​Son vaxtlar bankomatlardan pul niyə yoxa çıxıb?

 
Hər ayın əvvəlində maaşlarını alsalar da, bu ay yubanma var. AzadlıqRadiosu-na danışan bir neçə müəllim belə deyir.
 
Sabirabadın Bala Həşimxanlı kəndində müəllim çalışan Zakir Əliyev də onlardan biridir:
 
“Hökumət yubadır maaşı. Səbəbini bilmirəm. Təzəlikcə maaşı ayda iki dəfə alacağıq – yarısını ayın ortasında, yarısını da ayın axırında”.
 
 
Zakir Əliyev 320 manat maaş alsa da, şəxsi təsərrüfatından daha çox gəlir götürür: “Yayda məzuniyyətə çıxanda, təsərrüfatla məşğul oluram. Allah bərəkət versin, ordan dolanıram, müəllim maaşına ehtiyacım da yoxdur”.
 
Bəs təsərrüfatı olmayan müəllim neyləməlidir?
 
Bakı məktəblərindən birində dərs deyən, amma iş yerində problem yaşamaq istəmədiyindən, kimliyinin açıqlanmamasını xahiş edən ibtidai sinif müəllimidanışır: “Əvvəllər valideynlər uşaqları hazırlığa qoyurdular. Bizim əsas qazancımız da burdan çıxırdı. Amma bu ildən hazırlığa gələnlərin sayı azalıb. Məsələn, bir valideynim var, böyük qızına dərs demişəm, hazırlığa da qalırdı dərsdən sonra. Amma bu ildən kiçik qardaşı gəlir, anası onu hazırlığa qoymur, çünki əri işdən çıxıb, özü də evlərə təmizliyə gedir. Bu cür valideynlərimizin sayı da artmaqdadır. İndi maaşlarımız da geciksə, vəziyyətimiz lap pisləşəcək. Onsuz da maaşlarımız elə də çox deyil”.
 
Son günlər təqaüdçülər də, bankomatda pul olmadığından, təqaüdlərini ala bilmədiklərini deyirdilər. Ölkədə pul qıtlığı yaşandığını demək olarmı?
 
“Ola bilsin, indi ilin sonudur…”
 
İqtisadçı ekspert Natiq Cəfərli bunun “texniki gecikmə”, yoxsa pul qıtlığı olması haqda danışmağa tələsmir. O deyir ki, bundan ötrü gələn ayı gözləmək lazımdır: “Bu hal gələn ay da təkrarlanarsa, biz nağd pul qıtlığından danışa bilərik. Ola bilsin, indi ilin sonudur, son rübdür, büdcəylə bağlı bəzi problemlər yaşanır. Büdcədən transfertlər, bəlli xərclərin ayrılması bəzi yubanmalara səbəb ola bilər. Biz bunun dekabrda da təkrarlandığını görsək, bunun xroniki hal alacağını, maaş və təqaüdlərin həmişə gecikəcəyini deyə biləcəyik. İndi bu haqda danışmaq hələ tezdir”.
 
“Ölkənin fərqli iqtisadi mərhələyə daxil olduğunu bilməliyik”
 
Başqa bir ekspert – Məhəmməd Talıblı belə halların daha sonra da təkrarlanacağını istisna etmir. “Ölkədə bir yandan daxilolmalar azalır, bir yandan da büdcə xərclərinin qarşılanması, gəlir qaynaqlarının tapılması çətinləşir. Odur ki, növbəti aylarda nəinki aztəminatlı sosial qruplar, elə büdcə təşkilatlarında çalışanlar da eyni durumla üzləşə bilərlər. Biz artıq ölkənin fərqli iqtisadi mərhələyə daxil olduğunu bilməliyik”.
 
İş günü olmadığından…
 
AzadlıqRadiosu noyabrın 9-da rəsmi qurumlardan müəllim maaşlarındakı yubanmanın səbəbini öyrənə bilməyib.