçibəy təhqir olunurdu, sonda isə Elçibəy haqqında satirik, təhqirlə dolu uzun bir şeir dedi”,-deyə İlham İsmayıl yazıb.
Nemət Pənahlı Elçibəyi təhqir etdiyi üçün peşman olmadığını bildirib və daha kəskin tənqidlər səsləndirib.