Şok: İrəvan İsgəndər-M aldığını təsdiqlədi - Bakıya şans verdi

 
Ermənistan Müdafiə Nazirliyi Rusiyadan alınan raket kompleksinin İsgəndər-M olduğunu rəsmən təsdiqləyib.
 
Axar.az xəbər verir ki, sentyabrda İrəvanda keçirilən hərbi parad zamanı nümayiş olunan “İsgəndər” raket kompleksi ilə bağlı mübahisələrə nəhayət son qoyulub. Bu gün Ermənistan MN rəhbərliyinin ardarda verdiyi bir neçə bəyanatda bu raketin “İsgəndər”in modifikasiya olunmuş son modeli – İsgəndər-M olduğu açıqlanıb.
 
İsgəndər-M raketinin Ermənistanın cəbbəxanasına aid olduğunu bildirən Ermənistan Müdafiə Nazirliyinin Artilleriya və Raket Qoşunları bölməsinin qərargah rəisi polkovnik Artavazd Yağmuryan Azərbaycanı da təhdid edib. Bildirib ki, Ermənistan hökuməti rəsmi icazə verəcəyi halda İsgəndər-M vasitəsilə Azərbaycana zərbə endirilə bilər.
 
İsgəndər-M Rusiya hərbisinin güvəndiyi raketlərdən olmaqla, 500 km məsafədəki hədəfi 100 faiz dəqiqliklə vurmaq qabiliyyətinə malikdir. Nüvə başlığı daşımaq gücündə olan bu yarımballistik raketin satışını Rusiya qadağan edib.
 
Maraqlıdır ki, beynəlxalq öhdəliyə uyğun olaraq Rusiyanın İsgəndər-M-in satışı barədə qoyduğu qadağanın müqabilində Ermənistan rəsmilərinin bu raketi aldıqlarını açıq-aydın bəyan etməsi ciddi siyasi qalmaqal doğurur. Bu, Rusiyanın bir daha beynəlxalq öhdəliklərə tüpürməsi ilə bərabər, Ermənistanın da faktiki olaraq sülh danışıqlarından imtina etdiyinin, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bütün razılaşmalardan çıxdığının, Azərbaycan ərazisini güc yolu ilə işğalda saxlamağa çalışdığının bariz göstəricisidir.
 
Yağmuryan bugünkü açıqlamasında “İsgəndər M-in varlığı Azərbaycana genişmiqyaslı hərbi əməliyyatlara təşəbbüs göstərəcəyi zaman düşünməsi və narahat olması üçün səbəbdir” deyib. Əlbəttə, Azərbaycan sülh danışıqlarından imtina edilməsi zamanı hərbi variantı nəzərdə keçirə biləcəyini dəfələrlə bəyan edib və torpaqlarının işğalda qalması ilə barışmayacağını bildirib. Belə görünür ki, Ermənistan sülh danışıqlarından imtina edəcəyini artıq dolayısı ilə etiraf edir.
 
Əslində, Ermənistan xuntasının bu bəyanatı Azərbaycana əlavə siyasi imkanlar qazandırır. Rəsmi Bakı Ermənistanın bu açıqlamasına uyğun olaraq beynəlxalq monitorinqin keçirilməsini tələb etmək, qadağan olunmuş silah əldə edən İrəvana sanksiyalar tətbiq edilməsi yönündə fəaliyyətə başlaya bilər.