“Space”dən Abbas Bağırovun ittihamlarına cavab: “Verilişə 45 dəqiqə gecikib”

Əməkdar artist Abbas Bağırov sosial şəbəkədə “Space” telekanalını ittiham edib.
Turaninfo.az Musavat.com-a istinadən xəbər verir ki, sənətçi səhər proqramına gecikdiyi üçün  telekanala buraxılmadığını bildirib:
“Bu gün 9:30-da “Space”   telekanalında canlı yayımda olmalı idim. Proqrama 5 dəqiqə gecikdiyim üçün telekanalın qapıda dayanan qeyri-peşəkar işçisi mənə dedi ki, “siz gecikmisiniz, ona görə mənə tapşırılıb ki, sizi verilişə buraxmayım”. Bu gündən sonra “Space” telekanalına çıxmayacağam. Qeyri-peşəkar işçilərə görə bu mənim qərarımdır. Onu da əlavə edim  ki, bu günə kimi heç bir proqrama gecikməmişəm”.
"Space" televiziyasının icraçı direktoru Kamil Şahverdiyev əməkdar artistin ittihamlarına cavab verib. O müsavat.com saytına açıqlamasında  müğənninin proqrama 45 dəqiqə gecikdiyini deyib: “Bizim telekanal heç bir müğənniyə qadağa qoymayır.  Müğənni canlı yayıma gecikirsə, proqramın bütün istiqaməti dəyişir. Abbas Bağırov proqrama 5 dəqiqə deyil, 45 dəqiqə gecikib. 45 dəqiqə sonra gəlməsi məntiqsizlikdir. Abbas Bağırova qarşı hörmətsizlik edilməyib”.