Sovet gəncliyini formalaşdıran ilk cizgi filmlərimizdəki ŞİFRƏLƏR...

 
 
Bəlkə də hər şey cizgi filmlərdən başlayır. İnsan uşaq yaşlarında baxdığı cizgi filmləri yaddaşının toxunulmaz ərazisinə, şüuraltı zonaya köçürür. Odur ki, izlənilən cizgi filmləri özünün ruhu, melodiyası ilə birlikdə ömrü boyu insanı izləyir. Etiraf edək ki, insanların 35-40 yaşlarında baxdığı hər hansı film yadından çıxa bilər. Amma 5-6 yaşında izlədiyi cizgi filmlər isə, əsla!
 
Cizgi filmləri unudulmağa qoymayan həm də onların alt qatındakı şifrələr, mesajlardı. Uşaq fərqinə olmadan onu izləsə də, yalnız personaj və süjet xəttinə baxsa da, həmin mesajlar öz işini görməkdədir.
Sovetin  “şaqraq” vaxtlarında Azərbaycanda da bu cür cizgi filmlər çəkilib.
 
Moderator.az onlardan bir neçəsini təqdim edir:
 
Cırtdanın yeni sərgüzəşti (1973)  - Burada Azərbaycan xalq nağılının məşhur qəhrəmanının bizim günlərdə başına gələn yeni əyləncəli sərgüzəştlərindən söhbət açılır. Filmdə xalq folklorunun fantastik motivləri ilə müasirlik bir-birini tamamlayır. İnsan düşüncəsinin məhsulu olan nəhəng müasir texnika bəşər övladına həmişə kömək etməyə hazırdır. Budur, əfsanəvi Simurq quşu və xalça-təyyarə sehrli yumağın arxasınca nə qədər uçurlarsa da xeyri olmur, onu tuta bilmirlər. Köməyə güclü və xeyirxah raket gəlir. O, sehrli yumağı tutub balaca Cırtdana qaytarır. 
 
Göyçək Fatma (film, 1988)  - Film Azərbaycan kinosunda ən uzunmetrajlı cizgi filmi olub. Bu film-opera Azərbaycan Xalq Təhsili Nazirliyinin sifarişi ilə istehsal olunub. Kinolent Azərbaycan xalq nağılının motivləri əsasında çəkilib.
 
Janrca məişət nağıllarına aid olan “Göyçək Fatma”da ailədaxili münasibətlər-ögey ana və uşaq münasibətləri, bir evin içindəki ayrıseçkiliklər və onun balaca qız uşağının həyatına vurduğu mənəvi zərbədən söhbət açılır.
 
Pıspısa xanım və Sişan bəy (film, 1974)  - Hamının “Tıq-tıq xanım” kimi tanıdığı cizfi filmində hər bir adamın dostu olmalıdır fikri önə çəkilir.  Lakin “dost qazanmaq üçün sən də dostluq etməyi bacarmalısan” fikri də dəstəklənir. Film Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında çəkilib. “Əlini mənə bəsdərəcik”,  “Yox, yox mən səndən küsdərəcik” sitatları bir zamanlar bütün uşaqların dillər əzbəri idi.   
 
 “Tülkü həccə gedir” - Bir zamanların bütün kiçik yaşlı tamaşaçıları bu filmə dövlət televiziyasında dəfələrlə baxardılar. Ayrı-ayrı məktəblər və uşaq teatrlarında səhnələşdirilən mənzum nağıl sonradan ekranlara da yol tapdı.  Burada hikmətli bir əhvalatdan-qocalıb əldən düşən tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışılır. Filmdə “düşmən çox məharətlə cildini dəyişir” fikri ön plana çəkilir. O gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail ola bilər.Film uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılıb.
 
“Uşaq və külək” - “Toplumun yeddi rəngi var, hamısı ona yaraşar” misraları ilə başlayan bir mahnını və o mahnını oxuya-oxuya topun arxasıyca qaçan balaca oğlanı yəqin ki, hamınız xatırladınız.
O balaca oğlan “uşaq  və külək” cizgi filmində SSRİ-nin balacalara şüuraltı olaraq yeritdiyi “elmi-texniki inqilabın əsas təbliğatçısı kimi çıxış edir. Belə ki, uçan xalça, tovuzquşu topa çata bilmir.
Yalnız raket topu göydən alaraq uşağa verir. Burada sovet rejimi artıq nağılların mənasızlığını, məqsədə yalnız elmi -texniki yolla çatmağın mümkünlüyünü balacalara elə onların öz diliylə göstərirdi.
Filmdə külək əsas obraz kimi tamaşaçıların nəzərinə çatdırılır və bütün hadisələr onun ətrafında cərəyan etsə də, sonra sovet elminin məhsulu olan raket ona qalib gəlir.
 
Elmin Nuri

Загрузка...
Загрузка...