SƏRDAR CƏLALOĞLU "FİNAL"DA ABŞ FİZİKLƏRİNƏ UDUZDU

Azərbaycandan Nobel mükafatına 4 namizəd irəli sürülüb.
2016-cı il Nobel mükafatının "Fizika" nominasiyası üzrə qalibləri açıqlanıb.
Bu barədə məlumat Nobel Fondunun rəsmi saytında yer alıb. Məlumata görə, "Fizika" nominasiyası üzrə mükafata ABŞ alimləri David Saules (David J. Thouless), Danken Haldeyn (F.Duncan M. Haldane) və Maykl Kosterilts (J.Michael Kosterlitz layiq görülüb.
Alimlər mükafatı "Topoloji faza keçidlərinin və topoloji materiyanın fazalarının nəzəri kəşfi" sahəsindəki uğurlarına görə alıblar.
Kimya üzrə mükafat oktyabrın 5-də, Sülh üzrə oktyabrın 7-də, İqtisadiyyat üzrə isə oktyabrın 10-da elan olunacaq. Ədəbiyyat üzrə Nobel mükafatının elan olunma tarixi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun müəllifi olduğu "Kosmik hadisələr haqqında nəzəriyyə" də Nobel mükafatına layiq görülə bilərdi.
 
*** 13:52
Turaninfo.az xəbər verir ki. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun müəllifi olduğu "Kosmik hadisələr haqqında nəzəriyyə" Nobel mükafatına layiq görülə bilər.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Sərdar Cəlaloğlunun müəllifi olduğu nəzəriyyə artıq gizli səsverməyə buraxılıb.
Xəbəri Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov da təsdiq edib.
Vitse-prezident bildirib ki, Sərdar Məmmədovun (Cəlaloğlu) nəzəriyyəsi ekspert qrupunun qiymətləndirməsindən keçib və gizli səsverməyə buraxılıb: “Gizli səsvermə nəticəsində hansı elmi işin qalib gələcəyi bəlli olacaq. Eyni sahə üzrə mükafat dünya üzrə üç şəxsə verilə bilər”.
“Bu il Azərbaycandan kimsə Nobel mükafatına layiq görülə bilərmi” sualına gəldikdə Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti deyib ki, əgər işlər ekspert qrupundan keçibsə, deməli, şans var: “İndilikdə son qərar gizli səsvermədən sonra bəlli olacaq. Biz deyə bilmərik ki, gizli səsvermədən kim çıxacaq”.
Böyük ehtimalla bu gün Nobel Komitəsinin gizli səsverməsinin nəticəsində fizika elmi üzrə Nobel mükafatı alan şəxslərin adı açıqlanacaq. Məlumata görə, bu sahə üzrə kimin qalib olacağı axşam saatlarında bəlli olacaq.