​Soyuqdan şagirdlər də xəstələnir, müəllimlər də…

 
 
Bakıda istilik ala bilməyən məktəb və bağçalarda dözülməz durum yaranıb
Havaların birdən soyumağa başlaması istiliklə bağlı problemləri aktuallaşdırıb. Xüsusən mərkəzləşdirilmiş istilik sisteminə bağlı olan məktəblər və bağçalardakı durum diqqət mərkəzindədir. Redaksiyamıza müarciət edən valideynlər, bəzi bağça və məktəblərdə istilik sisteminin olmaması səbəbindən övladlarının tez-tez xəstələnərək dərsdən qalmalı olduğunu bildiriblər.
 
Valideyn Kamran Ağayevin sözlərinə görə, oğlunun oxuduğu məktəbdə hazırda istilik sistemi yoxdur: “Direktor deyir ki, noyabrın 15-dən veriləcək istilik. Ancaq həmin müddətə qədər havalar soyuq olduğundan uşaqlar tez-tez xəstələnir. Axırda müəllim məcbur olub, öz cibindən elektrik peçi alıb. Otağı qızdırmağa çalışır ki, uşaqlar xəstələnməsin. Yoxsa, sinfə girmək mümkün deyil. Buz kimi olur otaqlar”.
 
İzləyicilərimiz arasında apardığımız sorğuda məktəb və bağçaların qızdırılması səviyyəsi ilə maraqlandıq. Yazılan rəylər əsasında məlum oldu ki, bəzi məktəblərdə dərs otaqları isti, bəzilərində isə soyuqdur. Hətta müəllimlər arasında da soyuqdan xəstələnib dərsə gedə bilməyənlər var.
Oxucumuz Aytac Əli bildirib ki, müəllimə olduğunu bildirir və əlavə edir ki, məktəbdəki soyuğa görə bərk xəstələnib: “Alacağım bütün maaş müalicəyə gedəcək”.
 
Kamal Əhmədov isə deyir ki, məktəblərdəki və bağçalardakı vəziyyət valideyinləri qəzəbləndirir.
Qadir Hacıyev bildirir ki, Buzovnada 322 nömrəli məktəbdə siniflərə soyuqdan girmək olmur.
Natavan Məmmədova isə yazır ki, məktəb və bağçalarda qaz yoxdur: “Noyabrın 15-ni deyib durublar”.
 
Elgiz Bərdəlinin sözlərinə görə, uşaqlarının məktəbində pilətə pulu yığılırdı.
 
“Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Azəristiliktəchizat” ASC-yə bu il paytaxtda fərdi qazanxanaları olan məktəblərə istiliyin verilməsi ilə bağlı müraciətinə müsbət rəy verilib. Noyabrın 1-dən fərdi qazanxana işləyən təxminən 117 məktəbə istilik verilib”.
 
Bunu idarənin müdiri Məhəbbət Vəliyeva deyib. O bildirib ki, havaların soyuq keçməsi ilə əlaqədar orta məktəblərə istiliyin vaxtından əvvəl verilməsinə ehtiyac yaranıb. Müvafiq qaydalara görə isə istilik noyabrın 15-dən aprelin 15-ə qədər verilir:
 
“Mərkəzləşdirilmiş qaydada istiliyin verilməsi yalnız orta məktəblərə şamil edilmir. Digər müəssisələr və fərdi yaşayış binaları istiliklə bu tarixlərdə təchiz olunur. Məsələ kütləvi xarakter daşıdığından bizə istiliyin noyabrın 15-də veriləcəyi deyilib. Hazırda Bakıda 135 məktəb mərkəzləşdirilmiş qaydada istilik sistemi ilə təchiz edilir. Həmin məktəblərə istilik noyabrın 15-dən veriləcək”.
 
Təhsil İdarəsinin müdiri əlavə edib ki, havaların soyuq olması məktəblərdə şagirdlərin davamiyyətinə mənfi təsir edir.
 
“Ümumilikdə isə məktəblərdə dərsə davamiyyətlə bağlı məsələdə heç bir problem yoxdur” - deyə, o, əlavə edib.