​Sərdar Cəlaloğlu: "Çayxanada oturub Nobel mükafatı almağım haqda xəbəri gözləyirdim..." — MÜSAHİBƏ + FOTOLAR

 
Ölkə.Az saytı "Şəxsən mən" adlı rubrikasını davam etdirir. Məqsədimiz oxucularımıza siyasətçilərin, ictimai xadimlərin, elm adamlarının görmədiyimiz tərəflərini də göstərməkdir.
 
Layihəmizin bu dəfəki qonağı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur
 
“Yenə siyasətçi olardım, çünki insan olmaq istəyirəm”
 
- Şəxsən mən siyasətçi olmasaydım...
 
- Aristotelin belə bir fikri var, "İnsan siyasi varlıqdır. Siyasətdən kənar bir heyvanlar, bir də tanrılar var". Tanrılar siyasətdən ona görə kənardır ki, onlar hər şeyi idarə edir. Heyvanların siyasətdən kənar olmasının səbəbi isə heç bir şeyi idarə edə bilməmələridir. İnsan siyasi varlıqdır. O, ya siyasətlə məşğul olur, ya da siyasət onunla məşğul olur. Bu baxımdan əgər siyasətçi olmasaydım, yenə də siyasətçi olardım. Çünki insan olmaq istəyirəm. Hegelin məşhur bir sözü var, "İnsan ona görə siyasi mübarizə aparır ki, idarə edənlər də, ona özlərinə bərabər varlıq kimi baxsın." Yəni idarə edən, sənə insan kimi baxsın. İdarə edənlər insandırsa sənə də insan kimi baxacaqlar. Əgər idarə edənlər özünü üstün hesab edirsə onda sənə heyvan kimi baxacaq. Siyasətlə məşğul olmayan insan özünü yaşamayan insandır. Bu o demək deyil ki, siyasətlə ancaq pozitiv insanlar məşğul ola bilər. Məsələn Hitler, Kaliqulu da siyasətçi olublar. Pis adamsansa pis adam kimi yaşamaq üçün siyasətlə məşğul olmalısan, yaxşı adamsansa yaxşı adam kimi yaşamaq üçün siyasətlə məşğul olmalısan. Siyasətlə məşğul olmursansa özün kimi yaşamırsan. İnsan olmaq istəyirəmsə mütləq siyasətçi olmalıyam.
 
Bu gün Azərbaycan cəmiyyətində siyasətçiliyi insanlıqdan ayırıblar. Elə bilirlər ki, siyasət bir peşədir, tituldur, vəzifədir. Əslində siyasət insanın mövcudluq formasıdır. Şüurun fəlsəfi, elmi, cari və dini şüur formaları var. Siyasi şüur, şüurun ən ali mərhələsidir. Siyasət idarəetmə, təşkil etmə və tənzimetmə fəaliyyətinin məcmusu deməkdir. Siyasəti idealizə edib, bunu ancaq dövlətin idarə etməsi kimi qəbul etmək düzgün deyil.
 
Azərbaycan cəmiyyətində bir çox problemlər var. Bu problemlərin səbəbi insanların siyasi olmamasıdır. Siyasət təkcə hakimiyyətə gəlmək uğrunda mübarizə deyil, siyasət ümumiyyətlə cəmiyyətdə mövcud olmaq vasitəsidir. Siyasəti partiya çərçivəsinə salınmasını yanlış hesab edirəm. Ona görə də, sualınıza cavab olaraq deyirəm ki, siyasətçi olmasaydım, yenə siyasətçi olardım, çünki insan olmaq istəyirəm.
 
 
 
- Şəxsən mən bu siyasi proseslərin içərisində olmaq istəyərdim...
 
- Azərbaycan tarixində istəyərdim ki, Şah İsmayıl Xətainin, Nadir şahın, Qacarın, Səttar xanın, Xiyabaninin, Pişəvərinin, Rəsulzadənin yanında olum. Dünya siyasətində isə Birinci Dünya müharibəsində Çörçilin, Vilsonun yanında olmaq istərdim. Spartak hərəkatında olmaq istəyərdim. ABŞ-da Hamiltonun, Cefersonun yanında olmaq istəyərdim. Avraam Linkolnun yanında olmaq istərdim ki, quldarlığın ləğvində iştirak edəm. Tarixdə azadlığa xidmət edən bütün proseslərin içində olmaq istərdim. Harada azadlıq uğrunda proses gedərdisə, harada ədalət savaşı varsa, mən mütləq orada olmaq istəyərdim.
 
“Quş olsaydım, quşlar nə edirsə elə o işlə məşğul olardım”
 
- Azadlığı quşla müqayisə edənlər var. Haraya istəsə uçub gedir. Şəxsən mən quş olsaydım...
 
- İki cür azadlıq var. Bir var neqativ, bir də var pozitiv azadlıq. Təbiətdə olan azadlıq neqativ azadlıqdır. Çünki təbiətdə quşun azadlığı quşun iradəsi ilə bağlı deyil. O elə də yaradılıb. O istəsə də uçmaya bilməz. Pozitiv azadlıq isə təbii azadlığın məhdudlaşdırılmasından doğan azadlıqdır. Siz təbii azadlığınızı nə qədər məhdudlaşdırsanız, oradan pozitiv azadlıq meydana çıxacaq.
 
Azadlıq haqqında məşhur bir tərif var, qanunla qadağan edilmişi könüllü şəkildə icra etməmək azadlıq deməkdir. Höte deyir ki, mən əşyalarımdan azad olduğum qədər azadam. İnsan mümkün qədər az şeyə sahib olmalıdır. Antik dövrdə kiniklər vardı. Kinik it sözüdən götürülüb, mənası it günündə yaşayanlar deməkdir. Onların heç bir əşyası olmurdu. Fales çəlləkdə yaşayırdı. Bir dənə fincanı var idi, onunla su içirdi. Fales bir dəfə görür ki, bir cavan oğlan gəlib bulaqdan əli ilə su içir. O zaman deyir, ki, gör mən neçə zamandır artıq bir şey daşıyırmışam. Böyük mütəfəkkirlər antik dövrdə dərk edirdilər ki, əşyalar insanları əsarətə alır.
 
Malik olduğumuz hər bir şey insanlığımızdan nəsə alır. Azadlıq əşyalardan azad olmaq deməkdir. Qələm yazmaq üçün olsa da, qələmi şkafa qoyan adamlar da var. Sovet dövründə kitab satılan mağazalara gəlib evinin mebelinin rənginə uyğun kitab tələb edən adamlar var idi.
 
Quş olsaydım ya bala verərdim, ya da dən arxasınca gedərdim. Quş olsam beynim də quş beyni olacaq. Bizim qarğalar Qarabağa gedəndə deyirlər ki, Qarabağa gedirik? İnsanların səsləndirdiyi bu fikirlə razı deyiləm. Quş olsaydım, quşlar nə edirsə elə o işlə məşğul olardım.
 
 
 
- Şəxsən mən qızıl balıq tutsaydım, 3 diləyim bu olardı...
 
- Qızıl balıq əhvalatının sonunda qızıl balıq cəzalandırır. Qızıl balıq tutsaydım, birinci bütün dünyada əmin-amanlıq olmasını istəyərdim. İkinci ədalət, üçüncü isə azadlıq arzulayardım.
 
- Şəxsən mən dünyanı idarə etsəydim...
 
- Dünyanı idarə etsəydim beynəlxalq hüquqda iki ciddi dəyişiklik aparardım. Birincisi, korrupsiyanı beynəlxalq cinayət elan edərdim. İkincisi, hakimiyyətin qəsb edilməsini ləğv edərdim. Elə qanunlar qoyardım ki, heç bir korrupsioner, qəsbkar hakimiyyətdə bir saat da qalmazdı. Bəşəriyyətin bütün fəlakətləri bu iki şeydən qaynaqlanır.
 
- Şəxsən mən Nəriman Nərimanovun yerində olsaydım...
 
- Düşünürəm ki, Nəriman Nərimanovun yerində olsaydım, elə onun kimi hərəkət edərdim. Şəxsiyyətlərin əməllərinə qiymət verərkən tarixi şərtləri mütləq nəzərə almaq lazımdır. Nəriman Nərimanovun o zamankı tarixi şərtlərdə başqa bir addım atmaq imkanı yox idi. Əksinə Nəriman Nərimanov digərlərinə, yəni Ağamalıoğlu, Əliheydər Qarayevə nisbətən daha çox Azərbaycan xalqının maraqlarını müdafiə edirdi. Nəriman Nərimanov kommunist deyildi. Nəriman Nərimanov Leninin siyasəti ilə də barışmırdı. Nəriman Nərimanovu Azərbaycanda düzgün qiymətləndirmirlər. Sovet dövründə Nizami Gəncəvini az qala fəhlə kimi təqdim edirdilər. Əgər o fəhlədirsə, yaxşıdır. Xəqanini bizə öyrətmirdilər. Ona görə ki, Xəqani saray şairidir. Dövrün ruhuna enmədən tarixi şəxsiyyətləri dəyərləndirmək olmaz. Əgər gediləcək başqa yol var idisə və Nəriman Nərimanov o yolu getməyibsə onu ittiham edə bilərik. Nəriman Nərimanov Müsavat hökuməti dağılandan sonra hakimiyyətə gəldi. Dünya Azərbaycanı müstəqil dövlət kimi tanımadı. ABŞ Azərbaycanı tanımayandan sonra Rusiya gəlib Azərbaycanı işğal etdi. Nəriman Nərimanov Azərbaycanın Gürcüstan və Ermənistan arasında bölünməsinin qarşısını aldı.
 
Ümumiyyətlə Qafqazda türklərin olmasını istəmirdilər. Ona görə ki, Anadolu türkləri ilə orta asiya türklərinin arasını kəsmək istəyirdilər. Anadolu və Orta Asiya türklərinə qarşı aparılan düşmənçilik birinci Azərbaycana qarşı aparılır. Çalışırlar bizi zəiflətsinlər, bizi məhv etsinlər. Gəlin tarixə baxaq, Şah İsmayıl Xətainin ölümü şübhəlidir, Nadir şah terror qurbanı olub, Qacar terror qurbanıdır. Bütün tarixi hadisələrə baxdıqda görürük ki, bizə qarşı Orta Asiya və Osmanlı türklərindən daha böyük düşmənçilik olub. Dünyada parçalanmış 2-3 xalq var ki, onlardan biri də bizik. Türkiyə ilə Orta Asiyanın əlaqəsini kəsmək üçün bizi birləşməyə qoymurlar. Bunun da bütün ağırlığı biz, Azərbaycan türklərinin çiyninə düşür.
 
- Şəxsən mən Turanı qura bilsəydim...
 
- Turançılığı ancaq beyinlərdə qurardım. Türk tarixi, türk əxlaqı, dünya görüşü, mədəniyyəti beyinlərdə qurulmadır. Biz Azərbaycanda yaşayan digər xalqların nümayəndələrinə deyə bilmərik ki, gör Mete, Attila, Gilqamış sənə nə deyir. Türkün keçmiş siyasətçiləri, qəhrəmanları arxetip yolu ilə bizə nələrsə pıçıldayır. Bəziləri bu pıçıltını eşitsə də, eşitməyənlər də var. Turançılığı beyinlərdə qurmalıyıq. Xaricdə bu lazım deyil. Bunun heç bir mənası da yoxdur. Lap böyük Turan dövləti qurduq. Dünyaya ağalıq edəcəyik? Biz əgər ağalığın əleyhinəyiksə ağalıq etməyə çalışmamalıyıq. Bəzi adamlar deyir ki, özü ağa yox, nökər olduğu ağalığın əleyhinədir.
 
Azərbaycanda əhalimizin 90%-i korrupsiyadan narazıdır. Bu 90%-in içərisində 1%-i də korrupsiyadan yox, korrupsionerlərdən narazıdır. Niyə korrupsionerlərdən narazıdır? Ona görə ki, onu edə bilmirlər. İnsan korrupsiyadan narazı olmalıdır. Azərbaycan xalqının korrupsiyaya, harama nifrəti yoxdur. Azərbaycan müxalifətinin böyük bir hissəsi hökuməti korrupsiyada ittiham edir, ancaq fürsət düşsə özü də korrupsiya ilə məşğul olacaq.
 
İslahatların birinci qurbanı reformator özü olur. İdarəetməni dəyişmədən islahat aparmaq islahatçının özünü məhv edər.
 
- Şəxsən mən azad ruh olsaydım, bu siyasətçinin bədəninə girərdim...
 
- Mahatma Qandinin bədəninə girmək istəyərdim. Mahatma Qandi mənim ideallarımdan biridir. Bir dəfə özümü saxlaya bilməyib Hindistanın Azərbaycandakı səfirliyinə getdim, Mahatma Qandi haqda fikirlərimi səfirlə bölüşdüm. Səfir dedi ki, heç Hindistanda bu qədər Mahatma Qandini tanıyan, sevən yoxdur. Səfir mənə Mahatma Qandidən bəhs edən kitab hədiyyə etdi. Qandinin "Mənim həyatım" adlı kitabını oxumuşam, elə bilirəm ki, o mənəm.
 
İngilislər müsəlmanlarla buddistlər arasında qırğın salmışdı. O zaman Mahatma Qandi 10 gün aclıq aksiyası keçirdi. Axırda müsəlmanlarla, buddistlər gəlib bir daha dini münaqişə aparmayacaqlarına dair and içdilər. Sipahilər ingilislərə qarşı 150 il mübarizə apardılar. Heç nə əldə edə bilmədilər. Əvəzində minlərcə hindli öldürüldü. Mahama Qandi apardığı mübarizədə "duz almayın, çay almayın, ingilisin məktəbinə xəstəxanasına getməyin, ingilis əsgərinə salam verməyin, ancaq ona qarşı da zorkılıq etməyin" deyirdi. İngiltərə baxdı ki, onun orada qurduğu dövlətə heç kim müraciət etmir. Məktəblər, xəstəxanalar, məhkəmələr hamısı boşdur, bazarda ingilislərin heç bir malı satılmır. İngiltərə məhv olduğunu gördü və axırda Hindistanın müstəqilliyinə razılıq verdi.
 
 
 
- Şəxsən mən ideoloq olsaydım...
 
- İdeoloqam. Belə desək, hərəkət adamı deyiləm, əksinə ideya adamıyam. Azərbaycanda Dağlıq Qarabağ, yoxsulluq, işsizlik kimi problemlər var. Bunlar hamısı xalqın şüuru ilə bağlıdır. Qulsansa qul kimi yaşayırsan. Leninin gözəl bir sözü var, deyir ki, bir insanın anadan kölə olmasında insanın heç bir günahı yoxdur. İnsan öz köləliyindən çıxmamaq üçün bəhanələr axtarırsa, belə insan hər cür söyüşə və təhqirə layiqdir. Azərbaycan xalqının böyük əksəriyyəti köləlik vəziyyətindən çıxmamaq üçün bəhanələr gətirir. Buna görə də belə çıxır ki, Azərbaycan xalqının çox hissəsi söyüşə layiqdir.
 
İnsan düşdüyü vəziyyətdən çıxmaq üçün bəhanə axtarmaz, əksinə bu vəziyyətdən çıxmaq üçün bütün gücünü və potensialını ortaya qoymalıdır. Azərbaycanda hamı parazital düşünür. Deyirlər, hamı çıxsın küçəyə mənim haqqımı tələb etsin, döyülsün, söyülsün, mən xoşbəxt, azad olum. Heç kim başqasının əməyi hesabına xoşbəxt ola bilməz. Xoşbəxtlik elə bir şeydir ki, o fərdin özünün zəhməti hesabına meydana çıxa bilər.
 
- Şəxsən mən kimsəsiz bir adaya düşsəydim...
 
- Allah hər yerdədir. Kimsəsiz, iz olmayan adada özüm iz salardım. İnsanlar iki yerə bölünür: turistlər və səyyahlar. Səyyahlar kimsəsiz adada iz salanlardır, turistlər isə o izlə gedib gəlirlər. Liderlər, qəhrəmanlar səyyahdır. Kimsəsiz adaya düşmüsənsə və sizdə həyat eşqi, qabiliyyət varsa, siz o adada həyatınınzı qurmağı bacarmalısınız. Əl qolunuzu uzadıb ölməli deyilsiniz.
 
- Şəxsən mən səyyaham, yoxsa turist...
 
- Səyyah olmaq istəyirəm. Yaxın günlərdə Nobel mükafatına namizədliyimlə bağlı mediada məlumatlar dərc olundu. Özüm həkiməm, siyasi partiya sədriyəm, fizika sahəsi üzrə nəzəriyyəm Nobel mükafatına namizədlər siyahısına salındı və Azərbaycan elm tarixində ilk dəfə Nobel mükafatında gizli səsverməyə qədər gedib çıxdım. O nailliyyəti əldə etmək üçün heç kəsin getmədiyi yol tutmuşam. Eynşteyni, Nyutonu, Kepleri, fizikanın bütün avtoritar alimlərini qoydum bir kənara və öz yolumla getdim. Əvvəl içimdə şübhə var idi. Sonra düşündüm ki, uzaqbaşı biyabır olacam. Nobel əvəzinə Hobel mükafatı verərlər. O yolu getdim və başa düşdüm ki, səyyah olmuşam. Çünki o yolu heç kim getməmişdi. Elmdə bir çox məsələlərin cavabı yoxdur. Həyat necə əmələ gəlib, üzvü maddələr necə əmələ gəlib, Allah "Ol" dedi, dünya necə sözdən yarandı, maddələr necə yarandı, Kvant fizikasından makro fizikaya necə keçid baş verir, niyə görə kainatda hər şey işıq sürəti ilə hərəkət edir? Bu sualların hamısının cavabını dünya elmi izah edə bilməsə də, mən izah edə bildim. Bunları da ayrı-ayrı nəzəriyələr şəklinə salıram. Bu il Nobel mükafatına təqdim etmək üçün ikinci nəzəriyyəmi, yəni mütləq-nisbilik nəzəriyyəsini göndərəcəm. Mütləq-nisbilik nəzəriyyəsi sözün maddəyə çevrilməsindən bəhs edir. Allahın sözünün maddəyə çevrilməsinin nəzəriyyəsini hazırlamışam. Bu il bu nəzəriyyəni Nobel mükafatına təqdim etmək üçün göndərəcəm.
 
“Nobel mükafatını ona görə almaq istəyirəm ki”
 
 
 
- Şəxsən mən Nobel mükafatı alsam...
 
- Nobel mükafatına təqdim olunmaq üçün əsərimi göndərəndən sonra mükafatı alacağıma tam arxayın idim. Çayxanada oturub Nobel mükafatı fiziklərin qalib olmasını gözləyirdim. Evdəkilər də internetdən girib gizli səsverməni izləyirdilər ki, qalib olsam mənə məlumat versinlər. 2 saatdan sonra biləcəkdim ki, Nobel mükafatı alıram, yoxsa yox, heç bir hissim, həyəcanım yox idi. Əksinə pərt oldum ki, Nobel mükafatı almadım. Mənim işimin bəşəriyyət üçün çox böyük elmi əhəmiyyəti var. Bilmək istəyirsinizsə, Nobel məruzəsini də hazırlamışdım. Məruzəm isə din və elmin birləşdirilməsi idi. İnsanlığın qarşısında duran problemin həlli bu iki sahənin birləşdirilməsindən asılıdır. Quran bizə səbəblər haqqında, elm isə nəticələr haqqında bilik verir. Biz bunun ikisini də birləşdirməliyik.
 
Məni Azərbaycanda heç kim tanımır. Siyasətçi obrazım kimliyimi gizlədir. Siyasətçiliyim imkan vermir ki, cəmiyyət məni tanısın. Həddən artıq elmi, fəlsəfi kitablar yazmışam. O kitabların heç birini çap etdirə bilməmişəm. Dünyada ilk dəfə yeni bir elm, kondisologiya elminin əsasını qoymuşam. Kondisologiya sırf nəzəri mülahizələr əsasında, əqli əməliyyatlarla nələri etməyin mümkünlüyündən bəhs edən elmdir. Verdiyim nəzəriyyələr hamısı bu elmdəndir. Nəzəriyyələrimin də dünya tərəfindən qəbul edilməsi bu elmin çox ciddi sahə olduğunu sübut edir. Ancaq o elmi tanıtmağa, insanlara təqdim etməyə mühit yoxdur. Mediada deyirəm ki, kondisologiya adlı elm yararmışam, ancaq Azərbaycan Elmlər Akademiyası maraqlanmır ki, nə yaratmısan?
 
Bu yaxınlarda Aslan İsmayılov məni nəzərdə tutub belə bir fikir deyib ki, "bir adam Səməd Vurğun haqqında elə danışır ki, elə bil Nobel mükafatı laueratıdır". Nobel mükafatını ona görə almaq istəyirəm ki, dediyim fikirləri “elə bil ki, yox”, elə Nobel mükafatıçısı kimi deyirəm və düz deyirəm. Elmi fikirlərimi qoyuram kənara, adi siyasi fikirlərimi çatdıranda qeyri-adi reaksiya görürəm. Bir müddətdən sonra görürlər ki, onlar deyən yanlış, mən deyən isə düz çıxdı. Nədənsə böyük çoxluq həqiqəti qəbul edə bilmir. Bir adamın adının qabağında Nobel mükafatı laureatı ünvanını qoysalar və o axmaq bir fikir desə də onu qəbul edəcəklər. Guya Eynşteynin axmaq fikri yoxdur? O qədər var. Ancaq Eynşteyn deyibsə məsələ bitir. Ona görə Nobel mükafatı almaq istəyirəm ki, elmimi dünyaya çatdıram və kitablarımı çap etdirəm.
 
"Qurani Kərim"ə 3 il öncə şərh yazmağa başladım. AMEA-da akademik Əli Rzayev mətbutda yazdı ki, o kimdir ki, Quran haqda şərh yazır. Yazım, ortalığa qoyum, sonra gəlin tənqid edin. Hələ başlamamış, nə yazdığımı deməmiş məni ittiham edirlər. 10 cilddən ibarət "Quran"a şərh yazmışam. Bir adam çıxıb desin o kitabları çap edək, sonra akademik Əli Rzayev və digər teoloqlar desin ki, Sərdar Cəlaloğlunun Quran haqda yazdığında bu nöqsanlar var. Nobel mükafatıçısı olsam, Qurana yazdığım şərh kitabı çap olunandan sonra bütün dünyada İslama və Qurana münasibət dəyişəcək. Biləcəklər ki, Quran bütün biliklərin atasıdır. Deyirlər, fəlsəfə elmin anasıdır. Mən də deyirəm ki, Quran elmlərin atasıdır. "Qurani Kərim"lə təsdiq edilməyən heç bir elm və nəzəriyyə həqiqi elm və nəzəriyyə deyil.
 
 
 
- Deyirsiniz ki, siyasi kimliyim mənim şəxsiyyətimi dar çərçivəyə salır. Şəxsən mən niyə partiya sədrliyindən getmirəm?
 
- Hara gedim?
 
- Sırf elmlə məşğul olun.
 
- Bilsəm ki, partiya sədrliyim elmi yaradıcılığıma mane olur, dərhal gedərəm. Əksinə, partiya sədrliyim elmi yaradıcılığımı stimullaşdırır.
 
“Oğlum mənə deyir ki, sən bizim əlimizdən tutub bir dəfə parka aparmamısan”
 
- İllərdir ki, müxalifətlə iqtidar arasında mübarizə dəyişmir. İqtidar eyni iqtidardır, müxalifət də eyni müxalifət. Liderlər dəyişmir. Bir çoxları partiya sədrlərini siyasi büt adlandırır. Şəxsən mən siyasi bütəm?
 
- Əvvəla onu deyim ki, uzun müddət hakimiyyətdə qalmaq qüsurdur, müxalifətdə qalmaq isə müsbət keyfiyyətdir. Hakimiyyət sənə hər şey verir, müxalifət olmaq səndən hər şeyi alır. İmam Xomenyi 40 il müxalifət lideri olub, Lenin 25 il, Qandi isə 30 il müxalifətdə olub, Mandela 40 il həbsdə yatıb. Dünada ən məşhur liderlərin müxalifətçiliyi onların daha çox müxalifətdə qalması ilə ölçülür. Bizim uzun müddət müxalifətdə qalmağımız bizim qüsurumuz deyil, müsbət tərəfimizdir.
 
Biz 5 qardaşıq. Hamımız ali təhsilliyik. Kiçik qardaşım rus dilində konservatoriyanı bitirib. Bu adama bizə görə iş vermirlər. Hazırda sürücü işləyir. Qurban qardaşım hüquqşünasdır, ancaq vəkillikdən uzaqlaşdırıblar. Bizim tayfanın ali təhsillilərinin heç biri Azərbaycanda yaşamır. 4 övladım var 3-ü xaricdə yaşayır. Qızımın həyat yoldaşı evlilikdən öncə yaxşı maaş alırdı. Elçi gəldilər. Dedim, mənə görə səni incidəcəklər. Dedi, heç nə olmaz. Qısa müddətdən sonra onu işdən çıxardılar. Qızımı da götürüb getdi xaricə. Bu vəziyyətdə olan müxalifətçiliyi Azərbaycanda neçə adam etmək istəyər? Sizcə Azərbaycanda neçə adam razı olar ki, qardaşları, övladları əziyyət çəksin, özü də xalqın mənafeyini müdafiə etsin? Mənə heykəl qoymaq əvəzinə haqqımda min şey danışırlar. Hökumətlə yaxınlaşmaq üçün iynənin deşiyindən keçməyə hazır olan insanlar var. Mən istəsəm bu gün gedib hökumətin komandasında təmsil olunaram. Elçibəy də, Heydər Əliyev də məni öz komandalarına dəvət edib. Bu xalq üçün nazir olmaqdan, komitə sədri olmaqdan, deputat olmaqdan imtina etmişəm.
 
3-4 zəifləmiş partiya və onun sədri var. Onlar da getsələr kim gələcək müxalifətə? Camaat müxalifətçi olmağa növbəyə durub? Hansı partiyaya axın var, hansı partiyanın maliyyə dəstəyi var? Beynəlxalq təşkilatlar dəstək verir ki, biz də 4 əlli yapışmışıq və getmirik? Bu partiyanın maliyyəsini öz hesabıma, qohuma, dostuma, oğluma yalvararaq bir təhər təşkil edirəm. Partiya sədrliyim mənə nə verir? Əksinə alır.
 
Bəziləri elə bilir ki, burada oturan adam bacarıqsızdır. O Nobel mükafatını ona görə almaq istəyirəm ki, o boşboğazların səsi kəsilsin. Nə Əli Kərimli, nə İsa Qəmbər, nə Etibar Məmmədov, nə İqbal Ağazadə nə də başqaları partiyadan qazanmır. İqbal Ağazadə biznesindən partiyasına verir, partiyadan qazanmır. Sabir Rüstəmxanlı gedib pul qazanıb partiya saxlayır. Biz ailəmizin, uşağımızın boğazından kəsib qəzet çıxardırıq, partiya saxlayırıq. Mən Azərbaycanın böyük çoxluğu kimi düşünsəm nazir də olardım, dövlət müşaviri də olardım, səfir də olardım. Bunları elə-belə demirəm, təklif edilənləri deyirəm. Əbülfəz Elçibəy o vaxt məni çağırdı: "4 yerdən birini: ya Rusiya, ya Türkiyə, ya ABŞ, ya da İranı seç səfir get"-dedi. İmtina etdim. Heydər Əliyev əməkdaşlıq təklif etdi, imtina etdim. Ay azərbaycanlı, mən partiya sədri olmaqdan başqa daha nə istəyirəm ki, o şeylərdən imtina etmişəm?
 
Bu vəziyyətdə deyirlər ki, hökumətə satılmışıq, hökumətdən pul alırıq. Qüdrət Həsənquliyev, Fəzail Ağamalı kimi gedib hökumətin yanında duraram və pul da alaram. Məni nə məcbur edir ki, gizlin iş görəm? Azərbaycan xalqı bizim haqqımızda bunları düşünür. Mən də Azərbaycan xalqı haqqında düşüncəmi bölüşüm. Dankonun ürəyini ayağının altına salıb tapdalayan həmin tayfa Azərbaycan xalqıdır. Bəzən bəyanatlar veririk, deyirlər, ancaq bəyanat verməyi bacarırlar. BMT, ABŞ nə verir, onlar da bəyanat verir də.
 
Kim gəldi partiya sədri olmaq istədi, dedim ki, yox. Sizin vasitənizlə deyirəm, kim Azərbaycan Demokrat Partiyasının sədri olmaq istəyirsə, buyursun gəlsin. İntellekt, təcrübə, qabiliyyət cəhətdən məndən üstünlüyünü nümayiş etdirsin, mən sədrliyi ona verməsəm şərəfsizəm. Deyirlər ki, siz gedin, kimsə gələcək. Politologiya elmində siyasi partiyanı məhv etməyin 3 yolu var. Onun da biri başsızlaşdırmadır. Bir partiyanın başçısını götür, görün o partiya nə günə düşür. Məsələn, Etibar Məmmədov AMİP-in sədrliyindən getdi, AMİP indi haradadır? Lalə Şövkət Liberalların başından getdi, indi liberallar haradadır? İsa Qəmbər Müsavatın başqanlığından getdi, Müsavatın başına nələr gəlir görürük. Bütün dünyada təşkilatın liderini məhv etmək həmin təşkilatı məhv etməyə bərabərdir.
 
Azərbaycan müxalifətinin 4 divarı var idi, biri Elçibəy idi, uçdu getdi, biri Lalə Şövkət idi, uçdu getdi, biri İsa Qəmbər idi, biri də Etibar Məmmədov, onlar da uçdu getdi. Qalan bir neçə lider var ki, Azərbaycan müxalifətinin mövcudluğunu təmsil edirik, fəaliyyətini yox. İndi də deyirlər ki, siz də gedin.
 
Bu partiya məndən hər şeyimi aldı. Oğlum mənə deyir ki, sən bizim əlimizdən tutub bir dəfə parka aparmamısan. Uşaqlarımın uşaqlığı barədə bir xatirəm yoxdur. Uşaqlarımın uşaqlıq vaxtı ilə bir dənə şəklim yoxdur. Çünki evdə olmamışam, bütün günü çöllərdə, iclaslarda. Budur mənim müxalifətçiliyim.
 
 
 
- Ağır söhbət oldu. Keçək musiqiyə. Şəxsən mən hansı musiqilərə qulaq asıram...
 
- Ən çox sevdiyim müğənni Enrike İqlasiasla, Hyustondur. Enrike İqlasiasın dəlisiyəm. Onun atsının da iki musiqisi var və onlara qulaq asıram. O dədə-balaya həddən artıq çox qulaq asıram. Azərbaycanda Röyanın səsindən xoşum gəlir. Azər Zeynalovun səsini bəyənirəm.
 
- Şəxsən mən idmanın bu növlərini sevirəm...
 
- İdmanla ümumiyyətlə aram yoxdur. Müasir insanlığın faciəsinin yaranmasında idman və ucuz şounun əvəzsiz rolu var. Bu iki sahə insanlığı məhv etmək üçün şeytanın əlində vasitədir. Diqqət edin, bütün idman oyunlarında zorakılıq var. İdmanla ümumiyyətlə maraqlanmıram. Maraqlanan adamları da vaxtını itirən, özünü itirən adam hesab edirəm. O futbol sizə nə verir?
 
- Şəxsən mən şah olsaydım bu cür hərəmxana saxlayardım...
 
- Şah olsaydım 7 gözəl kimi hərəmxana saxlayardım. (gülürük)
 
- Son olaraq şans veririk, şəxsən sən...
 
- Azərbaycanda çox jurnalistlərlə üz-üzə gəlirəm. Bəziləri tapşırıqla işləyir, sifariş yerinə yetirir. Bu yaxınlarda Həmid Herisçi müsahibə üçün gəlmişdi. Bu partiyaya gələndə yəqin fikir vermisiniz. O yazıda təsvir edilən şeyləri siz burada gördünüz? Yazıb: "Girdim, pasdanmış durbalar, sular sızır, Sərdar Cəlaloğlunun otağı qaranlıq, küncdə büzüşüb oturub". Qaranlıq yazdığı otaq bax bu otaqdır. Gəlib məndən Nobel mükafatı haqqında müsahibə almağa, mənasız suallar verib, axırda da yazıb ki, o cümlədən Nobel mükafatından danışdıq. Bir mən gedib çıxmışam ora, fəxr elə də bununla. Fəxr eləmirsən, sus heç olmasa.
 
Verdiyiniz sualların hamısını özünüzə qaytarıram. Əgər jurnalist azad olsaydı o bir siyasətçidən çox Azərbaycana xeyir verə bilərdi. Avraam Linkolnun jurnalistlər haqqında gözəl bir sözü var. Deyir ki, siz çalışırsınız informasiyanı xalqa başa düşdüyü formada çatdırasınız. Yanlış yoldasınız. İnformasiyanı verin, xalq özü necə istəyər, elə də başa düşər.
 
 
 
Əgər Azərbaycan jurnalistikası düzgün işləsəydi, Azərbaycan xalqı lideri haqda bu cür düşünməzdi və bu günə qalmazdı. Jurnalistikanın vəzifəsi insanların aydın düşünmə qabiliyyətinə yardımçı olmaqdır.
 
Şəxsən sənə gəldikdə, suallar verdin, cavablar verdim. Ortaya çıxan müsahibədən biləcəm sən kimsən. Ona görə ki, məndən çoxusu gəlib müsahibə alır, sonra o müsahibəni oxuyanda elə bilirəm başqa adamdan müsahibə alıb. Sənin kim olduğunu müsahibə çıxandan sonra biləcəm...