Sonsuz müharibə, Türkiyəni parçalamaq, Ərdoğanı... – DƏHŞƏTLİ PLAN

 
“Kimsənin etdiyi cavabsız qalmayacaq. Edam bir dəfəlik ölümdür, amma onlar üçün ölümdən daha böyük ölümlər var”.
 
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu baş nazir Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında ölüm hökmünün bərpası ilə bağlı çağırışları şərh edərkən deyib.
 
“Şəhidlərimizin qanını tökən hər kəs hesab verəcək. İntiqam duyğusu ilə hərəkət etməyəcəyik. Amma türk ədaləti kimsənin etdiyini cavabsız qoymayacaq. Fəthullahçı Terror Təşkilatının çevriliş cəhdindən sonra qanlı üzünü göstərən PKK terror təşkilatının başındakı baronlar bu qanın hesabını verəcəklər”, - Türkiyənin baş naziri bildirib.
 
O, PKK-nın “kürd problemi” adlanan bir probleminin olmadığını, əksinə, kürd vətəndaşlarının PKK kimi bir probleminin olduğunu dilə gətirib: “Bizim vəzifəmiz bu problemi aradan qaldırmaq, bu əliqanlı terror təşkilatını aramızdan uzaqlaşdırmaqdır. Bunlar nə yerli, nə də millidir. Bunların üst ağlı FETÖ terror təşkilatı kimi xaricdədir. Oynanılan oyunun adını düzgün qoymaq lazımdır. Burada Türkiyənin gələcəyi, qardaşlığı, ərazi bütövlüyü, unitar dövlət quruluşu, tək bayraq, tək dövlət, tək vətən prinsipləri yoxdur. Məqsəd İrandan, Suriyadan, Türkiyədən torpaq qopararaq bölgədə qeyri-sabit vəziyyət yaratmaqdır”, - Binəli Yıldırım vurğulayıb.
 
Baş nazirin sözlərinə görə, 15 iyuldan əvvəl və sonra sözügedən terror təşkilatları bir araya gələrək plan hazırlayıblar: “15 iyul oldu. Əvvəlcə hər şeyi mükəmməl şəkildə etdiklərini güman etdilər. Planları Rəcəb Tayyib Ərdoğanı zərərsizləşdirmək, milləti bir-birinin üstünə salmaq, daha sonra xilasedici kimi gələrək qardaş müharibəsini sonsuz bir vəziyyətə gətirmək idi. Plan bu idi. 15 iyul millətlə onların seçdiyi hökumətin birlikdə olduğunu bir dəfə dünyaya göstərdi”.