SOCAR-da nurçu həbsləri başladı: daha kimlər gedəcək? - ÖZƏL

 
 
Türkiyədəki 15 iyul qiyamının ardınca Gülən şəbəkəsinin de-montaj olunması prosesi genişlənir
 
Politika.Az-ın əldə etdiyi səhih məlumata görə, “Hizmət” hərəkatı üzvlərinin Dövlət Neft Şirkətinə (SOCAR) ayaq açmış qanadı da məhv edilməyə başlanıb.
Artıq neçə gündür ki, SOCAR-ın Türkiyədəki ofisində fətullahçıların yerləşdirildiyi barədə həyəcan təbili çalınır. Media və ayrı-ayrı siyasi icmalçılar SOCAR rəhbərliyinə tədbir görülməsi barədə mesajlar ünvanlayırdı.
 
Şirkət isə nurçuların olması haqda iddiaları təkzib edirdi. Ancaq SOCAR-ın Türkiyədə iki əməkdaşı həbs olunub. Mənbənin qeydlərinə görə, həbslər dalğası davam edəcək və SOCAR-ın gülənçilərdən təmizlənməsi miqyası genişlənəcək.
 
Politika.Az xəbər verir ki, ötən ay saxlanılan Türkiyə “Petkim” neft-kimya kompleksinin keçmiş baş direktoru Sadəddin Qorqud barəsində həbs qərarı verilib.
İzmirdə Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdindən sonra açılan istintaq çərçivəsində saxlanılan 25 nəfər arasında onun da adı var. Dindirilmədən sonra 25 nəfərdən 13-ü “silahlı terror təşkilatı üzvü olmaq” ittihamı ilə həbs edilib.
 
Həbs edilənlər arasında SOCAR-ın iki azərbaycanlı əməkdaşı da var. Onlar SOCAR Türkiyənin baş direktor yardımçısı İlqar Mehmetoğlu və insan resursları şöbəsinin müdiri Raqif Fərəcovdur.
 
SOCAR əməkdaşı İlqar Mehmetoğlunun Gülənin adamı olması ilə bağlı Azərbaycan mətbuatında dəfələrlə məlumat verilmişdi. Amma SOCAR rəhbərliyi heç bir addım atmırdı. Görünür ki, vəziyyətin ciddiliyi nəzərə alınıb və nurçuların şirkətdən təmizlənməsinə start verilib.
 
Politika.Az-a daxil olan xəbərə görə, 15 iyul qiyamından sonra Azərbaycanda Gülənin təsisatlarının yerdə qalan hissəsi də sıradan çıxarıldı.
 
FƏTÖ-ya bağlı olduğu deyilən “Qafqaz” universiteti və “Zaman” qəzeti bağlandı. Təhsil müəssisəsi Ali Neft Akademiyasının nəzdinə verildi. Bu prosesin davamı olaraq SOCAR-da həbslər olacağı gözlənilən idi. Və nəhayət ki, nurçular de-şifrə olunur.
 
Mənbə bildirir ki, SOCAR-dakı fətullahçılardan biri də şirkətin Türkiyədəki baş hüquq müşaviri Fatih Yigitdir. O, Gülənin şəxsi həkiminin kürəkənidir və “SOCAR Turkey Energy” şirkətinin icraçı direktorunun birinci müavini olan Samir Kərimli üzərində güclü təsirə malikdir. Əgər təriqətin hansısa tələbi SOCAR-ın azərbaycanlı rəhbərlərinə çatdırılmalıdırsa, bunu Fatih Yigitin köməyi ilə edirlər.
 
SOCAR-ın Türkiyədə sahibi olduğu “Petkim” şirkətinin direktorlar şurasının rəhbəri olan Vaqif Əliyevin də təriqətin adamı olduğu iddia edilir. Onun fətullahçıların SOCAR-a yerləşdirilməsində mühüm rolunun olduğu bildirilir.
 
“SOCAR Turkey Energy” şirkətinin ictimaiyyətlə əlaqələr direktoru Ömer Adsız da Fətullah Gülən təriqətinə yaxındır. SOCAR-a məxsus “Star Rafineri” neft-kimya kompleksinin İngiltərə vətəndaşı olan direktoru Robert Storinin arvadının da bu təriqətə bağlı olduğu deyilir.
AKP hökumətinə bağlı qəzet daha sonra yazır ki, SOCAR-ın rəhbərliyində fətullahçılara bağlı olan daha bir neçə önəmli şəxslər də var və bu şəxslərin adları Ankara tərəfindən Bakıya bildirilib. Azərbaycan hakimiyyəti Türkiyə rəhbərliyinin istəyi ilə ölkədəki fətullahçı şəbəkəni zəiflətmək üçün bir sıra addımlar atıb, lakin bu təriqətin təsir imkanları hələ də qalır.
 
Bildirilir ki, Türkiyədə böyük investisiyalara malik olan SOCAR-da təşkilatlanmış fətullahçıların fəaliyyətinə son qoyulması Ankaranın Bakıdan əsas tələblərindən biridir. Bunların arasında Samir Kərimlinin adı xüsusi qeyd edilir.
 
Onun Fətullah Gülənə yaxın olmaqla bərabər ABŞ-la da sıx əlaqələri var. Samir Kərimlinin 2013-cü ildə SOCAR-ın gizli maliyyəsi ilə bir qrup Konqres üzvünün Bakıya səfərini təşkil edən fətullahçı Kemal Öksüzlə yaxın təmaslarının olduğu da bildirilir.