​ŞOK: Əhmədlidə 10 manatlıq kilsə kursu: “40 nəfər idik, 400 olduq” - REPORTAJ

 
Bu yaxınlarda “Əhmədli” metrosunun yaxınlığında yaşayan bir tanışımla rastlaşdım. Dil kurslarından danışdıq. Kursların baha olmasında gileyləndim. Bildirdi ki, “Neapol” dairəsinin yaxınlığında “Məryəm” Xeyriyyə Tədris Mərkəzi var, 10 manat ödəməklə kursda istənilən dili öyrənmək olur.
 
Bahalıq bir zamanda 10 manata dil kursu? Sual məni düşündürdü...
 
Fotoqrafımızın müşayiəti ilə “Neapol” dairəsindən kursun yerini soruşa-soruşa gəlib gözdən uzaq bir yerə çatdıq. Ətrafı boşluq olan bu köhnə görünüşlü tiklinin divarına Azərbaycan, Böyük Britaniya, Rusiya və İtaliya bayraqları, musiqi, saz, mişar, quş şəkilləri çəkilib...
 
Katolik kilsəsindən icazə, tozlu stol...
 
Qapını açıb içəri daxil olar-olmaz bişirilən yemək qoxusu bizi vurdu. Dar dəhlizdə dil öyrənənlərdən çox 30-40 yaş arası xanımlar əyləşmişdi. Qeydiyyat şöbəsinə yaxınlaşıb kursun rəhbərini soruşduq. Bizi kursun arxa tərəfindən bir yolla başqa bir tikliyə apardılar, orada Martin Bonki adlı şəxslə tanış etdilər.
 
Martin Bonkinin otağı adət etdiyimiz otaqlar kimi deyildi. Divarda insanın ağzı açıq  karikaturası, kiçik xatırlatma vərəqələri, stolun üzərində sadəcə 1 nootbuk, kənarda iki stul vardı. Stolun üstü də tozlu idi...
 
Martin Bonki kurs rəhbəri olduğunu, amma ətraflı danışa bilməyəcəyini dedi: “Müsahibə üçün mütləq “Xətai” metrosu yaxınlığında yerləşən Katolik kilsəsindən icazə almalısınız. Qaydalar belədir. Sizə sadəcə qısa məlumat verə bilərəm”.
 
Öyrəndik ki, “Məryəm” Xeyriyyə Tədris Mərkəzinın yalnız bir filialı var. Mərkəzdə hər gün birinci dərs saat 09:30 başlayır, sonuncu dərs saat 20:00 bitir.
 
Yeməkxana və 400 şagird
 
Kursun adıyla maraqlandıq. Martin Bonki bizə bir tarixçə danışdı. Dedi ki, bu kursun yerində vaxtilə xeyriyyə məqsədli yeməkxana fəaliyyət göstərirmiş: “2000-ci ildə burada çeçenlər çox idi və Marian adlı bir kişi “Marian” xeyriyyə yeməkxanasını işlədirdi. Amma yerli insanlara yeməkxananı soruşanda “Məryəmin yeri” deyirdilər. Biz də kursu açanda bu adı saxladıq və “Məryəm” Xeyriyyə Tədris Mərkəzini yaratdıq”.
 
Elə kursa ilk və kiçik sponsorluğu da “Məryəm” çayları edib...
 
Kurs rəhbəri deyir ki, “Məryəm” Xeyriyyə Tədris Mərkəzinə hər bir kəs sponsorluq edə bilər: “Yerli insanlar daha çox təmirə kömək edirlər. Universitetdə oxuyan tələbələr isə məktəbəqədər hazırlıq kurslarında uşaqlara dəstək olurlar. Könüllü şəkildə hər kəs kursa kömək edə bilər”.
 
İnternet vasitəsi ilə apardığımız araşdırmadan məlum oldu ki, “Məryəm”  Xeyriyyə Tədris Mərkəzi 2004-cü ildən Catholic Relief Services, Jugend eine Welt, Austrian Development Cooperation, Renovabis, Salesians of don Bosco və Bakıda yerləşən Irish Society dəstəyi ilə aztəminatlı ailələrdən olan uşaqlara kömək məqsədi ilə fəaliyyətə başlayıb. Mərkəz aztəminatlı ailədən olan uşaqlara orta məktəbi yaxşı bitirmələrinə, gənclərə ali məktəbə qəbul olmalarına və peşəyə sahiblənib işə düzəlmələrinə köməklik göstərir...
 
Tədris Mərkəzində Azərbaycan, italyan, rus, alman dilləri, eləcə də məktəb fənlərindən Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, rəsm, gitara, rəqs, kompyuter proqramlarından Cisco şəbəkə təlimi, Microsoft Office, Adobe Photoshop, Corel Draw, 3D Max, Autocad və reklam poliqrafiyası öyrədilir.
 
Keçən il fransız dili öyrədilsə də, bu il bu dili öyrətmək üçün müəllim yoxdur.
 
Kursun internet ünvanında belə bir şüar var: “2004-cü ildə bizim mərkəz yeni fəaliyyətə başlayarkən kurslarımıza 40 şagird müraciət edib, hazırda bu göstərici 400 nəfərə çatıb. 30 nəfər yerli və xarici müəllim heyəti ilə xidmət göstəririk”.
 
Martin Bonki deyir ki, kursun müəllimlərin əksəriyyəti azərbaycanlıdır: “Mərkəz Katolik kilsəsinə aid olduğu üçün xaricidən olan könüllülər 6 ay-1 il gəlib, burda dərs deyirlər. İki ayda bir dəfə rəsmi olaraq imtahan təşkil olunur. İmtahandan sonra təzə qruplar yaranır və dərslər keçilir”.
 
Martin Bonki əslən slovak olsa da, Azərbaycan dilində çox sərbəst danışırdı. Deyir ki, 13 ildir Azərbaycanda yaşayır. Çoxlu söz öyrənib, daha sonra sərbəst  danışmağa başlayıb.
 
Adətən, bütün müəssisələrdə bazar ertəsi iş günüdür. El arasında da həmin günün ağır iş günü olduğu deyilir. Amma bu kurs bazar ertəsi işləmir. Səbəb həmin günlər mərkəzdə təmir işlərinin aparılması imiş. Amma kursun binasında təmirdən əsər-əlamət yox idi...
 
Kursda səhər saatlarında ən çox məktəbəqədər hazırlıq üçün uşaqlar, daha sonra tələbələr, axşam 18:00-dan sonra isə yaşlı insanlar dil öyrənirlər.
 
Səfirlər sponsorluq edir
 
“Məryəm” Xeyriyyə Tədris Mərkəzində 15-20 yaş arası uşaqlara düşərgələr də təşkil olunur. Amma bu düşərgənin öz şərtləri var: özünlə bahalı paltar, mobil telefon, zinət əşyası gətirə bilməzsən.
 
Martin Bonki izah etdi ki, düşərgədə bahalı paltar, mobil telefon gətirəndə problemlər yaranır, nəsə itir: “Biz də bu problemlərlə qarşılaşmaq istəmədiyimiz üçün valideynlərdən xahiş edirik ki, uşaqlarınıza sadə telefon verin. Onsuzda bizdə hər saata uyğun proqram var”.
 
Kursun rəhbəri daha heç bir məlumat vermək istənməyini deyib, bizi qəbul şöbəsindəki Əfsanə adlı qızla danışmağa göndərdi.
 
Əfsanə deyir ki, bu il kursa daha çox abituriyentlər müraciət ediblər: “Bu il alman dili müəllimimiz yoxdur. Alman dilini bildiyi üçün bu dərsi Slovakyadan olan Radislov adlı şəxs keçir. Katolikdir”.
 
Mərkəzdə dərslər həftədə iki dəfə, 60 dəqiqə keçirilir. Aylıq ödəniş yeddi nəfərlik qrupda 10, fərdi qruplarda bir nəfər 30, iki nəfərlik  qrupda isə 25 manatdır. Əfsanənin sözlərinə görə, kursun rəhbəri Katolik kilsəsinin ordinarisi Vladimirdir. O, kursa sadəcə səfirlər gələndə baş çəkir: “Çexiya, Almaniya, İspaniya, Polşa, İtaliya səfirləri və səfirlik əməkdaşları kursumuza baş çəkir, yardım edirlər. Kitab, dəftər və ya kommunal xərclərimizi ödəməkdə yardımçı olurlar. Müəllimlərimiz hamısı VÖEN-lə işləyirlər. İşçilərin hesabına kommunal xərci ödəyirik”.
 
Bəs ay ərzində kurs nə qədər kommunal xərc ödəməli olur?  Kursun işçisi deyir ki, bu zamanacan qazpulu aylıq 150-200, işıqpulu isə 100 manatdan aşağı olur: “Qış olduğu üçün otaqlarda kombilər yanır, 1-2 otaqda kombi işləmir deyə elektrik qızdırıcı taxırıq. Hər şeyə çarə var...”

Загрузка...
Загрузка...