Səməd Vurğunun şər atılaraq sürgünə yollanan qohumu, Cümhuriyyət tələbəsi Vəkilov- TARİX

 
 
 
Gələn il tariximizin şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. 1918-ci ilin 28 may tarixində qurulan və Şərqin dövlətçilik tarixində böyük hadisəyə çevrilən Azərbaycan Cümhuriyyətinin 100 yaşının tamam olmasına cəmi bir neçə ay qalıb.
 
Moderator.az bu silsilədən olan silsilə yazılarına davam edir.
 
Bu dəfə barəsində danışacağımız şəxs Qazax rayonundakı məşhur Vəkilovlar nəslinin nümayəndəsi Mustafa ağa Vəkilovdur.
 
Azərbaycan Cümhuriyyəti parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən iclasında Bakı Dövlət Universitetinin təsis olunması və hökumətin təklifinə əsasən bu sahədə milli kadrların hazırlanması üçün 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etdi.
 
Mustafa ağa Vəkilov da həmin gənclərdən biri kimi, parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini hüquq sahəsində davam etdirmək üçün Paris Universitetinə göndərilib. Tale elə gətirdi ki, Vəkilov Bakıya qayıdanda artıq AXC süquta uğramışdı. Buna baxmayaraq, o zaman hüquq sahəsi üzrə magistr dərəcəsinə sahiblənən və bir neçə xarici dildə sərbəst danışan Vəkilov bolşeviklərə də lazım idi. Bu səbəbdən o, ədliyyə və hüquq sistemində məsul vəzifələrdə çalışır. 1935-ci ildə SSRİ-in konstutsiyasının türk mətninin redaktoru olur.
Elə həmin ildə dövlət və hüquq elmləri namizədi alimlik dərəcəsi alaraq, təsərrüfat-hüquq kafedrasının professoru olur. Beləliklə o, Azərbaycanda hüquq professor adını alan ilk azərbaycanlı kimi tarixə düşür.
Bütün bunlara baxmayaraq, 1937-ci ilin qanlı repressiyaları zamanı Vəkilov da şərlənəndən biri olur. Onu güllələməsələr də, gedər-gəlməzə yollayırlar. Mətbuatda bu barədə yazılır:
“1937-ci il repressiyaları Mustafa ağa Vəkilovdan da yan keçmədi. 1937-ci il noyabrın 21-i gecəsi Mustafa ağa Vəkilovun evində axtarış apararaq, onu həbs edirlər. Onun mənzilində Firudin bəy Köçərlinin (Badisəba bibisinin əri) Azərbaycanın müxtəlif regionlarından min bir əziyyətlə topladığı folklor nümünələri götürüldü. Mustafa Vəkilovun istintaqını XDİK DTİ 4-cü şöbəsi 6-cı bölməsinin operativ əməliyyat müvəkkili Haqverdiyev aparırdı.
 
Sorğu-suallar aylarca vaxt apardı. Anasının Tehranda yaşayan qardaşı ilə (Məmməd bəy Şıxlinskini nəzərdə tuturdular), siyasi baxışları ilə maraqlanırdılar. Rəsmən ona qarşı irəli sürülən ittiham isə bundan ibarət idi ki, Mustafa Vəkilov əksinqilabi millətçi təşkilatın üzvüdür, onu bu işə hüquq fakültəsinin keçmiş dekanı Məcid Quliyev cəlb etmişdi.
Onları tələbələr arasında əksinqilabi iş aparmaqda, onların beyninə Azərbaycanın əsarətdə olduğu, ölkənin sərvətlərinin talanıb aparıldığı, ruslaşdırma siyasəti yürüdüldüyü haqqında fikirlər doldurmaqda ittiham edir, lakin bunu sübut edə bilmirdilər. Ondan hər şeyi etiraf etməyi tələb edirdilər. İnstitutun bəzi müəllimlərindən onun əleyhinə alınan ifadələrdə göstərilirdi ki, guya Mustafa Vəkilovun mühazirələri qəlizdir, ruscadan bir kitab belə tərcümə etməyib, onun rəhbərliyi altında müdafiə edən Baratzadə dissertasiyasında burjua inqilabının rolunu düzgün izah etməyib, buna görə zalda olan tələbələr hay-küy salıblar, Vəkilov ictimai işlərə əhəmiyyət vermir, kütlələrdən qaçır, kafedraya yaxşı rəhbərlik etmir, zaçot vaxtı azərbaycanlı tələbələrə aşağı qiymət yazıb və onlar bundan narazı qalıblar və sair. Kamera yoldaşları onu “professor” deyə çağırırdılar. Mustafa dindirilərkən özünü mərdanə aparır, ittihamları cəsarətlə rədd edirdi...
 
İl yarım çəkən məşəqqətli məhbəs həyatından, heç nəyi sübut edə bilməyən üzücü istintaqlardan sonra Mustafa Vəkilov 1939-cu ilin martında edamlar, güllələnmələr dalğası ötdükdən sonra nisbətən yüngül cəza ilə canını qurtardı. 1941-ci il yanvarın 25-də XDİK yanında Xüsusi Müşavirədə Mustafa Vəkilova antisovet-millətçi təşkilatda iştirakına görə cəzasını islah-əmək düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Taleyin acı istehzasından Mustafa Vəkilov sürgün vaxtını bitirsə də, azad olub vətənə dönə bilmir. Onun son məktubunu ürək ağırısı olmadan oxumaq mümkün deyil: ”Əzizim Müqəddənisə! Təzə gətirildiyim yerdən sənə ikinci məktubumu yazıram. Birinci məktubun çatıb-çatmadığını bilmirəm. Buraya sürgün müddətinin bitdiyi səbəbincə azad edilmək üçün çağırılmışdım. Lakin son dəqiqədə elan etdilər ki, müharibə bitdikdən sonra azad ediləcəyəm. Mustafa...”
 
Lakin təəssüflər olsun ki, M.Vəkilov 1943-cü il aprelin 30-da sürgündə vəfat edib.
 
Elmin Nuri

Загрузка...
Загрузка...